Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:26

Taliban hökumətindən narahatdırlar


Köçkün ailələri Kabildə parkda
Köçkün ailələri Kabildə parkda

Ağ evin sözçüsü Jen Psakinin sentyabrın 7-də bildirməsinə görə, Taliban hökuməti tezliklə tanınmayacaq

Birləşmiş Ştatlar Talibanın yeni hökumətdə veteran sərt xətt tərəfdarlarına yer verməsindən narahatlıq bildirib.

“Elan olunan siyahıdakı adlar eksklüziv olaraq Taliban üzvləri, yaxud ona yaxın şəxslərdir, qadın yoxdur. Bu bağlılıqdan, bəzi fərdlərin keçmişindən narahatıq”, – Dövlət Departamenti sentyabrın 7-də bildirib.

“Talibanın bunu aralıq hökuməti kimi təqdim etməsini anlayırıq. Amma Talibana sözlərinə görə deyil, hərəkətlərinə görə qiymət verəcəyik”, – bəyanatda vurğulanır.

Əfqan xalqının ehtiyaclarına uyğun hökumət

“Əfqan xalqının daha inklüziv hökumətə layiq olmasıyla bağlı gözləntimizi aydın ifadə etmişik”, – qurum bildirib.

Taliban Mövləvi Heybətulla Axundzadəni ali lider elan etməklə hökumətə dini damğanı vurub. Qruplaşmanın həmtəsisçisi, BMT-nin sanksiya siyahısında olan Molla Məhəmməd Həsən Axund baş nazirin vəzifəsini icra etməyə başlayıb. O, Talibanın 1990-cı illərdəki idarəçiliyi dövründə əsas vəzifələrdə olub.

Talibanın sözçüsü Zabihulla Mücahid deyib ki, “müvəqqəti” hökümət əfqan xalqının ehtiyaclarına uyğun formalaşdırılıb.

Taliban avqustda Kabildəki Qərbin dəstəklədiyi hökuməti devirib. O vaxtadək quraqlıq, köçkünlük, humanitar böhran yaşanan ölkədə indi də bürokratik əngəllər yaranıb, iqtisadi böhran dərinləşir. Mərkəzi bankın rezervləri və xarici yardım dondurulub.

Cəmi iki tacik, biri özbək

Hökumətin bütün üzvləri Talibanın içindəndir, dinlə bağlıdır. Hökumətdəki 33 vəzifənin demək olar hamısını etnik puştunlar tutublar. Onlar əhalinin 40 faizini təşkil edirlər.

“Taliban 20 ildi hakimiyyəti ‘monopoliyaya almayacağını’ deyirdi, son iki ildəsə ‘inklüziv’ hökumət vəd edirdi”, – Beynəlxalq Böhran qrupunun konsultantı İbrahim Bəhis Twitter-də yazıb.

“33 nəfərin hamısı talibançıdır, ikisi tacik, biri isə özbəkdir. Qalanları puştundur. Bilmirəm inklüziv bunun harasına uyğun gəlir”, – o qeyd edib.

Axundzadə Əfqanıstanda İslam qaydaları və şəriət qanunlarının tətbiq olunacağını vurğulayıb.

Hökumətdə yer alan digər aparıcı fiqur Talibanın həmtəsisçisi Molla Əbdül Qani Bəradərdir. O, Axundzadənin birinci müavini təyin olunub.

Hökuməti tanıyacaqlarmı

Qərb ölkələri humanitar yardım göndərmək üçün Talibanla işləməyə hazır olduqlarını desələr də, daha geniş iqtisadi əməkdaşlığın qruplaşmanın forması və hərəkətlərindən asılı olacağını bildiriblər.

Ağ evin sözçüsü Jen Psakinin sentyabrın 7-də bildirməsinə görə, Taliban hökuməti tezliklə tanınmayacaq.

Dövlət Departamenti bildirib ki, Vaşinqton Talibanı götürdüyü öhdəliklərə əməl etdirəcək. Bu öhdəliklərə səyahət sənədləri olan əcnəbilər və əfqanların ölkədən təhlükəsiz çıxışına, Əfqanıstandan razılaşdırılmış ünvanlara uçuşlara icazə verilməsi daxildir.

“Taliban həmçinin Əfqanıstan torpağından digər ölkələrin hədələnməsi üçün istifadə olunmamasını, əfqan xalqına humanitar yardıma çıxışı təmin etməlidir”, – qurumun bəyanatında deyilir.

XS
SM
MD
LG