Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:26

Koronavirusla ağırlaşan ‘tənhalıq epidemiyası’ – Qərb mediası


İllüstrativ foto
İllüstrativ foto

1 milyon insanın tək yaşadığı Nyu York şəhəri iki il ərzində tənhalıq eksperimentinə çevrilib

“The New York Times” qəzetinin müxbiri Con Leland koronavirus pandemiyası qapanmalarının səbəb olduğu nevroloji problemləri araşdırıb.

İş yoldaşları, dostlarından uzaq düşənlərin beyni tənhalığı təhdid kimi qeydə alır. Bu zaman beyin stress hormonları ifraz edir. Nəbz yüksəlir, qan təzyiqi, qanda şəkərin səviyyəsi gərəkərsə enerji təmin etmək üçün artır. Bu zaman bədəndə toxumaların bərpasından ötrü əlavə iltihab hüceyrələri hasil olunur, nəinki viruslara qarşı anticismlər. Şüuraltı şəkildə digər şəxsləri potensial təhdidlər – imtina, apatiya mənbəyi kimi görürsüz, dost kimi deyil.

Müəllif yazır ki, 1 milyon insanın tək yaşadığı Nyu York şəhəri iki il ərzində tənhalıq eksperimentinə çevrilib. Doqquz milyon insan smartfonları ilə birlikdə təcrid olunub, 24/7 çatdırılması xidmətləri işləyib. Terapevtlərin qəbulu dolub, onminlərlə sakin isə yaxşı dost, həyat yoldaşı, partnyoru, valideyni üçün kədər hissinə boğulub.

Menhettendə tək yaşayan Robin Solod deyir ki, pandemiyadan öncə heç evdə olmurdu, di gəl, “birdən-birə, hər şey dayandı”.

Hər 5 amerikalıdan biri

Məqalədə hazırda Nyu Yorkun müəyyən qədər normal həyata qayıtdığı qeyd olunur. Amma iki illik təcrid və tənhalığın izləri qalmaqdadır.

Hələ pandemiyadan öncə də Birləşmiş Ştatlarda “tənhalıq epidemiyası” yaşanırdı. Ölkənin baş səhiyyə rəsmisi Vivek Mörfi bunu sürətli həyat tempi, texnologiyanın sosial təmasın bütün sahələrinə nüfuz etməsilə izah edir. Nəticə isə özünü narkotiklərdən istifadə və artıq çəkidə göstərir. 2018-ci ildə aparılmış bir araşdırmaya görə, hər beş amerikalıdan biri özünü ya tez-tez tənha, yaxud sosial baxımdan təcrid olunmuş hiss edib.

Pandemiya bu hissləri daha da ağırlaşdırıb. Nyu York səhiyyə departamentinin bu yaxınlarda apardığı sorğuda respondentlərin 57 faizi deyib ki, bir ay öncə özlərini daim, yaxud da hərdənbir tənha, üçdə ikisi isə sosial baxımdan təcrid olunmuş hiss ediblər.

Doktor Mörfi tənhalığın səhhət və rifahda real fəsadlar yaratdığını vurğulayıb.

Brigham Young Universitetindən Culian Holt-Lanstad tənhalıq, təcrid və zəif sosial şəbəkələşmənin risk effektlərini gündə 15 siqaret çəkməklə müqayisə edir. Holt-Lanstad deyir ki, tənhalığın insanın emosional və zehni sağlamlığına təsiri ümumilikdə qəbul edilir, fiziki sağlamlığa təsiri haqda isə bunu demək olmaz.

Məqalədə artıq tənhalığın iqtisadi xərclərinin ortada olduğu qeyd edilir. Medicare sığorta sistemində sosial təcrid və tənhalığın müalicəsi üçün əlavə 6.7 milyard dollar nəzərdə tutulub.

Streslə bağlı işdən qalmalar, digər problemlər isə işəgötürənlərə ildə 154 milyard dollara başa gəlir. Hesablamanı AARP və Cigna sığorta şirkəti aparıb.

XS
SM
MD
LG