Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:35

Trump: ‘Bizi qarşıda çox ağır iki həftə gözləyir’


ABŞ prezidenti Donald Trump ölkədə sürətlə yayılan koronavirus infeksiyası ilə bağlı “qarşıdan gələn ağrılı və çətin iki həftə” barədə xəbərdarlıq edib.

Guardian yazır ki, Trump martın 31-də Ağ Evdə keçirilən mətbuat konfransında son onilliklərin ən böyük sağlamlıq böhranı ilə bağlı problemi yumşaltmağa çalışmayıb, əksinə amerikalıları qarşıdan gələn daha ağrılı günlərə hazır olmağa çağırıb:

"Mən istəyirəm ki, hər bir amerikalı qarşıdan gələn ağır günlərə hazır olsun. Bizi qarşıda çox ağır iki həftə gözləyir”.

Mətbuat konfransının başqa bir məqamında prezident deyib:

"Bu dəhşətli dərəcədə pis iki həftə ola bilər. Bu çox pis iki, bəlkə də üç həftə olacaq. Bu, bizim əvvəllər heç vaxt görmədiyimiz üç həftə olacaq”.

ABŞ-da son günlər keçirilmiş rəy sorğuları pandemiya ilə mübarizədə sosial məsafə də daxil görülən tədbirlərə geniş ictimai dəstəyin olduğunu göstərib.

240 min ölüm ola bilər

Lakin Ağ Ev Koronavirus İşçi Qrupunun əlaqələndiricisi doktor Deborah Birx deyib ki, hətta xəstəliyin yayılmasına qarşı bütün federal təlimatlara əməl olunduğu halda belə virusdan ölənlərin sayı maksimum 240 min nəfərə çata bilər.

Deborah Birx
Deborah Birx

Amma Ağ Ev rəsmiləri dərhal izah ediblər ki, onlar bu rəqəmə mütləq bir göstərici kimi baxmırlar.

Doktor Birx əlavə edib ki, hətta bu model də amerikalıların heç də hamısının qaydalara əməl etmədiyi variantı əks etdirir və “real rəqəm burdakından aşağı ola bilər”.

Bundan əvvəl müzakirə olunan proqnoz modellərinin arasında 1.5-2.2 milyon ABŞ sakinin virusdan ölə biləcəyi istisna edilmirdi.

Lakin belə görünür ki, Ağ Ev koronavirus komandasının gəldiyi son konsensus maksimum 240 min ölüm modeli olub.

Trump-ın tibb komandasının başqa bir üzvü doktor Anthony Fauci müxbirlərə deyib:

“Biz hələki artım görürük. Bu bizi ruhdan salmamalıdır, çünki qorunma tədbirləri görülür və görüləcək”.

Prezidentin çıxışından sonra sosial məsafə saxlanması da daxil ehtiyat tədbirlərinin aprelin 30-dək uzadılacağı gözlənilirdi.

Trump belə bir qərarını milyonların həyatını xilas etmək istəməsi ilə əlaqələndirib.

100 faiz düz çıxmaya da bilər

Bu da xəbər verilir ki, mətbuat konfransında koronavirus epidemiyası ilə bağlı diaqramlar və qrafiklər nümayiş etdirilib.

Ekspertlər bildirirlər ki, ehtimallar əsasında qurulan proqnoz modelləri 100 faiz düz çıxmaya da bilər.

Bu da qeyd olunur ki, ABŞ-da əhalinin kütləvi test olunmasına başlanması vəziyyəti hələ də yaxşıya doğru dəyişə bilər.

Doktor Anthony Fauci
Doktor Anthony Fauci

Martın 31-də CNN telekanalının suallarına cavab verən doktor Fauci deyib ki, sosial məsafə saxlanması bəzi ilkin nəticələrini göstərir.

Alim “bəri başdan aşırı nikbin olmamağa” çağırıb və deyib ki, yoluxma halları artımının “ifrat dərəcədə kəskin olmadığı görünməyə başlayıb “.

Fauci və Birx Ağ Evdə ötən bazar günü keçirilən müşavirədə Trump-a məlumat vermişdilər ki, proqnoz modelləri ölümlərin 100-200 min arasında ola biləcəyini göstərir.

Virusu yavaşıtmaq üçün 30 gün

Bu mətbuat konfransı zamanı Trump pandemiyaya ilkin reaksiyasının zəif olmasının səbəblərini izah etməyə çalışıb.

O deyib ki, o vaxt bu virus barədə “heç kim, hətta həkimlər də” heç nə bilmirdilər.

Trump mətbuat konfransından sonra yazdığı tvitdə qarşıdan gələn müddəti epidemiyanın sürətinin azaldılması üçün 30 gün adlandırıb.

Prezident bu tvitində əsasən yaşlı adamlar üçün nəzərdə tutulan davranış qaydalarını xatırladır.

XS
SM
MD
LG