Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:25

Tofiq Yaqublu: ‘Mən şəxsən İlham Əliyevin sifarişi ilə həbs olunan girovam’


Tofiq Yaqublu
Tofiq Yaqublu

Müsavat Partiyası və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublu özünü təqsirləndirilən yox, zərərçəkmiş sayır. O, iyunun 14-də öz məhkəməsində belə deyib:

"Mən şəxsən İlham Əliyevin sifarişi ilə həbs olunan girovam. Mən bu işdə təqsirləndirilən yox, zərərçəkmişəm".

Yarım ildən çoxdur həbsdə olan siyasi fəalın mühakiməsi başlanıb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Məhkəmənin iyunun 14-də keçirilən ilkin hazırlıq iclasında T.Yaqublu onun işinə baxan kollegiyadakı hakimlərdən birinə - Azər Tağıyevə etirazını bildirib və Azərbaycanda siyasi sifarişlə hökm və qərarlar çıxaran hakim kimi, onun adının ABŞ-da sanksiya siyahısına salınmasının təklif edildiyini deyib. Etiraz təmin olunmayıb.

“Məni dələduzluqda ittiham etmək təhqirdir”

T.Yaqublu vurğulayıb ki, Azərbaycanda özəlliklə siyasi motivli işlərdə məhkəmə ədaləti olmadığından, bu prosesdən də müsbət gözləntisi yoxdur:

"Azərbaycanda azad məhkəmə, insan hüquqları olsaydı, mən bu gün burada olmazdım. Artıq dördüncü dəfədir ki, şərlənərək həbs olunuram. İnzibati həbslərimin sayını itirmişəm. Mənə verilən ittihamların siz hakimlərə nə qədər aidiyyəti varsa, mənə də o qədər aidiyyəti var. Məni dələduzluqda ittiham eləmək təhqirdir".

T.Yaqublu məhkəməsində ittihamı müdafiə edən prokuror Tural Yaqubova etirazını bildirməsə də, prokurorluğun fəliyyətindən narazılığını dilə gətirib. O bu zaman Böyük Britaniyada Əliyevlər ailəsinin 700 milyonluq mülkləri aşkarlanarkən, Milli Şuranın bu məsələni araşdırmaq üçün prokurorluğa müraciətini, ancaq prokurorluğun bunu görməzliyə qoymasını yada salıb:

"Məni tutub aparıb 39-cu bölmədə işgəncə verdilər, sonra Ələtdə ölümcül döydülər. Prokurorluq qərarda yazdı ki, özüm özümü o günə qoymuşam. Prokurorluğa sifariş verilsə, yazacaqlar ki, göydə gedən dronu Tofiq Yaqublu tutub yerə salıb".

Vəkilləri T.Yaqublunun məhkəmə zalındakı şüşə kabinədən çıxarılıb, müdafiəçilərinin yanında əyləşməsi, hökm çıxarılanadək ev dustaqlığına buraxılması, onun haqqında cinayət işinə xitam verilməsi barədə vəsatətlər qaldırıblar. Siyasi fəalın növbəti iclasdan vəkillərinin yanında əyləşməsinə razılıq verilsə də, digər vəsatətlər təmin edilməyib.

İyunun 21-də keçiriləcək növbəti məhkəmə iclasında prokuror ittiham aktını elan edəcək, ardınca dindirmələr başlanacaq.

Xatırlatma

Tofiq Yaqublu ötən il dekabrın 14-də saxlanılıb. Ona qarşı dələduzluq, saxta sənəddən istifadə kimi ittihamlar irəli sürülüb. Ona ittiham verilən maddələrdə 10 ilədək həbs nəzərdə tutulub.

T.Yaqublu daha öncə də dəfələrlə həbsdə olub. O, 2013-cü ildə İsmayıllıda kütləvi iğtişaşların təşkili, 2020-ci ildə xuliqanlıq və başqa ittihamlarla həbsə atılıb. Siyasi fəal bütün ittihamları rədd edir, siyasi sifarişlə cəzalandırıldığını bildirir.

Bir sıra yerli və beynəlxalq insan haqları təşkilatı onun adını siyasi məhbus siyahılarına daxil edib.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etməyərək deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər

XS
SM
MD
LG