Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:44

Talibana necə təzyiq göstərəcəklər


Kabildə bank növbəsi. Adamlar pullarını çıxarmaq istəyirlər
Kabildə bank növbəsi. Adamlar pullarını çıxarmaq istəyirlər

Əfqanıstan xaricdən pul köçürmələrindən də çox asılıdır, xaricdə işləyən miqrantların göndərdiyi ödənişlər ölkə ÜDM-nin 4 faizə qədərini təşkil edir

Birləşmiş Ştatlar və müttəfiqləri Əfqanıstanı Talibanın ümidinə buraxsa da islamçı yaraqlıların adamların ölkədən çıxışına icazə vermək öhdəliyinə əməl etməsi üçün “təzyiq vasitələri” var. ABŞ Prezidenti Co Bayden belə bir açıqlamayla çıxış edib.

“Reuters” agentliyi bu təzyiq vasitələrinin nələrdən ibarət olmasını araşdırıb.

9 milyard dollar

Əfqanıstanın 9 milyard dollarlıq qızıl və xarici valyuta ehtiyatının taleyi Birləşmiş Ştatların əlindədir. Bu məbləğin 7 milyard dolları ABŞ-da, 1.3 milyardı digər beynəlxalq hesablarda, 700 min dolları isə Beynəlxalq Hesablaşmalar Bankında yerləşir. Bu haqda Əfqanıstan mərkəzi bankının başçısı ölkədən qaçandan sonra tvitində yazıb.

Vaşinqton Əfqanıstan hökumətinin ABŞ ərazisindəki aktivlərini dərhal dondurub. Beynəlxalq Valyuta Fonu avqustun 18-də Əfqanıstanın BVF resurslarına çıxışını bağlayıb. Buraya 440 milyon dollarlıq fövqəladə rezervlər də daxildir.

Hazırda Əfqanıstan mərkəzi bankının rəsmiləri, Rusiya daxil bəzi xarici hökumətlər və humanitar təşkilatlar Vaşinqtona təzyiq göstərirlər ki, dondurulmuş aktivlərə çıxışı asanlaşdırsın. Rusiya rəsmisinin sözlərinə görə, əks halda Taliban narkotiklərə və silah qaçaqçılığına üz tutar.

İdxal, qrantlar

Əfqanıstan idxaldan asılıdır, ərzaq, yanacaq, geyim idxal edir. 2019-cu ildə 8.6 milyard dollarlıq məhsul idxal olunub. İlk yerləri torf, buğda və neft tutur. Hər il elektrik enerjisinin 70 faizi 270 milyon dollara idxal olunur.

Agentlik yazır ki, Talibanın dollara, xarici valyuta ehtiyatlarına çıxışı olmasa bu idxalı həyata keçirə bilməz. Xaricdəki aktivlər dondurulanda qruplaşmanın cəmi ikigünlük idxal üçün pulu qalmışdı. ABŞ və müttəfiqləri isə dollar tranzaksiyalarına və rezervlərə çıxışı Talibanın davranışı ilə şərtləndirə bilər.

Birləşmiş Ştatlar xarici yardımda əsas rol oynayır, Əfqanıstan Rekonstruksiya Fonduna nəzarət edən Dünya Bankı və BVF-də nüfuz sahibidir. Üstəlik, indiyədək Əfqanıstan hökumətinə və QHT-lərə milyardlar ayırıb. Taliban avqustun 15-də hakimiyyətə keçəndən sonra Dünya Bankı maliyyəni dayandırıb. Fondun gələcək taleyi bəlli deyil.

Avqustun 15-dək Əfqanıstan ilə 8.5 milyard dollar qrant əldə edirdi ki, bu da ümumi daxili məhsulun 43%-i idi. Qrantlar büdcə xərclərinin 75, büdcənin 50, hökumətin təhlükəsizlik xərclərinin 90 faizini təşkil edirdi.

Ölkənin bu resurslara çıxışının hər hansı formada bərpası da Talibanın davranışı ilə şərtləndirilə bilər.

Sanksiyalar, bank sektoru

Talibana ümumilikdə və ayrı-ayrı liderlərinə qarşı ABŞ və BMT sanksiyaları qüvvədədir. Bu isə onların dollar tranzaksiyaları və ABŞ maliyyə sisteminə çıxışını yasaqlayır. Qərbin maliyyə qurumları da Talibanla işbirliyindən qaçır.

Ölkənin özəl bank sektoruna da təzyiq artır. Əfqanıstandakı 12 bankın hamısına dollar tranzaksiyaları üçün xarici banklarla işləmək lazımdır, üçü isə birbaşa Talibanın nəzarətindədir.

Citibank və digərləri mümkün sanksiya pozuntusundan dolayı dəstəyi dayandırıblar.

Əfqanıstan xaricdən pul köçürmələrindən də çox asılıdır, xaricdə işləyən miqrantların göndərdiyi ödənişlər ölkə ÜDM-nin 4 faizə qədərini təşkil edir.

“Western Union” və “Moneygram” bu xidmətləri dayandırıb. Bir çox ailələr ərzaq pulunu məhz həmin vəsaitlə ödəyirdilər. Xidmətlərin açılması üçünsə ABŞ-ın maliyyə sanksiyalarını yüngülləşdirməsi lazımdır.

XS
SM
MD
LG