Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:40

Putin Orbana nə deyib? Şarl Mişelə məktub yayılıb


Viktor Orban və Vladimir Putin Moskva görüşündən sonra mətbuat konfransına gəlirlər
Viktor Orban və Vladimir Putin Moskva görüşündən sonra mətbuat konfransına gəlirlər

Ukrayna prezidenti Volodimir Zelenski iyulun 8-də deyib ki, Macarıstanın baş naziri Viktor Orban Rusiyanın təcavüzünə son qoyulmasında vasitəçi ola bilməz. Orban həmin gün Pekinə, özünün dediyi kimi, "sülh missiyası 3.0" çərçivəsində səfər edib,

Macarıstan iyulun 1-də Avropa İttifaqı (Aİ) Şurasının prezidentliyinə keçəndən sonra Kiyev və Moskvaya da gedib. Amma Aİ və ABŞ rəsmiləri onun bloku təmsil etmədiyini deyiblər.

İyulun 5-də Aİ prezidenti Şarl Mişelə məktubunda Orban Rusiya prezidenti Vladimir Putinlə danışıqlarından yazıb. Orban yazır ki, indi atəşkəs və sülh danışıqları üçün yol xəritəsindən ötrü bütün mümkün təkliflərin müsbət qəbuluna daha böyük şansın olduğuna inanır.

Ancaq Ağ Ev Milli Təhlükəsizlik Şurasında aparıcı müşavir Mayk Karpenter Orbanın Putinlə görüşünün faydalı olmayacağını deyir.

"Məncə, Orbanın Moskva səfərinin Ukraynaya, onun sülhü tapmasına, suverenliyi və ərazi bütövlüyünün bərpası səylərinə köməyi dəyməyəcək", - Karpenter iyulun 8-də bir brifinqdə söyləyib.

Aİ-nin bəyanatı, Zelenskinin gözləntisi

Mişel ötən həftə deyirdi ki, Aİ-nin rotasiyalı prezidentliyinin Aİ adından Rusiya ilə işləməyə mandatı yoxdur. O, Rusiyanın Ukraynaya qarşı müharibədə təcavüzkar olması barədə Aİ-nin mövqeyini bir daha dilə gətirib.

Orban məktubunda iddia edir ki, ABŞ rəhbərliyi prezident seçkisi kampaniyası səbəbindən "məhduddur". Bu səbəbdən gələn aylarda Aİ ABŞ-dən heç bir təklif gözləyə bilməz və Brüssel Avropa təşəbbüsünü işə salmaq barədə düşünməlidir.

Polşada mətbuat konfransında çıxış edən Zelenski isə bildirib ki, yalnız Rusiyadan daha güclü silahlı qüvvələri olan ölkələr sülh danışıqları təşkil edə bilərlər.

"Dünyada çoxmu belə ölkə var? Çox deyil. İnanıram ki, ABŞ və Çin belə ölkələrdəndir. Və Aİ, tək bir ölkə yox, Aİ bütünlükdə. Bu, gerçək vasitəçi missiyası olardı", -- Zelenski vurğulayıb.

Putin deyir ki, müharibəni bitirmək üçün şərtlərə Kiyevin NATO-ya üzvlük arzusundan, eləcə də Krım və Ukraynanın işğal olunmuş dörd vilayətindən əl çəkməsi daxildir.

Orban Mişelə məktubunda yazır ki, o, hər hansı təklif irəli sürməyib, Aİ Şurası, yaxud Aİ adından hər hansı fikir səsləndirməyib.

Vaxt kimin tərəfindədir?

Orban qeyd edir ki, Putinin cəbhə xəttindəki vəziyyətlə bağlı dedikləri Zelenskinin dediyindən ciddi fərqlənir.

Rusiya lideri inanır ki, vaxt Ukraynanın xeyrinə işləmir, Rusiya qüvvələrinin tərəfindədir. Putin müharibədə Rusiyanın itkilərindən danışmayıb. Ancaq onu deyib ki, Rusiya Ukraynanın hər ay 40 mindən 50 minədək hərbçisinin öldüyünü, yaxud yaralandığını hesablayıb.

Ona görə də Putin Orbana Zelenskinin müvəqqəti atəşkəsdən imtinasından təəccübləndiyini deyibmiş. "Rusiya Ukrayna qüvvələrinin gizli relokasiyası, yaxud yenidən təşkilinə xidmət etməyən istənilən atəşkəs təklifini nəzərdən keçirməyə hazırdır", - Orban məktubunda yazır.

Ukrayna itki sayını açıqlamır. Amma Zelenski fevralın 25-də demişdi ki, o vaxtadək müharibədə 31 min ukraynalı hərbçi həlak olub.

XS
SM
MD
LG