Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:42

Tehran həbsxanasının keçmiş rəisi: ‘Xəcalət çəkirəm ki...’


Hüseyn Murtəzavi Zəncani
Hüseyn Murtəzavi Zəncani

Hüseyn Murtəzavi Zəncani 1988-ci ildə Tehranın məşhur Evin həbsxanasının rəisi olduğu vaxt burada yüzlərlə siyasi məhbus İslam Respublikasının banisi Ruhulla Xomeyninin fətvası ilə gizli şəkildə edam olunurdu.

İndi o hadisələrdən onilliklər sonra Murtəzavi sosial media şəbəkəsində həmin ölümlərə görə xəcalət çəkdiyini bildirib. Bununla belə o edamlarda şəxsən iştirak etmədiyini iddia edib.

1988-ci ilin yayında İranın, Evin də daxil həbsxanalarında təxminən 5000 nəfər edam olunub.

Onların bir çoxu Mücahedine-Xəlq (MX) silahlı müxalifət qruplaşmasının, başqa solçu qrupların üzvləri və tələbələr idi.

Murtəzavi populyar Clubhouse tətbiqində yazıb:

"Mən xəcalət çəkirəm və bunu bildirmək istəyirəm...Onlar övladları öldürür, ailələri gözüyaşlı qoyurdular”.

O bu platformada istifadəçilərin, o cümlədən həmin vaxt edam olunanlardan bəzilərinin qohumlarının suallarına cavablar da verib.

AzadlıqRadiosunun İran xidməti yazır ki, Murtəzavinin bu misilsiz açıqlamalarının motivləri məlum deyil. Özü iddia edir ki, insanlara İranda artmaqda olan edamlar barədə xəbərdarlıq etmək istəyir.

İranda bu ilin əvvəlindən indiyədək 200-dən çox edam olub.

Özünü təmizə çıxarmaq cəhdi

Lakin bir neçə keçmiş siyasi məhbus Murtəzavini özünü təmizə çıxarmaq cəhdində ittiham edirlər.

İran sosial media istifadəçilərindən bəziləri yazırlar ki, keçmiş həbsxana rəisi mühakimə edilməlidir. Lakin onun bu etirafını təqdir edənlər də var. Onlar hesab edirlər ki, Murtəzavinin peşmançılıq bildirməsini alqışlamaq lazımdır.

Clubhouse platformasında Murtəzavi özünü təmizə çıxarmaq istəməsi barədə iddiaları təkzib edib:

"Biz bu məhbuslara görə məsuliyyətimizi başa düşürük, baxmayaraq ki, edam hökmlərinin icrasında iştirak etməmişik. Əslində mən vəzifəmdən getməli idim, amma son ana qədər orada qaldım”.

Murtəzavi (sağda) Yasir Ərəfatla şəkil çəkdirir
Murtəzavi (sağda) Yasir Ərəfatla şəkil çəkdirir

Murtəzavi israr edir ki, onun hansı məhbusların edam ediləcəyindən xəbəri olmurdu, çünki bu qərarları başqa yerdə qəbul edirdilər.

O məhbus siyasətçi Fəthullah Omid Nəcəfabadi ilə onun edamından bir gecə əvvəl etdiyi söhbəti xatırlayıb:

"Mən Nəcəfabadini o gecə görmüşdüm. Səhər dedilər ki, edam edilib. Onda vəziyyət belə idi...”

İran tarixinin ən qaranlıq səhifəsindən sayılan 1988-ci ildə edamlar Xomeyninin fətvasından dərhal sonra bir neçə gün ərzində icra olunub.

Fətvada deyilirdi ki, “mühariblik”də ittiham olunanlar ləğv edilməlidir. İranda “Allaha qarşı müharibə aparanları” belə adlandırırlar.

Məxfi fətva

Bu da qeyd olunur ki, sözü gedən məxfi fətva Mücahedine-Xəlq qruplaşmasının İslam Respublikasına hücumundan dərhal sonra verilmişdi. Onların İraq-İran müharibəsində (1980-1988) Bağdadın tərəfinə keçdikləri deyilirdi.

İnsan haqları qrupları bildirirlər ki, məhbusları bir neçə dəqiqə çəkən dindirmədən sonra edam edirdilər.

Murtəzavi deyib:

“Qərar belə idi ki, İslam respublikasına qarşı çıxanlar edam olunmalıdırlar”.

Onun sözlərinə görə hakimiyyət həbsxanalarda opponentlərinin olmasını istəmirdi.

Keçmiş həbsxana rəisi açıqlamalarında prezident İbrahim Rəisinin də adını çəkib. Rəisi həmin vaxt Tehran prokurorunun müavini idi. Murtəzavinin sözlərinə görə Rəisi ona edam əmrlərini Xomeynidən aldığını demişdi.

Fəallar və insan haqları qrupları bildirirdilər ki, Rəisi o vaxt həqiqətən də “ölüm komitəsi” adlanan qrupun üzvü idi və edamlar barədə qərarları həmin qrup qəbul edirdi.

“Özünə aid detalları gizlədir”

Murtəzavi Xomeyninin sadiq tərəfdarı olduğunu bildirsə də, ruhani rəhbərliyi tənqid edib. O deyib ki, bu hakimiyyət ölkəni “zəlil” gününə salıb.

Edamdan xilas olan siyasi məhbus Mehdi Aslani Murtəzavini kütləvi qətllər barədə özünə aid detalları gizlətməkdə ittiham edib:

"1986-cı ildə məhbusların dəhşətli repressiyası zamanı o əsas rolu oynayıb. Ona görə bir MX məhbusu gözünü itirib. Bu onun İslam həbsxana sistemindəki yeri olub”.

Aslani AzadlıqRadiosuna deyib ki, o Murtəzavini Gövhərdəşt həbsxanasında gördüyünü xatırlayır:

"Heç şübhəsiz Murtəzavi və onun kimilərinə danışmaq imkanı verilməlidir ki, biz bu müəmmanın axırına çataq. Amma o aça biləcəyi o qədər məsələləri gizlədir ki...”

“Çox mühüm şahid”

Başqa bir keçmiş siyasi məhbus, Almaniyada yaşayan fəal və jurnalist Fərəc Sərkuhi hesab edir ki, Murtəzavi mühakimə edilməlidir:

"İnsan haqları pozuntularında əli olan şəxs normal adam deyil ki, onunla birlikdə edamlara qarşı imza toplayasan”.

Vaşinqtonda mənzillənmiş insan haqları fondu - Əbdürrəhman Borumənd Mərkəzinin direktoru Röya Borumənd AzadlıqRadiosuna deyib ki, Murtəzavi kütləvi qətllərin “çox mühüm hal şahididir”.

Lakin xanım Borumənd əlavə edib ki, Murtəzavi “ailələrə təskinlik vermək üçün həqiqəti söyləyən” şəxs yox, siyasi gündəliyi olan siyasətçidir:

"Ümumilikdə düşünürəm ki, biz keçmiş rəsmilərin üzdəniraq mənəviyyat dərslərini ciddi qəbul etməməliyik”.

XS
SM
MD
LG