Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:19

Ukraynanın Krım körpülərinə zərbələr endirdiyi xəbər verilir


Çonqar körpüsü raket zərbəsindən sonra
Çonqar körpüsü raket zərbəsindən sonra

Ukrayna ordusu Krım yarımadasını Xerson vilayəti ilə birləşdirən körpülərə raket zərbələri endirib.

Bu barədə məlumatı Xerson vilayəti işğal administrasiyasının başçısı Vladimir Saldo teleqram kanalında verib.

Saldo yazır ki, körpülərin yol örtüyünə ziyan dəyib, lakin xəsarət alan olmayıb:

“Xerson vilayəti ilə Krım arasında nəqliyyat əlaqəsi kəsilməyib. Avtomobil nəqliyyatının hərəkəti ehtiyat marşrutlarla təşkil edilib”.

Saldo iddia edir ki, zərbələr Britaniya istehsalı Storm Shadow raketləri ilə endirilib. TASS üzərində fransız yazıları olan qəlpələrin aşkar olunduğunu bildirib.

“Biz Rusiya iləyik” hərəkatının sədri və Zaporojye vilayətinin hərbi-mülki işğal administrasiyasının üzvü Vladimir Roqov dəqiqləşdirib ki, birinci raket zərbəsi Çonqar körpüsünü vurub. İkinci zərbə Sivaş çayı üzərindəki körpünü tutub.

İlhaq edilmiş Krımın “başçısı” Sergey Aksyonov xəbər verir ki, zərbə gecə vaxtı endirilib:

“Hazırda partlayış texniklərimiz sursatın tipini müəyyənləşdirmək üçün ekspertiza keçirirlər. Profil xidmətləri yol zolağının müayinəsinə başlayıblar”.

Ukraynanın UNIAN agentliyi Krım sosial şəbəkə istifadəçilərinə istinadla yazır ki, Çonqar körpüsü ilə maşınların hərəkəti dayanıb. Avtomobillər körpüyə çatmamış geri dönürlər.

BBC-nin Rus xidməti bildirir ki, Çonqar körpüsü Krımdan Melitopola və cənub cəbhəsinin başqa yerlərinə ən qısa marşrutdur. Burada hazırda Ukrayna ordusu hücuma keçməyə cəhd göstərir.

Şoyquya cavab?

Bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan etmişdi ki, Ukrayna Silahlı Qüvvələri Krım da daxil Rusiya ərazilərinə HIMARS və Storm Shadow raketləri ilə zərbələr endirməyi planlaşdırır:

"Belə raketlərdən xüsusi hərbi əməliyyat (Moskva müharibəni belə adlandırır-red) zonasından kənarda istifadə edilməsi ABŞ və Britaniyanın münaqişəyə birbaşa cəlb olunması kimi qiymətləndiriləcək və yubadılmadan Ukrayna ərazisində qərarların qəbul edilməsi mərkəzlərinə zərbələr endirilməsinə yol açacaq”.

Şoyqu və başqa Rusiya rəsmiləri “xüsusi hərbi əməliyyat zonasının” nə demək olduğunu izah etmirlər.

Ukraynanın YouTube kanalları iyunun 22-də endirilmiş raket zərbələrinin Şoyqunun bəyanatına “cavab” olduğunu deyirlər.

Rusiya Ukrayna şəhərlərinə zərbələri davam etdirib

Bu arada Rusiya qüvvələri Ukrayna şəhərlərinə yeni raket və dron zərbələri endirib.

Ukrayna hərbiyyəsi xəbər verir ki, bu zərbələr zamanı yenə də mülki infrastruktur obyektləri hədəflənib.

Bu da xəbər verilir ki, ölkənin şərqindəki Donetsk regionunda qızğın döyüşlər davam edir.

Ukrayna hava hücumundan müdafiə qüvvələrinin baş qərargahı bildirir ki, İran istehsalı olan dronların hamısı vurulub, amma buna baxmayaraq mülkilər arasında ölənlər və xəsarət alanlar var.

Ukrayna Silahlı Qüvvələrinin baş qərargahı bildirib ki, Rusiya Ukrayna şəhərlərinə Kinjal hipersonik raketləri də daxil 44 raket atıb və 47 raketlə yaylım atəşləri açıb.

Odessa regionunun hərbi administrasiyası bildirir ki, cənubi Ukrayna üzərində üç dron vurulub, amma başqa dronlar mülki obyektlərə kiçik ziyan vurub.

“Qismən uğur”

Donetsk regionunun başçısı Pavlo Kirilenko deyib ki, Rusiyanın artilleriya atəşləri nəticəsində Çasov Yar məntəqəsində bir mülki ölüb və 6 nəfər xəsarət alıb.

Krivoy Roq, Dnepropetrovsk, Xerson və Xarkov vilayətlərinin rəhbərləri bildiriblər ki, bu ərazilər də iyunun 22-ə keçən gecə atəşə tutulub. Xarkovda bir nəfər yaralanıb.

Ötən ayın əvvəllərindən bəri Rusiya Ukrayna boyunca hava zərbələrini intensivləşdirib. Bunun nəticəsində dinc sakinlər həlak olub və mülki obyektlərə ziyan dəyib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, Donetsk vilayətində “ağır döyüşlər” gedir.

Burada, Baxmut, Avdiyivka, Liman və Maryinka istiqamətlərində Ukrayna ordusu Rusiya qüvvələrinin 40 həmləsini dəf edib.

Baş Qərargah Ukrayna ordusunun Donetsk vilayətinin cənubunda “qismən uğurlar” qazandığını bildirir.

Ukrayna ordusu daha bir kəndi azad etdi: Strateji əhəmiyyətli şəhərə yol açıldı
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

“Bu Hollivud filmi deyil”

Bu da xəbər verilir ki, iyunun 22-də Ukrayna qüvvələri Zaporojye və Xerson vilayətlərinin cənubunda hücum əməliyyatlarını davam etdiriblər.

Ukraynanın baş naziri Denis Şmıhal bildirib ki, “əks-hücuma bir qədər vaxt lazım gələcək”.

Şmıhal Londonda Ukraynanın bərpasına həsr olunmuş beynəlxalq konfransın əsnasında bildirib ki, o Ukraynanın hərbi əməliyyatının uğurlu olacağına dair nikbindir.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski demişdi ki, “əks-hücum gözlənildiyindən yavaş olub, lakin Kiyevə sürətin artırılması üçün təzyiq göstərmək lazım deyil”:

"Bəziləri düşünürlər ki, bu, Hollivud filmidir və onlar dərhal nəticə gözləyirlər. Halbuki söhbət insanların həyatından gedir”.

Zelenski iyunun 22-də bunu da deyib ki, Ukrayna kəşfiyyatının məlumatına görə Rusiya Zaporojye AES-də nüvə şüalanmasına səbəb olacaq insident planlaşdırır.

Kreml Zelenskinin bu iddiasını “növbəti yalan” kimi rədd edib.

XS
SM
MD
LG