Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:46

Hökumətin tədbirlərindən sonra taksilər bahalaşıb, hələ bir az da bahalaşa bilər


Taksilərlə bağlı qərar maşın bazarında təsirini göstərir
Gözlə

No media source currently available

0:00 0:04:46 0:00

Taksilərlə bağlı qərar maşın bazarında təsirini göstərir

Azərbaycanda taksilərdə iyunun 1-dən minimal gediş haqqının 4 manat 50 qəpik olacağı iddia edilir. Bu barədə iddiaları bəzi taksi sürücüləri əməkdaşlıq etdikləri şirkətlərə istinadən yayırlar.

Hazırda minimal gediş haqqı 2 manat 50 qəpikdir və deyilən artım olarsa, bu, 50 faizdən çox artım sayılacaq.

İndinin özündə belə taksilərdə qiymətlərin əvvəlki aylara nisbətən artması ilə bağlı şikayətlər eşidilir. Bütün bunlar da hökumətinin son qərarlarından sonra taksi sayının azalması ilə əlaqələndirilir.

Nazirlər Kabinetinin məlum qərarı

Martın 28-də Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"i təsdiqləyib. Sənədə əsasən, iyulun 1-dən taksi avtomobilləri ən azı "Avro-5" ekoloji standartına uyğun olmalıdır. Üstəlik, istehsal tarixindən səkkiz ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə buraxılış kartı verilməyəcək.

Ötən il oktyabrın 1-də "Avtomobil nəqliyyatı haqqında" Qanun qüvvəyə minmişdi. Oradakı dəyişiklərə əsasən, taksi operatoru kimi icazə almaq üçün 3 min manat rüsum müəyyən edildi. Eyni zamanda, taksilərə taksometr və videoreqistrator quraşdırılması tələbi yer aldı...

Polis "birmanatlıq taksi"lərə qarşı
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00

Artıq indi taksilərin sayında azalma müşahidə olunur. Hələlik bununla bağlı rəsmi statistika açıqlanmasa da, taksi sürücüləri deyir ki, taksi sayında 2 minə yaxın azalma var.

Hələ martda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirmişdi ki, paytaxtda 60 min taksi mövcuddur. Onun sözlərinə görə, Bakının adam sayı nəzərə alınmaqla cəmi 20 min civarında taksiyə ehtiyacı var. O, taksilərin sayında azalma olacağını istisna etməmişdi.

"Sifarişlər artıb, amma sərnişinlərin çoxu narazıdır"

Bakıda taksi fəaliyyəti ilə məşğul olan Elnur Məmmədov deyir ki, hazırda taksilərə tələbat əvvəlki kimi qalıb: "Hətta maşınların sayı azaldığına görə sifarişlərin sayı çoxalıb. Amma sərnişinlərin çoxu qiymət artımından narazıdırlar. Deyirlər ki, minimal gediş haqqı 4.50 olacaqsa, taksidən istifadə etməyəcəklər".

Onun fikrincə, bu, onların qazanclarına da təsir edəcək: "Heç kim taksi ilə getməsə, mən evə çörək apara bilməyəcəm".

"...Qiymət rəqabət şəraitində formalaşır"

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "Turan"a bildirilib ki, bugünədək 800-dən çox şəxs onlara müraciət edərək taksi fəaliyyəti üçün icazə alıb.

Minimal gediş haqqının 4 manat 50 qəpiyə qədər artırılacağı ilə bağlı deyilənlərə gəldikdə isə, qurumdan vurğulanıb ki, taksi minik avtomobilləri ilə daşıma qiymətləri tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur: "Taksi operatorları tərəfindən qiymət rəqabət şəraitində formalaşır".

Qiymətlər düşür, ənənəvi taksi sürücüləri 'ağlayır'
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

"Birdən-birə qiyməti 60-70 faiz artırmaq..."

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə AzadlıqRadiosuna deyib ki, süni surətdə, bazarın tələbatı olmadan qiymət ilə belə oynamaq düzgün deyil: "Taksi sahəsində həyata keçirilən tədbirlər uğurla davam etsə, ictimai nəqliyyatın vəziyyəti yaxşılaşsa, taksi xidmətinin qiymətinin artması gözləniləndir. Amma birdən-birə qiymətini 60-70 faiz artırmaq... Bu, artıq süni artırmaq deməkdir".

Ekspertin fikrincə, taksi sifarişi operatorları buna getməməlidir: "Buna getsələr, birinci növbədə müştərilərini itirəcəklər. Adamlar başqa variantları axtarmağa, imkan daxilində, ümumiyyətlə, taksi xidmətlərindən istifadə etməməyə başlayacaqlar. Bu isə nə həmin taksi xidməti operatorlarına, nə də taksi sürücülərinə yaxşı nəsə vəd edir".

Onun sözlərinə görə, Bakıda ictimai nəqliyyat bərbad vəziyyətdədir: "Biz əhəmiyyətli dəyişiklikləri görmürük və yaxın perspektivdə də radikal dəyişikliklər gözlənilmir. Bu da problemə çevriləcək. Taksi xidmətlərindən istifadə etməyə ehtiyacı olan adamlar, ictimai nəqliyyat tapa bilməyən adamlar çətin vəziyyətə düşəcəklər. Bu da qeyri-leqal taksi fəaliyyətinə təkan verə bilər".

Mövzu ilə bağlı taksi şirkətləri ilə danışmaq mümkün olmayıb.

XS
SM
MD
LG