Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:22

Tehran Universitetində hicaba görə toqquşma olub


Tehranda Əllamə Təbətəbayi Universitetində etiraz aksiyası
Tehranda Əllamə Təbətəbayi Universitetində etiraz aksiyası

Aprelin 25-də Tehran Universitetinin təhlükəsizlik qüvvələri ilə tələbələr arasında hicab qaydalarına görə toqquşma olub.

İran Tələbə İttifaqının verdiyi məlumata görə Tehran Universitetindəki toqquşma, təhlükəsizlik qüvvələri hicab qaydasını pozduğuna görə bir tələbənin vəsiqəsini aldıqdan sonra başlanıb.

Bunun ardınca iki tələbənin təhlükəsizlik qüvvələri tərəfindən bərk döyülməsi ehtirasları daha da qızışdırıb.

Sözü gedən iki tələbəni təhlükəsizlik qüvvələrinin otağında bir saatadək saxlamışdılar.

Buna cavab olaraq universitet tələbələri təhlükəsizlik xidmətinin binası qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər.

Bu aksiyada icbari hicab qaydalarına və təhlükəsizlik qüvvələrinin zorakılığına qarşı şüarlar səsləndirilib.

Tələbələrin universitetlərdən qovulması

Bu toqquşmanın şahidi olmuş bir qrup tələbə rəsmi etiraznaməni təqdim etmək üçün təhlükəsizlik xidmətinin binasına gəlib.

Bu tələbələr də universitet rəhbərliyi və təhlükəsizlik rəsmiləri tərəfindən hədələniblər.

Tələbələr bildiriblər ki, hazırkı şikayət məktubu onların etirazının yalnız bir hissəsidir və onlar mübarizəni sonadək davam etdirəcəklər.

Bu arada Tehranın Əllamə Universitetində buna bənzər etiraz aksiyasından sonra 20 tələbə ali məktəbdən qovulub.

Universitetin rektoru Abdullah Mötamədi aprelin 25-də deyib ki, intizam tədbirləri yalnız bir qrup tələbənin konkret hərəkətləri ilə bağlı həyata keçirilib.

Hicabların yandırılması

Ötən ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin polisdə ölməsindən sonra başlanan etiraz hərəkatında tələbələr, xüsusilə də qızlar və qadınlar aparıcı rol oynayırlar.

Tehran universitetlərində çoxsaylı etiraz aksiyaları keçirilib. Bu aksiyalarda tələbələr “Qadın, həyat, azadlıq!” və “Diktatora ölüm!” şüarları səsləndiriblər.

Bir neçə tələbə qız hicablarını açaraq yandırıb.

Öz növbəsində hakimiyyət tələbə fəal və liderlərin həbslərini və onların universitetlərdən qovulmasını davam etdirir.

“Saxlananların Vəziyyətini İzləyən Komitə” bildirir ki, İranda etirazlar başlanandan bəri təhlükəsizlik qüvvələri azı 720 tələbəni saxlayıb.

“Paklığa qarşı cinayət”

Bu arada İranın iki tanınmış aktrisası – Katayun RiyahiPantea Bəhram ictimai tədbirdə icbari hicab qaydasını pozduqlarına görə cinayət təqibi ilə üzləşiblər.

İslam İnqilab Keşikçiləri Korpusuna (İİKK) bağlı Təsnim xəbər agentliyi yazır ki, Tehran Polisi İctimai Əlaqələr şöbəsinin məlumatına görə qadınlara qarşı iş “ictimai yerdə hicabsız görünmələri və sosial mediada paylaşdıqları şəkillərlə” bağlı açılıb.

Xəbər verilir ki, aprelin 18-də bir dəfn mərasimində Riyahi ilə yanaşı Qolab AdineFatimə Mötamed-Arya da hicabsız olublar.

Katayun Riyahi (solda) və Pantea Bəhram
Katayun Riyahi (solda) və Pantea Bəhram

Tanınmış aktrisa Bəhram isə bir neçə ictimai tədbirlərə hicabsız qatılıb.

Bu tədbirlərdən biri də aprelin 19-da Tehranın Lotus kinoteatrında keçirilən ictimai baxış idi.

Bu insidentin ardınca kinoteatrın direktoru vəzifəsindən çıxarılıb, kinoteatr isə iki gün bağlı qalıb.

Ədliyyə Media Mərkəzi bundan əvvəl xəbər vermişdi ki, bu iki qadının işi “paklığa qarşı cinayətlərə” baxan xüsusiləşdirilmiş məhkəməyə göndərilib.

Təkcə hicab qaydasını pozanları yox...

Xanım Riyahi 2022-ci ilin sentyabrında Məhsa Əmininin ölümünə etiraz olaraq hicabını açmaqla xəbər başlıqlarına çıxmışdı.

O noyabrın 29-da təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmuş və ona qarşı “milli təhlükəsizliyə və mövcud sistemə” etiraz edən toplantıya qoşulması ilə bağlı ittiham irəli sürülmüşdü.

O dekabrın 8-də zaminə buraxılmışdı. Şairə və yazıçı Sürəyya Riyahi-Radın dediyinə görə həmin məhkəmədən aktrisanı təcili yardım maşınında çıxarmışdılar. O məhkəmədə sərt dindirmə və təhdidlərə məruz qalmışdı.

Son həftələrdə hakimiyyət orqanları təkcə hicab qaydalarını pozanları deyil, həm də hicab qaydalarının pozulduğu obyekt və şirkətlərin rəhbərlərini cəzalandırır.

XS
SM
MD
LG