Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:56

Tokayev deyib ki, Qazaxıstan özünü Rusiyaya borclu saymır


Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev

Qazaxıstan prezidenti Rossiya 24 dövlət telekanalına müsahibəsində deyib ki, Moskva üzərinə Qərb sanksiyaları onun ölkəsini də “iki od arasında” qoyub

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiyanın Rossiya 24 dövlət telekanalına müsahibəsində deyib ki, Moskva üzərinə Qərb sanksiyaları onun ölkəsini də “iki od arasında” qoyub.

Tokayev bu fikri ifadə etmək üçün Yunan mifologiyasına müraciət edib və deyib ki, hazırkı vəziyyət “Skilla və Xaribda arasından keçmək” kimidir.

Qazaxıstan prezidenti əlavə edib ki, onun ölkəsi Rusiya ilə ona qarşı Qərb sanksiyalarını pozmadan əməkdaşlıq edir:

“Bu çox mürəkkəb, incə bir işdir. Skilla və Xaribdanın arasından keçmək kimidir. Amma biz Rusiya hökuməti ilə işi, deyərdim ki, tezləşdirilmiş ritmdə davam etdirir, bu sanksiyaları pozmadan zəruri razılaşmalar əldə edirik”.

Bununla belə Tokayev deyib ki, Qazaxıstan özünün müttəfiqlik öhdəlyindən imtina etmir:

“Bu, nəhayət perspektiv baxımından düzgün olmazdı. Çünki mən əminəm ki, Rusiya indiki çətinliklərin öhdəsindən gələcək. Rusiya böyük ölkə, böyük iqtisadiyyatdır və keçmişin təcrübəsi sübut edir ki, Rusiya məhz ekstremal şəraitlərdə daha yaxşı fəaliyyət göstərir”.

Lakin Qazaxıstan prezidenti əlavə edib ki, onun ölkəsi iqtisadi əməkdaşlıqla bağlı öhdəliklərinə sadiq qalsa da, riskə getmək niyyətində deyil:

“Amma sanksiyalar sanksiyadır. Biz onları pozmamalıyıq. Üstəlik də bizə xəbərdarlıqlar gəlir ki, sanksiyaların pozulmasına görə Qərb tərəfindən bizim iqtisadiyyatımıza da “təkrar sanksiyalar” tətbiq edilə bilər”.

KTMT Qazaxıstanda bir güllə də atmayıb

AzadlıqRadiosunun Qazax xidməti – Azattık yazır ki, Qazaxıstan prezidenti bu müsahibəsində ötən yanvarda Almatıda iğtişaşlarla bağlı Kollektiv Təhükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kontingentinin cəlb olunmasından da danlışıb.

Onun sözlərinə görə, Rusiyada bəzi şəxslər bu situasiyanı təhrif edərək bildirirlər ki, guya Rusiya Qazaxıstanı “xilas edib” və indi də Qazaxıstan əbədi olaraq Rusiyanın ayağına düşüb ona xidmət etməlidir:

“Hesab edirəm ki, bu, tamamilə yanlış, reallqıdan uzaq düşüncədir”.

Tokayev bildirib ki, yanvar hadisələri zamanı Qazaxıstana çox məhdud KTMT kontingenti gətirilmişdi və onlar Qazaxıstanda olduqları müddətdə bir dəfə də atəş açmalı olmayıblar.

Azattık yazır ki, KTMT Tokayevin dəvəti ilə yanvar ayında Qazaxıstana 2 min nəfərlik əsgəri qüvvə yeritmişdi.

Mayın 16-da KTMT liderlərinin Moskvada keçirilən iclasında Rusiya prezidenti Vladimir Putin bu hadisələr barəsində danışarkən demişdi ki, təşkilat Qazaxıstanda hakimiyyətin ekstremistlər tərəfindən qəsb olunmasının qarşısını alıb.

Putin əlavə etmişdi ki, guya ekstremist qüvvələr xaricdən idarə olunurdu.

Azattık yazır ki, KTMT qoşunlarının Qazaxıstana yeridilməsi ölkə daxilində və beynəlxalq aləmdə kəskin pislənmişdi.

XS
SM
MD
LG