Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:33

Ekspert: Xeyli ac insan avtoritar liderlərə üz tuta bilər


Taxıl əkənlər hökumətdən gübrə və su üçün kömək istəyirlər
Gözlə

No media source currently available

0:00 0:04:54 0:00

Taxıl əkənlər hökumətdən gübrə və su üçün kömək istəyirlər

Rusiyanın Ukraynanı işğal etməsi qlobal ərzaq zəncirini pozub, ərzağı bahalandırıb, Yaxın Şərqin böyük hissəsində və Afrikanın bəzi yerlərində yoxsulluğu dərinləşdirib.

Hər iki ölkə kənd təsərrüfatı məhsulları ixracatçılarıdır. Dünya İqtisadi Forumu xəbərdarlıq edib ki, ərzaq, yanacaq və maliyyə böhranları kasıb ölkələrdə itaətsizliyi alovlandıra, bəzilərini defolta sürükləyə bilər.

AzadAvropa/AzadlıqRadiosunun müxbiri Reyd Stendiş bu müharibənin təsirlərinin miqyası haqda ABŞ-ın keçmiş rəsmisi, hazırda “Corus International” qlobal yardım təşkilatının prezidenti Daniel Spekhard ilə söhbət edib. Spekhard vaxtilə ABŞ-ın Belarus və Yunanıstanda səfiri, NATO Baş katibinin siyasi məsələlər üzrə köməkçisinin müavini postlarında çalışıb.

Nüvə dövləti

Ukrayna müharibəsi Vaşinqtondakı siyasətçilərin Moskvaya münasibətini dəyişibmi? Spekhard deyir ki, Rusiyanın nüvə dövləti olması onun dünyada əhəmiyyətli mövqeyini saxlayır və onu daha da təhlükəli edir. “Məncə, Vaşinqtonda, digər Qərb paytaxtlarında, hətta Pekində durumun daha təhlükəli olmasından narahatdırlar, çünki vəziyyəti sürətlə gərginləşə bilər”, – o söyləyir.

BMT-nin hesablamasına görə, dünyada 48 milyona yaxın insan fövqəladə aclıq həddindədir, bu isə kəskin pis qidalanmaya, aclığa, hətta ölümə aparır.

“Martdan bəri, məhz Ukraynadakı müharibə üzündən daha 70 milyon nəfər ərzaq çatışmazlığı və təchizatın pozulması səbəbindən yoxsulluğa sürüklənib”, – Spekhard sözlərinə əlavə edib.

Məsələn, Livanda bir qallon (4.5 litr) bitki yağı bir aylıq maaşa bərabərləşə bilər.

Potensial təhlükəsizlik böhranları

Spekhard aclığın siyasi, potensial təhlükəsizlik böhranlarına səbəb ola biləcəyini istisna etmir. Çünki insanlar ac olanda, iqtisadiyyatlar iflasa yaxınlaşanda, – özəlliklə də onsuz da iqtisadi və ətraf mühit pozuntularından əziyyət çəkən ölkələrdə, – əhali ölüm-dirim arasında qalır, ümidini itirir.

“Bu, siyasi çevrilişə, təhlükəsizliyin pozulmasına səbəb olur. Təhlükəsizliyin pozulması isə dünyada terrorçuluq və zorakılığa rəvac verir, etniklərarası və tayfalararası münaqişələr yaradır. Dünyanın 53 ölkəsində təxminən 200 milyon nəfərin kəskin ərzaq təhlükəsi ilə üzləşdiyini bilməliyik. Bunun Yaxın Şərq və Afrika Sahelində nələrə səbəb olacağı böhranın domino effektini göstərəcək, təkcə humanitar deyil, siyasi və təhlükəsizlik problemlərini üzə çıxaracaq”, – o söyləyir.

Bəzi təhlilçilər və Ukrayna rəsmiləri bunu Moskvanın məqsədli strategiyası hesab edirlər.

Spekhard bunu üçüncü dərəcəli strategiya hesab edir. Çünki Rusiyanın fundamental, mərkəzi strateji hədəfi Ukraynadır, ancaq Qərbi suçlamaq üçün bütün bu pozuntulardan nəhəng propaqanda maşınının hədəfi kimi istifadə edirlər.

“Bu gərginlik hökumətləri zəiflədəcək”

“Digər baxış bucağı ondan ibarətdir ki, bu gərginlik hökumətləri zəiflədəcək və cavab axtaran xeyli ac insan onları qoruya biləcəyini deyən avtoritar liderlərə üz tuta bilərlər. Moskva özəlliklə Afrikada avtoritar rejimlərlə əlaqələri dərinləşdirir, təhlükəsizlik və iqtisadi yardım göstərir. Onillərdir bu oyunu oynayırlar, yeni imkanlar açıldıqca sürətlənəcəyini gözləyirəm”, – Spekhard vurğulayır.

Beynəlxalq ictimaiyyət bu böhranın aradan qaldırılmasına necə kömək edə bilər? Təhlilçi, böhranın BMT, Dünya Bankı, G20, digər təşkilatlarda geniş miqyasda tanınmasını, Rusiyaya təzyiqin gücləndirilməsini vacib sayır.

Spekhard Türkiyənin timsalında digər ölkələrin də böhranın həllinə töhfə verməsinə fürsətin olduğunu vurğulayır. Türkiyə BMT ilə birlikdə Ukrayna limanlarından taxıl gəmilərinin çıxması üçün münaqişə tərəfləri arasında razılaşmaya nail olub. Artıq Qara dəniz limanlarından 14 gəmi çıxıb.

XS
SM
MD
LG