Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:43

Maya Yaqublu: 'İllərdir bunlar mənim ailəmə zülm edirlər, utanmırlar...'


Tofiq Yaqublu 2023-cü ilin yanvarında həbsdən buraxılandan sonra evində.
Tofiq Yaqublu 2023-cü ilin yanvarında həbsdən buraxılandan sonra evində.

Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun xanımı Maya Yaqublu deyir ki, ailəsi 30 ildən çoxdur Əliyevlər hakimiyyətinin repressiyalarının qurbanına çevrilib. O bu müddətdə həyat yoldaşının dörd dəfə şərlənərək həbs olunduğuna, 26 yaşlı qızını itirdiyinə diqqət çəkib.

"Bir adamı nə qədər şərləyib həbs eləmək olar?! Ölkəni talayıb, milyardları xaricdə ofşorlara daşıyan bir hökumət gəlib Tofiq Yaqublunun evində pul axtarır. İllərdir bunlar mənim ailəmə zülm eləyirlər. Utanmırlar...", - M.Yaqublu oktyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən belə deyib.

Həyat yoldaşının məhkəməsində əlavə şahid kimi dindirilən M.Yaqublu ötən il dekabrın 14-də polislərin evlərində apardığı axtarışdan danışıb.

Cinayət işinin materiallarında iddia olunur ki, Elşən Hüseynova onu Almaniyaya göndərmək, orada ona vətəndaşlıq almaq vədi verilib. Bundan ötrü ondan 22 min avro və 10 min manat alınıb. İttihama görə, bu pulu ondan Elnur Vaqifoğlu kimi tanınan Elnur Məmmədov alıb və gətirib Tofiq Yaqubluya verib. E.Hüseynova səfirlikdən viza almaq, onu saxta sənədlə Almaniyaya göndərmək məsələsini T.Yaqublu həll etməli imiş.

İddia edilir ki, T.Yaqublu tutulduğu gün axtarış zamanı evindən pullar götürülüb.

Maya Yaqublu ailəsi ilə.
Maya Yaqublu ailəsi ilə.

Siyasətçinin xanımı M.Yaqublu oktyabrın 18-də məhkəmədə deyib ki, evdən götürüldüyü iddia edilən pulları axtarışa gələn polislər özləri ilə gətirmişdilər. O danışır ki, evə xeyli maskalı polis daxil olub. Gələnlərin bir bölümü yuxarıda axtarış aparmaq adıyla ikinci mərtəbəyə qalxsa da, digərləri aşağıda qalıblar: "Mən tək idim, dedim ki, gözləyin, qızım gəlsin, - gözləmədilər. Doluşdular evə. Dedilər, qalxaq yuxarı. Yuxarıda, üzdən ora-bura baxan kimi dedilər, düşək aşağı. Sən demə, plan belə olub ki, məni yuxarı çıxarsınlar, o müddətdə aşağıda pulu yerləşdirsinlər. Düşən kimi dedilər, keçək yataq otağına. Bir-iki siyirməyə baxdılar. Balışın altını qaldırıb, oradan kirli paketi götürdülər ki, bu nədir...".

M.Yaqublu deyir ki, ona çəkilişdən ötrü zərfin içindəki pulları düzməyi təklif etsələr də, imtina edib. Dediyinə görə, səbəb bu idi ki, həmin pullar evinə atılmışdı. O vurğulayıb ki, evində o qədər pul olsa idi, niyə balışın, döşəyin altına qoyurdu, elə şkafın içində, yaxud başqa bir saxlanc yerində olardı.

M.Yaqublu əlavə edib ki, polislər evdən kompüterlərini, modemi, telefonlarını da götürüb aparıblar və bunu protokollaşdırmayıblar.

Siyasi fəalın işi üzrə məhkəmə prosesi davam edir.

Xatırlatma

T.Yaqublu ötən il dekabrın 14-də saxlanılıb. Ona qarşı dələduzluq, saxta sənəddən istifadə kimi ittihamlar irəli sürülüb. Siyasi fəalın suçlandığı maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

T.Yaqublu daha öncə də bir neçə dəfə həbsdə olub. O, 2013-cü ildə İsmayıllıda kütləvi iğtişaşların təşkilinə, 2020-ci ildə xuliqanlığa görə və başqa ittihamlarla həbs edilib. Siyasi fəal bütün ittihamları rədd edir, şəxsən prezident İlham Əliyevin sifarişi ilə cəzalandırıldığını bildirir.

Bir sıra yerli və beynəlxalq insan haqları təşkilatı onun adını siyasi məhbus siyahılarına daxil edib.

Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar siyasi məhbus siyahılarında yer alan şəxslərin sırf törətdikləri əmələ görə mühakimə edildiyini deyirlər.

XS
SM
MD
LG