Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:26

Taksi qiymətlərinin artması nələri dəyişdi?


Taksi sahəsində rüsumların artırılması kimin işinə yarayır?
Gözlə

No media source currently available

0:00 0:08:43 0:00

Taksi sahəsində rüsumların artırılması kimin işinə yarayır?

Bu ilin iyulundan başlayaraq Bakıda taksilərin qiymətində minimum hədd müəyyənləşdirilmiş, ölkənin əsas taksi şirkətləri ortaq qərarla minimum taksi ödənişinin 2 manat 50 qəpik olduğunu açıqlamışdı. Həmin qəraradək səfərlərin minimum qiyməti 1 manatdan başlayırdı. Rəsmi açıqlanan rəqəmlərə görə, paytaxtda 28 minə yaxın şəxs taksidə çalışır. Onların da 90 faizi onlayn platformalar üzərindən fəaliyyət göstərir.

Qiymətlərin artma səbəbləri

Qiymətlərin artırılmasını taksi şirkətləri açıqlasa da, əslində bahalaşmanı hökumətin qərarları doğurmuşdu. "Dövlət rüsumu haqqında" Qanuna dəyişikliyə görə, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün rüsum 3 min manat, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün rüsum 125 manat, hər bir nəqliyyat vasitəsinə buraxılış kartının verilməsi üçün rüsum 25 manat məbləğində müəyyənləşdirilmişdi.

Görünür, yayda qəbul edilən qiymət artımı qərarları hələ son deyil. Axı bugünlərdə aparıcı taksi operatorlarından olan "Bolt" şirkəti qiymətləri yenidən 10 faiz bahalaşdırdı. Şirkət mediaya açıqlamasında bildirib ki, hal-hazırda 10 faiz qiymət artımı olub və bu artım bütün sifarişlərə aiddir. Ancaq belə görünür, gələn il də taksi qiymətlərində bahalaşma ehtimalı yüksəkdir. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bugünlərdə bildirib ki, növbəti ilin əvvəlində taksi nəqliyyat vasitələrinə texniki tələblər tətbiq ediləcək. İndi tələblərin təsdiqlənmə mərhələsi bitməkdədir.

Taksi sürücüləri niyə kart qəbul etmir?
Gözlə

No media source currently available

0:00 0:06:17 0:00

Qiymət artımları nəyi dəyişdi?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin açıqlamasından aydın olur ki, qiymətlərin bahalaşması taksidən istifadəni azaldıb. Minimum qiymət tələbi qüvvəyə minəndən bəri Bakıda taksi səfərlərinin sayı təxminən 14 faiz azalıb. Təhlillər göstərir ki, taksi ilə metroya və ya metrodan edilən səfərlərin sayı da ciddi ölçüdə aşağı düşüb. Qısa məsafəli səfərlərin azalması hesabına ortalama səfər məsafəsi 8.5 km-dən 10 km-dək artıb. Taksi qiymətlərinin bahalaşması insanların avtobuslara yönəlməsinə səbəb olub. Taksilər bahalaşandan sonra avtobuslarla gündəlik daşıma sayı 100 min nəfər artaraq 1 milyon 600 minə çatıb.

Hökumət rəsmisi açıqlamasında taksi ilə gedişlərin azalmasından müsbət hal kimi bəhs edib və bunu tənzimləmə uğuru sayıb. Ancaq unutmaq olmaz ki, Azərbaycanda taksi xidmətlərinə marağın artması əhalinin rifah səviyyəsinin yüksəlməsindən deyil, ictimai nəqliyyatın yarıtmazlığından qaynaqlanır. Ekspertlərin fikrincə, ölkədə taksi şirkətlərinin fəaliyyətini genişləndirən əsas amillər qiymətin öncəki illərlə müqayisədə ucuzlaşması və digər ictimai nəqliyyat növlərinin yetərsizliyidir. Hökumət uzun illərdir metro şəbəkəsinin inkişafına dair açıqlamalar verir. Di gəl, bu sahəyə ayrılan vəsaitin yetərsizliyi üzündən metro şəbəkəsi çox ləng gəlişir. Avtobuslarla da bağlı oxşar problemlər var. Bu üzdən əslində taksi fəaliyyəti ilə bağlı yaşanan problemlərin təbii həlli baxımından ictimai nəqliyyat sisteminin inkişafı vacib rol oynaya bilər. Vətəndaşların rahat hərəkəti üçün hökumətin uğurlu siyasət aparmaması Bakıda taksi xidmətinə tələbi artırır.

Bir neçə ay olar taksi sürücülərinin xidmət səviyyəsini artırmaqla bağlı təlimlər keçirilir. İndiyədək 14 min taksi sürücüsü bu təlimlərə qatılmaq üçün müraciət edib və onlardan 11 mini təlimlərə qatılıb.

Milyonlar xərclənən "BakuBus"lar depoda istifadəsiz qalıb - EKSKLÜZİV görüntülər
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00

Taksi parkı çox köhnədir

Son illər ölkədə taksi xidmətlərindən istifadə artsa da, xidmətin səviyyəsi o qədər ürəkaçan deyil. Olur ki, taksi sürücüləri nağdsız ödənişləri səbəb göstərib sifarişi yerinə yetirmir, ya da avtomobillər standartlara cavab vermir. Bugünlərdə taksi fəaliyyəti göstərən avtomobillərin yaş bölgüsü də ictimaiyyətə açıqlanıb. Bəlli olub ki, paytaxtda taksi kimi istifadə edilən avtomobillərin çoxu köhnə avtomobillərdir. Onların cəmi 7 faizinin istismar müddəti 5 ildən azdır. Əvəzində, rəsmi rəqəmlərə görə, Bakıdakı taksilərin 83 faizinin yaşı 10 ili ötür. Paytaxtda taksi kimi istifadə edilən maşınların 20 faizinin yaşı hətta 20 ildən də çoxdur.

Taksi şirkətlərinin fəaliyyətinin genişlənməsinin Azərbaycanın avtomobil bazarında ortaya çıxardığı digər bir trend də hibrid avtomobillərin say artımıdır. Rəsmi rəqəmlərə görə, Azərbaycana hibrid avtomobillərin gətirilməsi 2018-ci ildən başlanıb. Həmin il ölkəyə cəmi 146 ədəd belə avtomobil gətirilsə də, 2019-cu ildə eyni göstərici 3 min 645-ə, 2020-ci ildə isə 5 min 80-ə yüksəlib. 2021-ci ildə hibrid avtomobil idxalı iki dəfədən çox artıb və 12 min 936-ya çatıb. Ötən il eyni göstərici 11 min 337 olub. Deməli, son dörd ildə ölkəyə 32 mindən çox hibrid avtomobil gətirilib. Bunların da böyük bölümü taksi kimi istifadə edilən avtomobillərdir.

XS
SM
MD
LG