Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:18

Tavuş sakinləri Rusiya sərhədçilərinin Əskiparaya gəlişindən narahatdır


Ermenistan-Tavuş bğlgəsində Rusiya bayrağı
Ermenistan-Tavuş bğlgəsində Rusiya bayrağı

Ermənistanın Azərbaycanla həmsərhəd olan Tavuş bölgəsində Rusiya sərhədçilərinin yerləşdirilməsi erməni sakinlər arasında birmənalı qarşılanmır.

AzadlıqRadiosu erməni xidmətinin avqustun 6-da yaydığı məlumata görə, sakinlər Rusiya sərhədçilərinin nə məqsədlə gəlmələri, hakimiyyətin sərhəddə demorkasiya işlərinə nə vaxt başlanacağı barədə məlumat verməməsindən narahatdırlar.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi avqustun 5-də Azərbaycanın Qazax rayonu ilə həmsərhəd olan bu bölgədə-xüsusilə də Əskipara kəndi ərazisində Rusiya sərhədçilərinin yerləşdirilməsi barədə məlumat yayıb. Qeyd edək ki, ermənilər bu kəndi Voskepar adlandırır.

Amma mənbə yazır ki, nazirlik bunun detalları barədə heç bir məlumat verməyib, təkcə onu bildirib ki, orda sərhədçilər üçün obyektlər tikiləcək.

AzadlıqRadiosu erməni xidmətinin məlumatına görə, Rusiya sərhədçiləri onları hərbi obyekti tərk etməyə və çəkiliş aparmamağa çağırıblar.

Mənbə yazır ki, Noyemberyan icmasının rəhbəri də onlara məlumat verməkdən imtina edib, deyib ki, bunu Müdafiə Nazirliyinin özündən soruşun.

Mənbə yazır ki, kənd sakinləri Rusiya sərhədçilərinin gəlişini müxtəlif cür yozurlar.

Biri deyir ki, ruslar bizim dostumuzdur, digəri isə deyir ki, ruslar sərhədə xoş niyyət üçün gəlməyiblər.

Əskiparada yaşayan Jora Sepxanyan adlı yaşlı müəllimsə qorxur ki, demorkasiya onların xeyrinə olmaya bilər.

Deyir ki, 90-cı illər Qarabağ müharibəsi zamanı Azərbaycan kəndləri olan Yuxarı və Aşağı Əskipara onların nəzarətinə keçib və indi bu kəndlərin qaytarılması onlara ciddi problemlər yaradacaq.

“Əgər demorkasiya nəticəsində bu torpaqları onlara qaytarsalar, camaat bunu qəbul etməyəcək. Təhlükə yenə qalacaq və gənclər gedəcək. Mənim 80 yaşım var və bilirəm ki, bu torpaqları qaytaran, ermənilərin düşməni olacaq. Belə halda Kirovakana yol açılacaq” deyə o, vurğulayıb.

Qeyd edək ki, 44 günlük son Qarabağ savaşı və 3 tərəfli atəşkəs razılaşmasından sonra, mətbuatda, Ermənistanın Tavuş vilayəti ilə həmsərhəd olan Azərbaycanın Qazax rayonunun anklav kəndlərinin yenidən Azərbaycana qaytarılması barədə məlumatlar dolaşır. Hələlik bu məsələylə bağlı son durum barədə elə bir rəsmi açıqlama yoxdur.

Qazax rayonunun işğal olunmuş 7 kəndi.

1992-ci ildə Azərbaycanın Qazax rayonunun 7 kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal olunub.

Bu kəndlərdən üçü - Sofulu, Barxudarlı və Yuxarı Əskipara Azərbaycanın Ermənistan ərazisindəki anklavlarıdır.

Xatırlatma

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və həmin il noyabrın 9-da imzalanmış 3 tərəfli atəşkəs razılaşmasması ilə, Qarabağın bir hissəsini və ətraf 7 rayonu Ermənistanın işğalından azad edib. Qarabağdakı erməni icmasının yaşadığı Azərbaycan əraziləri ilə Azərbaycan ordusu arasındakı təmas xəttində isə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG