Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:19

Putinlə Ərdoğan görüşür. Ukraynanın müdafiə naziri istefa verir


Arxiv fotosu
Arxiv fotosu

Ukraynanın Müdafiə naziri Aleksey Reznikov istefa ərizəsini Ali Radaya təqdim etdiyini bildirib. O, sosial şəbəkələrdə sənədin fotosunu yayıb.

“Son 22 ay ərzində – müasir Ukrayna tarixinin ən ağır vaxtında Ukrayna xalqına xidmət etmək, Ukrayna ordusunda işləməkdən şərəf duyuram”, – Reznikov istefa ərizəsində yazıb.

The New York Times” mənbələrə istinadla yazır ki, Reznikovun istefası Rusiya ilə uzanan hərbi münaqişə ilə bağlıdır.

+++

Sentyabrın 4-də səhər Rusiya Ukraynanın cənubi Odessa vilayətində böyük taxıl ixracı limanına dron zərbəsi endirib. Anbarlara və emal binalarına ziyan dəyib. Bütün bunlar Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlarından bir neçə saat öncə baş verib. Ərdoğan Ukrayna taxılının Qara dənizdən ixracı sazişini dirçəltməyə ümid edir.

Ukrayna havadan müdafiə qüvvələrinin Rusiyanın 17 dronunu vurduğu bildirilir. Məlumatı Odessa vilayətinin qubernatoru Oleq Kiper verib. O, insan itkisi olmadığını deyib.

Kiperin Telegram-da yazdığına görə, İzmayil vilayətində bir neçə yaşayış məntəqəsində anbarlar, istehsal binaları, kənd təsərrüfatı texnikası, sənaye müəssisələrinin avadanlığına ziyan dəyib.

Rusiya sentyabrın 3-də Dunay çayı sahilindəki Reni limanını da hədəfə alıb, azı iki nəfər xəsarət alıb, limanın infrastrukturuna ziyan dəyib.

BMT-nin vasitəçiliyi ilə əldə olunmuş, Qara dənizdən taxıl ixracına imkan verən saziş iyulda iflas edib. O vaxtdan Dunay Ukraynanın əsas taxıl ixracı marşrutuna çevrilib.

Rusiya isə həmin vaxtdan bəri Ukraynanın cənubundakı Odessa və Mikolayev vilayətlərinə hücumları artırıb. Taxıl əsasən buradakı limanlar və infrastruktur vasitəsilə ixrac olunur.

Moskva sazişdən çıxmasını Qərbin Rusiyaya sanksiyalarının onun ərzaq və gübrə ixracına yaratdığı əngəllərlə əsaslandırıb.

33 milyon ton taxıl ixrac olunub

Ərdoğanın da vasitəçilik etdiyi saziş ötən yaydan bəri Ukraynadan taxıl ixracının davam etməsinə səbəb olub. Böyük taxıl istehsalçısı olan Ukrayna 2022-ci ilin yayından bəri dəniz vasitəsilə 33 milyon tona yaxın taxıl və digər kənd təsərrüfatı məhsulu ixrac edə bilib ki, bu da qlobal təchizat zəncirini təmin edib.

Ərdoğanın baş xarici siyasət və təhlükəsizlik müşaviri Akif Çağatay Kılıc Rusiyanın Soçi kurort şəhərində sammitdə “taxıl sazişinin indiki statusu”nun müzakirə olunacağını deyib.

“Ehtiyatlıyıq, ancaq həm də uğur qazanacağımıza ümid edirik. Burada aparıcı rol oynayırıq”, – Kılıc “A Haber” telekanalına bildirib.

Ərdoğan Moskvanı blokadanı qaldırmağa çağırır, bu sazişin qlobal ərzaq sabitliyi, Qara dəniz regionunda təhlükəsizliyin təminatı üçün vacib olduğunu vurğulayır.

Reznikovu Umerov əvəzləyə bilər

Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə nazirinin dəyişdirildiyini bəyan edib. Aleksey Reznikovu bu postda Dövlət mülkiyyəti fondunun başçısı Rustem Umerov əvəzləyə bilər. Ancaq təyinatı parlament təsdiqləməlidir.

“Aleksey Reznikov 550 gündən çox çəkən tammiqyaslı müharibədə bu postu tutub. Fikrimcə, nazirliyə həm hərbçilər, həm də ümumilikdə cəmiyyətlə qarşılıqlı əlaqələrin yeni yanaşmaları, fərqli formatları lazımdır”, – Zelenski qərarını belə izah edib.

Bu qərardan öncə nazirlikdə, eləcə də rəsmən ona tabe olmayan hərbi komissarlıqlarda bir neçə korrupsiya qalmaqalları baş verib.

41-yaşlı Umerov Özbəkistanda, deportasiya olunmuş Krım tatarlarının ailəsində doğulub. O, bir neçə investisiya fondunun direktoru olub, 2019-cu ildə Ali Radaya seçilib. 2022-ci ildə hərbi müdaxilə başlayandan Ukraynanın Rusiya ilə danışıq qrupuna daxil olub.

“Forbes” jurnalının Ukrayna redaksiyasının məlumatına görə, Reznikov istefadan sonra Ukraynanın Böyük Britaniyadakı səfiri olacaq. Nəşrin mənbələrinin məlumatına görə, təyinat Zelenski ilə razılaşdırılıb. Ancaq hələlik, rəsmən təsdiqlənməyib.

XS
SM
MD
LG