Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:33

Tetris dünyanı necə zəbt etdi


Tetris
Tetris

Tarixdəki bir çox möhtəşəm ideyalar kimi, Tetris də gözlənilmədən meydana gəlib. SSRİ Elmlər Akademiyasının proqram mühəndisi Aleksey Pajitnova Elektronika-60 adlı yeni növ kompüteri sınaqdan keçirmək tapşırılır. O da bunu etmək üçün uşaqlıqda oynadığı pazl əsasında sadə bir oyun yazır. Bununla həm kompüterin gücünü yoxlamaq, həm də bir qədər əylənmək olardı. Ancaq Pajitnov bilmirdi ki, onun ixtirası tarixdə ən uğurlu kompüter oyunlarından biri olacaq.

Adi test proqramından ümumdünya fenomeninə

Pajitnovun uşaqlıqda oynadığı klassik pazl oyunu «pentomino» adlanır. «Tetris» adı isə yunanca «tetra» (dörd) və Pajitnovun sevimli idman növünün adından – «tennis»dən götürülüb.

Hazırda ABŞ-ın Sietl şəhərində yaşayan Pajitnov deyir ki, oyunun prototip versiyası onun özünü də aludə edib və o, oynamaqdan doya bilmirmiş.

«Ancaq sovet Rusiyasında video oyunu yaratmaq heç də asan deyildi. Tetris yalnız son dərəcə ağıllı dizaynı sayəsində adi test proqramından ümumdünya fenomeninə çevrilib», – CNN yazır.

Tetris Elektronika-60 kompüterlərinə çıxışı olan proqramçılar tərəfindən sevilsə də, kompüterin özü çox zəif idi. Onun qrafik imkanları yox idi. Yaddaşı isə bugünkü kalkulyatorlarınkından da az idi. Pajitnovdan oyunun IBM PC üçün versiyasını yaratmaq xahiş olunur. O da bu işi ofisində çalışan 16-yaşlı tələbə Vadim Qerasimova həvalə edir. Qerasimov hazırda Google-ın mühəndisidir. Oyun sürətlə yayılmağa başlayır. SSRİ-də kompüterə çıxışı olan hər kəs Tetris-i tanıyırdı.

«Pajitnov oyundan pul qazanmırdı. Heç belə bir niyyəti də yox idi. İdeyalar dövlətə məxsus idi, onun özü isə proqramı məhsul kimi satmaq ideyasından xəbərsiz idi. Adamlar Tetris-i sadəcə bir-birinə danışmaqla və floppi disklərdə paylaşırdılar», – məqalədə deyilir.

Dili pis bilməyin yol açdığı çəkişmələr

Sonra Pajitnov eşidir ki, artıq oyun sərhədi keçib və Şərq blokunun digər ölkələrində də oynanılır. 1986-cı ildə ona Macarıstanda yerləşən Andromeda adlı proqram şirkətinin əməkdaşı Robert Steyndən teleks (faks maşınının əcdadı) gəlir. Tetris-i Macarıstanda görmüş Steyn onu kompüter oyunu kimi Qərbdə satmaq hüququ almaq istəyirdi. O, avans kimi sanballı məbləğ təklif edirdi.

Ancaq Pajitnov bilirdi ki, Qərblə birbaşa iş görməyə cəhd etsə, həbs oluna bilər. Buna görə də, bu işi dövlət vasitəsilə görməyin yollarını düşünməyə başlayır. Ancaq o zaman ingilis dilini pis bildiyindən bunu kifayət qədər yaxşı ifadə edə bilmir.

Steyn də onun cavabını razılıq kimi başa düşüb dərhal oyunun istehsalına başlayır. Ancaq bu zaman ona başqa bir teleks mesajı gəlir. Bu dəfə Elorq (Elektronorqtexnika) adlı sovet qurumundan. SSRİ-də kompüter və kompüter proqramlarının ixracı ilə Elorq məşğul olurmuş. Mesajda deyilirdi ki, proqramı yaymaq hüququ rəsmi olaraq verilməyib və Steynin prosesə başlaması qanunsuzdur.

Son nəticədə Steyn bu hüququ ala bilir. 1988-ci ildə Tetris ilk dəfə Britaniya və ABŞ-da kommersiya PC məhsulu kimi satışa çıxarılır. Məhsulun qutusunun üzərində Kremlin təsviri və rus hərfləri var idi.

Məqalədə deyilir ki, Pajitnov və Steyn arasındakı anlaşılmazlıq uzun illər davam edən çaşqınlıq və məhkəmə çəkişmələrinə yol açır. Deyilənə görə, məsələ hətta sovet lideri Mixail Qorbaçova qədər gedib çıxır.

«Hamının Game Boy almasını istəyirsənsə...»

Tetris kompüterlərin içində çox yaxşı satılsa da, oyun sektorunda əsas pulları oyun konsolları qazandırırdı. Hollandiyalı videooyun yaradıcısı, Yaponiyada yaşayan işadamı Henk Rocers ilk dəfə anlayır ki, Tetris NintendOn-un 1989-cu ildə Yaponiyada buraxdığı Game Boy sisteminə çox yaraşır. Oyunun Şimali Amerika və Avropada satışa çıxarılması ərəfəsində Rocers şirkəti oyunu Game Boy-un qutusuna əlavə etməyə razı salır.

NintendOn of America-nın yaradıcısı Minoru Arakava ondan soruşur ki, Mario olan yerdə Tetris onun nəyinə lazımdır. Rocers isə cavabında belə deyir: «Əgər Game Boy-u balaca oğlanların almasını istəyirsənsə, Mario-nu əlavə et. Əgər hamının Game Boy almasını istəyirsənsə, onda Tetris-i əlavə etməlisən».

Tetris-in Game Boy versiyasının 35 milyon nüsxəsi satılır. Bu versiya Game Boy oyun konsolunu tarixdə bu qəbildən olan ən uğurlu məhsullardan birinə çevirir.

1991-ci ildə Pajitnov dostu Henk Rocersin köməyi ilə Moskvanı tərk edərək Sietlə köçür.

1996-cı ildə Pajitnov və Rocers birlikdə Tetris Company şirkətini təsis edirlər. 2005-ci ildə Tetris Company Elorq-u satın alır, bununla da Tetris-in satışına aid bütün hüquqları öz əlində cəmləşdirir.

Bu günədək Tetris 65-dən çox platformada çıxıb. Mobil cihazlara yarım milyard dəfədən çox endirilib. Pajitnovun özü oyunun 100-dən artıq versiyası üzərində işləyib.

XS
SM
MD
LG