Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:41

Türkmənistanda hakimiyyət dəyişikliyi planı?


Sərdar Berdiməhəmmədov Lebapda süni bazarda
Sərdar Berdiməhəmmədov Lebapda süni bazarda

Türkmənlərin çoxu aylardır avtoritar hökumətin başında gözlənən siyasi dəyişiklikdən danışırlar. Dövlətin nəzarətində olan media isə Sərdarın “düha”sını müzakirə edir

Türkmənistanda Prezident Qurbanquli Berdiməhəmmədovun hakimiyyəti oğlu Sərdara ötürəcəyi ətrafında spekulyasiya dolaşır. AzadlıqRadiosu-nun Türkmənistan xidmətinin yazıdığına görə, fevralın 11-də parlamentin yuxarı palatasının fövqəladə iclasının planlaşdırılması bu gözləntiləri gücləndirib.

Həmin gün Berdiməhəmmədovun bu qazla zəngin Orta Asiya ölkəsində avtoritar idarəçiliyini rəsmiləşdirməsinin 15-ci ildönümüdür.

Fevralın 11-də onun oğlu Sərdarın Ali Nəzarət Palatasının başçısı, Dövlət Təhlükəsizlik Şurasının üzvü və əsası, baş nazirin müavini elan edilməsindən də bir il ötür. Bu, 40 yaşlı Sərdar üçün meteorik sürətlə ölkə rəhbərliyində ikinci posta yüksəlişi idi.

Əlamətdar tarix

Tarixin seçilməsi əlamətdar hesab olunur, çünki ölkənin ekssentrik prezidenti numerologiyaya düşkünlüyü ilə ad çıxarıb. Bu səbəbdən həm Türkmənistandakı müşahidəçilər, həm də adi vətəndaşlar parlamentin yuxarı palatası olan Xalq Məsləhətinin xüsusi sessiyasında vacib qərarların veriləcəyindən danışırlar.

Palatanın sədri Prezident Berdiməhəmmədovdur (onun bu vəzifədə olması isə konstitusiyanın 73-cü maddəsini pozur). O deyib ki, iclasda “ölkənin növbəti 30 ildə inkişafı” müzakirə ediləcək.

Türkmənlərin çoxu aylardır avtoritar hökumətin başında gözlənən siyasi dəyişiklikdən danışırlar. Dövlətin nəzarətində olan media isə Sərdarın “düha”sını müzakirə edir. O, “xalqın qayğısına qalan” lider kimi təsvir olunur. Ölkə hazırda iqtisadi böhran içindədir.

Oğul Berdiməhəmmədov atasının adından regionlara saysız səfərlər edir, artan qiymətlər, əsas məhsulların qıtlığı ilə tanış olur. Bəzi müşahidəçilər bunu Berdiməhəmmədovun hakimiyyət iyerarxiyasında aparıcı rolunun təbliği, onun atasının yerinə hazırlanması kimi yozurlar.

Sərdar regionlarda yüksək səviyyədə qarşılanır, onun gəlişindən öncə tələm-tələsik Potemkin kəndləri hazırlanır. Əvvəllər belə hazırlıq ancaq prezident üçün görülərdi.

Şayiələr niyə yayılır

Türkmənistan üzrə ekspert Sərdar Aytakov radioya deyib ki, əhali arasında şayiələr yaymaq ölkənin xüsusi xidmət orqanlarının ictimai fikri manipulyasiya etmək metodudur. Onun sözlərinə görə, son həftələrin söz-söhbəti xüsusi iclasda hakimiyyət dəyişikliyi olmasa belə, mühüm qərarların gözləndiyini istisna etmir.

Onun fikrincə, yuxarılar hakimiyyətin ötürülməsinə mümkün sosial itaətsizlik və açıq qəzəbi önləmək üçün yeni şayiələr yaymağa əl ata, amma keçid haqda indi düşünməyə də bilərlər.

Türkmənistanda yaşayan Aytakovun sözlərinə görə, “qeyri-müəyyən gələcəkdə belə bir keçidi asanlaşdırmaq üçün iclasda müəyyən adamın xeyrinə qərarlar verilə bilər, yəni indiki prezident təqaüdə çıxa, yaxud rəhmətə gedərsə, bu keçid avtomatik baş verə bilər”.

Xüsusi iclasın keçiriləcəyi xəbəri yanvarda, qonşu Qazaxıstanda xalq etirazları ilə eyni vaxtda yayıldı.

Qazaxıstanın Türkmənistanla həmsərhəd Mangistau regionunda qəzəbli kütlə yanacağın bahalanmasına etiraz edirdi. Sonradan etirazlar bütün ölkəyə yayıldı, avtokrat qonşuları da təlaşlandırdı.

Ağlamayan uşağa süd verməzlər’

Dövlət mediası bu etirazları işıqlandırmasa da, Türkmənistanda əhali qonşuda baş verənlərdən xəbərdar idi, öz ölkələri ilə paralellər aparırdılar.

Son illər Türkmənistanda da yanacaq, mallar, xidmət və ərzaq bahalanır. Bəzi hallarda azı 300-500 faizlik artım var, subsidiyalar da kəsilib.

Türkmənlərin çoxu Qazaxıstan etirazlarının onlara müsbət təsir göstərdiyini deyirlər.

“Qazaxıstan etirazları Türkmənistanda əhalini ruhlandırdı, onların yadına bu atalar sözünü saldı: ‘Ağlamayan uşağa süd verməzlər’. Adamlar anladılar ki, hüquqlarını tələb etsələr, hökuməti dəyişdirə bilərlər. Hətta Qazaxıstan kimi böyük ölkə əhalinin çağırışlarına təslim oldu”, – adının çəkilməsini istəməyən bir türkmən deyib.

Prezident Berdiməhəmmədovun da qonşu ölkədə etirazlardan şoka düşdüyü görünürdü. O, yanvarın 12-də Dövlət Təhlükəsizlik Şurasının iclasını keçirdi, Milli Təhlükəsizlik Nazirliyinə internetdə müstəqil mənbələrin bloklanmasını sərtləşdirmək, təhlükəsizliyi gücləndirmək göstərişi verdi.

Qazaxıstandan hakimiyyətin çıxardığı dərs

Aytakov deyir ki, şuranın fövqəladə iclası təsadüfi deyildi. Ciddi iqtisadi problemlər fonunda Türkmənistanda rejimin dirənişinə rəğmən, Qazaxıstan kimi daha sabit ölkədə etirazlar hakimiyyətin qalıcılığına zəmanət olmadığını göstərdi.

“Türkmənistan hakimiyyəti… Ermənistan, Belarus və Rusiya kimi ölkələrdə qarşıdurma və hakimiyyəti ələ keçirmə cəhdlərini diqqətlə öyrəndi. Ancaq onlar özəlliklə Qazaxıstanda baş verənlərdən müvafiq nəticələr çıxarmağa çalışırlar. İndi hakimiyyətin iqtisadi vəziyyəti nə cürsə düzəltmək imkanı var. Qaz yataqlarının işlənməsi və qaz infrastrukturunun qurulması üçün Çinə böyük kredit borcu bağlanıb. Bu isə sosial böhranın yüngülləşdirilməsindən ötrü maliyyə ehtiyatları yığmağa imkan verir”, – ekspert deyir.

Ancaq o, rəsmilərin yeni pulu iqtisadi böhranın həllinə deyil, “vətəndaş itaətsizliyini boğmaq üçün xüsusi silahlar və avadanlığın alınmasına” yönəltdiyini, təhlükəsizlik qüvvələrinə təlim keçildiyini vurğulayır.

Aytakov Qazaxıstanda baş verənlərin Berdiməhəmmədovun varis planına yanaşmasında dəyişikliyi istisna etmir. Belə ki, rəsmilərin standart həyat səviyyəsinə keyfiyyət dəyişikliyinə böyük ehtiyacı dərk etməsi də mümkündür. Bu baxımdan ekspert gözlənən iclasda müəyyən islahatların da elan oluna biləcəyini istisna etmir.

İştirak üçün hədiyyələr

Xalq Məsləhətinin fövqəladə iclasının iştirakçılarından çoxuna müxtəlif hədiyyələr təklif olunub. Tədbir seçilmiş nümayəndələrin yığışacağı regional mərkəzlərə videolink vasitəsilə yayınlacaq.

AzadlıqRadiosu-nun Lebap şəhərindəki müxbiri xəbər verir ki, icma ağsaqqalları və gənclərə iclasda iştirak üçün 5 min manat (1431 dollar) dəyərində hədiyyələr vəd olunub.

Xalq Məsləhəti 2008-ci ildən 2017-ci iləcən ölü qurum sayılırdı, prezident onu canlandırdı və 2020-ci ildə parlamentin ikinci palatası elan etdi.

Fevralın 11-dən sonra bu qurumun ölkənin idarəçiliyində daha böyük rol oynayacağı ehtimalı da var.

XS
SM
MD
LG