Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:24

‘Təfəkkür’ün tələbələri başqa universitetlərə köçürüləcək


Təfəkkür Universiteti
Təfəkkür Universiteti

“Təfəkkür” Universitetinin tələbələri başqa ali təhsil ocaqlarına köçürüləcəklər. Universitet rəhbərliyi buna etiraz etsə də, artıq qüvvəyə minmiş məhkəmə qərarı var. İyulun 24-də Bakı Apellyasiya Məhkəməsi buna qərar verib.

Bu qərar Təhsil Nazirliyinin iddiasına əsaslanıb. Nazirliyin iki tələbi olub:

“Təfəkkür”ün fəaliyyəti qanunsuz sayılsın, bir də universitet rəhbərliyinin üzərinə tələbələrin köçürülməsi barədə nazirliyin əmrini icra etmək öhdəliyi qoyulsun”.

2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddianın yalnız tələbələrin köçürülməsi bölümünü təmin edib. “Təfəkkür”ün rəhbərliyi bundan narazı qalaraq, apellyasiya şikayəti versə də, nəticəsi olmayıb.

“Təfəkkür” rəhbərliyi fikrini dəyişib

“Təfəkkür”ün bağlanması, universitet tələbələrinin köçürülməsiylə bağlı proses 3 il öncə başlanıb. İş materiallarından aydınlaşır ki, bunun təşəbbüskarı elə sonradan fikrini dəyişən “Təfəkkür” rəhbərliyi olub.

Universitetin rektoru 2016-cı ilin oktyabrında Təhsil Nazirliyinə məktubunda yazıb ki, sentyabrın 29-da universitetin Təsisçilər Şurasının iclası keçirilib. İclasda qərar verilib ki, bu ali təhsil ocağının maliyyə durumunda yaranmış problemlərlə əlaqədar fəaliyyəti dayandırılsın.

Məktubda universitetin öz əməkdaşlarıyla bağladığı əmək müqavilələrinin tədris ilinin sonunda bitəcəyi, bu səbəbdən təhsil ocağının 2017-ci ilin iyulunda fəaliyyətini dayandıracağı da bildirilib.

Bu məktubdan sonra Təhsil Nazirliyi 12 yanvar 2017-ci ildə “Təfəkkür”lə bağlı əmr imzalayıb.

Həmin əmrdə “universitetin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə işçi qrupunun yaradılması”ndan söhbət gedib.

Əmrə əsasən, “Təfəkkür” tələbələrinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında topladıqları bal və ixtisasları nəzərə alınmaqla, onların başqa təhsil ocaqlarına yerləşdirilməsinə dair təkliflər hazırlanmalı və Təhsil Nazirliyinə təqdim edilməliydi. Tələbələrlə bağlı bütün sənədlər də nazirliyə göndərməliydi.

Təhsil Nazirliyi əmrin icrasını tələb etsə də, “Təfəkkür” rəhbərliyi bununla razılaşmayıb və həmin əmrin ləğvi üçün məhkəməyə üz tutub. Təxminən bir il sürən çəkişmədən sonra universitetin rektor əvəzi İlham Musayev məhkəməyə üz tutaraq, iddia ərizəsinin geri qaytarılmasını istəyib. Ötən il oktyabrın 5-də 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsi iddianı geri qaytarıb.

“İslahatlara mane olur”

Bununla belə “Təfəkkür”lə Təhsil Nazirliyi arasındakı problemlər yenə çözülməyib. Nazirlik məhkəməyə müraciət edərək, bu universitetin fəaliyyətinin qanunsuz sayılmasını və üzərinə əmrin icrası öhdəliyinin qoyulmasını istəyib.

“Bu cür davranış ali təhsil sahəsində respublikada aparılan islahatlara və təhsil siyasətinin həyata keçirilməsinə mane olur. Universitetdən digər ali məktəblərə köçürülən tələbələrin şəxsi işləri verilmədiyindən, onların təhsil almaq hüququ ciddi şəkildə pozulur”, - nazirliyin iddia ərizəsində belə yazılıb.

“Təfəkkür” universitetinin nümayəndəsi İradə Dünyamalılı nazirliyin iddiasının əsassız olduğunu deyərək, onun təmin olunmamasını məhkəmədən xahiş edib: “Təhsil Nazirliyinin 12 yanvar 2017-ci il tarixli əmri qanunsuzdur və icra oluna bilməz”.

Məhkəmə əmrin icrası məsələsində Təhsil Nazirliyinə “hə” desə də, universitetin fəaliyyətinin qanunsuz sayılması tələbini haqlı bilməyib.

Qərarda da yazılıb ki, “hazırda buna heç bir əsas yoxdur. Nəzərə alınmalıdır ki, Elm-Təhsil Mərkəzi “Təfəkkür” Universiteti müvafiq qaydada qeydiyyatdan keçmiş və icazə (lisenziya) almış təhsil müəssisəsi kimi fəaliyyət göstərir”.

AzadlıqRadiosu-nun “Artıq qüvvəyə minmiş məhkəmə qərarı var, bundan sonra universitetin tələbələrinin taleyi necə olacaq” sualına “Təfəkkür”dən konkret cavab verilməyib. Sadəcə bildirilib ki, universitetin hüquqi fəaliyyətinə əsas verən lisenziyanın müddəti başa çatmayıb və “Təhsil Nazirliyinin verdiyi bu sənəd qüvvədədir”.

XS
SM
MD
LG