Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:42

NATO üzvlərinə Rusiyanın dron və raketlərini vurmaq üçün Ukraynaya yardım çağırışları artmaqdadır


Rumıniya hava məkanını qısa müddətə pozan dronların trayektoriyasını izləmək üçün iki qırıcı təyyarəni havaya qaldırıb.
Rumıniya hava məkanını qısa müddətə pozan dronların trayektoriyasını izləmək üçün iki qırıcı təyyarəni havaya qaldırıb.

Hər ikisi NATO üzvü olan Rumıniya və Latviya bu yaxınlarda Rusiya hərbi dronlarının onların hava sahələrini pozduğunu bildirib. Onlardan heç biri buna hərbi cavab verməsə də, Rumıniyanın hərbi təyyarələri dronları izləyib.

Rumıniya hökuməti sonradan Rusiya dronu parçalarının Rumıniya-Ukrayna sərhədində yerləşən Periprava kəndinin kənarlarından tapıldığını, Latviya isə dronların ölkənin hava sahəsinə Belarusdan daxil olduğunu və Rezekne ərazisində yerə düşdüyünü bildirib.

Rusiyanın müharibəyə başladığı 2022-ci ilin fevralından bəri tək-tək hallarda olsa da, çoxunun Rusiyaya aid olduğu düşünülən dron və raketlər vaxtaşırı qonşu ölkələrin ərazisinə keçir. Bunların arasında Polşa, Bolqarıstan, Rumıniya, Xorvatiya və artıq Latviya da var.

Özəlliklə Rumıniya belə hallardan çox əziyyət çəkib. Ukrayna ilə 650 kilometrlik sərhədi olan Rumıniyanın Ukraynanın Dunay çayı sahilindəki limanlarından cəmi bir neçə yüz metr aralıda yerləşən ərazisi var. Rusiya dron və raketləri bu əraziyə düşür.

Hava və dron zərbələrinin sıxlığı artır

Əlbəttə, bu, Ukraynanın özünə dəyən zərbələrlə müqayisəyə belə gəlmir. 2022-ci ilin əvvəllərindən bəri Rusiya Ukraynaya 15 min hava və dron zərbəsi endirib. Bu zərbələrin sıxlığı ötən ilin ortalarından bəri kəskin artıb.

Kiyev İqtisadiyyat Məktəbinin ən son hesablamasına görə, Rusiyanın hər gün Ukraynaya endirdiyi raket və dron zərbələri mülki infrastruktura artıq, ən azı, 155 milyard dollarlıq ziyan vurub.

Rusiyanın hücumu minlərlə dinc ukraynalının ölümünə, şəhərlərin dağıdılmasına və milyonlarla insanın öz evlərindən didərgin düşməsinə yol açıb.

Ukraynada dronlar cəbhə xəttində keşik çəkir
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

AzadlıqRadiosunun əməkdaşı Toni Veselovskinin hazırladığı məqalədə deyilir ki, Qərbin Rusiya raket və dron hücumlarına daha güclü cavab verməsinə çağıran ən yüksək vəzifəli Qərb siyasətçisi Polşanın xarici işlər naziri Radek Sikorskidir. Sikorski bu yaxınlarda Britaniyanın "The Financial Times" qəzetinə verdiyi müsahibədə Polşanın Rusiya raketlərini Ukrayna üzərində vurmağa "borclu" olduğunu deyib. NATO belə çağırışları rədd edib.

"Rusiya Ukraynaya tammiqyaslı hücum başladandan bəri onun dron və raketlərinin parçaları bir neçə dəfə müttəfiq dövlətlərin ərazilərində tapılıb. Bunlar məsuliyyətsiz və potensial olaraq təhlükəli hərəkətlərdir", - adının çəkilməsini istəməyən bir NATO rəsmisinin AzadlıqRadiosuna yazılı açıqlamasında dilə gətirdiyi sözlərdir.

"Bir şey aydındır ki…"

"Biz hər bir müttəfiqin öz hava sahəsini qorumaq hüququnu tanısaq da, ayrı-ayrı müttəfiqlərin Ukraynanı dəstəkləyici hərəkətləri bütövlükdə NATO üçün önəm daşıya bilər. Müttəfiq dövlətlər ərazilərinin mühafizə və müdafiəsi istiqamətində növbəti addımlarla bağlı məsləhətləşmələri davam etdirəcəklər. Bir şey aydındır ki, NATO münaqişənin tərəfi olmayacaq", - həmin NATO rəsmisi belə deyib.

Ancaq bəzi hərbi təhlilçilər Ukrayna səmasında dron və raketləri vurmaq, eləcə də hava təhdidlərini önləmək üçün Kiyevə yardımın eskalasiya demək olmadığını iddia edirlər. Onların fikrincə, bunu etməmək sadəcə Rusiya prezidenti Vladimir Putini cəsarətləndirməyə yarayıb.

Ben Hoces
Ben Hoces

"Rusiya o qədər çox yerdə bizə basqı edib ki, üstəlik, bizim heç nə etməyəcəyimizə get-gedə daha çox arxayın olub. Ukraynaya qalib gəlməkdə kömək etmək və günahsız insanları qorumaq üçün daha fəal addımlar atmağın vaxtı çoxdan keçib", - təqaüddə olan ABŞ general-leytenantı və ABŞ Ordu Qüvvələrinin Avropadakı keçmiş komandiri Ben Hocesin (Ben Hodges) AzadlıqRadiosuna söylədiyi sözlərdir.

"Bütün ölkələrin özünü qorumaq, habelə hava, quru və dəniz sahələrinə nəzarət etmək üçün tam hüququ var. Çin və Rusiya vaxtaşırı bu sahələri pozur. Beynəlxalq hüquqa görə, dövlətlərin öz hava sahələrində müəyyən olunmamış qurğuları vurub salmaq hüququ var", - ABŞ Ordusu piyada qüvvələrinin istefada olan polkovniki, hazırda Vaşinqtonda yerləşən Avropa Siyasət Təhlili Mərkəzinin (CEPA) baş araşdırıcısı Aleksandr Krauter (Alexander Crowther) AzadlıqRadiosuna belə deyib.

Qərb, özəlliklə ABŞ Qərbin verdiyi raketlərdən Ukraynanın Rusiya ərazisindəki hədəfləri vurmaq üçün istifadə etməsinə icazə verib-verməmək haqda düşünür. Rusiyanınsa İrandan daha çox ölümcül raketlər aldığı haqda xəbərlər var.

Fredrik Vesslau
Fredrik Vesslau

İsveçli keçmiş diplomat, Stokholm Şərqi Avropa Araşdırmaları Mərkəzinin tədqiqatçısı Fredrik Vesslau (Fredrik Wesslau) bu yaxınlarda ABŞ-nin "Foreign Affairs" jurnalında dərc olunan məqaləsində NATO-nun öz şərq cinahını qorumasına və Ukraynanın qərbini hava müdafiəsi ilə təmin etməsinə dair təkliflərini verib. O, "Patriot" sistemləri, "F-16" təyyarələri kimi quru və hava silahlarının Polşa, Slovakiya və Rumıniyanın Ukrayna ilə sərhəd ərazilərindəki strateji məntəqələrə yerləşdirilməsini və onlardan bu müttəfiqlərin ərazilərinə daxil olan Rusiya dron və raketlərini vurmaq üçün istifadə edilməsini təklif edir. Təkliflərdə Rusiya dron və raketlərinin müttəfiq dövlətlərin ərazisinə doğru hərəkət edərkən, ancaq hələ Ukraynanın hava sahəsində ikən vurulması da nəzərdə tutulur.

"NATO Rusiya ilə qarşıdurmaya girmək istəmir, ancaq…"

"Mən anlayıram ki, NATO Rusiya ilə qarşıdurmaya girmək istəmir, ancaq ayrı-ayrı dövlətlər öz hava sahələrini qoruya bilər. NATO üzvü Türkiyənin 2015-ci ildə onun hava sahəsini pozan bir Rusiya təyyarəsini vurduğunu yadınıza salın", - Krauterin sözləridir. O zaman Putin bu insidenti "arxadan vurulan bıçaq zərbəsi" adlandırmışdı.

"Baxın, məncə, biz reaksiya vermədikcə risk böyüyür. …Axı apaydındır ki, Rusiya …sınayır və cavab görməyəndə bir az da dərinə gedir. Bu da bəlli anlamda … eskalasiya təhlükəsini artırır", - Vesslau fikrini belə əsaslandırır.

XS
SM
MD
LG