Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:35

Türkiyə və Fransa arasında gərginlik təhlükəli həddə çatıb


Türkiyə hərbi dəniz donanmasının gəmiləri Oruc Reis geoloji tədqiqat gəmisini müşayiət edirlər
Türkiyə hərbi dəniz donanmasının gəmiləri Oruc Reis geoloji tədqiqat gəmisini müşayiət edirlər

Paris Kipr sahilləllərində neft-qaz axtarışı ilə bağlı mübahisədə Afinanı dəstəkləmək üçün Aralıq dənizinə hərbi donanma gəmilərini göndərdikdən sonra NATO üzvləri olan Fransa və Türkiyə arasında gərginlik son həddinə çatıb.

Yunanıstanın baş naziri Kyriakos Mitsotakis avqustun 12-də televiziya ilə müraciətində xəbərdarlıq edib ki, belə qapalı bir dəniz hövzəsində bu qədər hərbi gəminin yığılması qəza riskini artırır.

Financial Times qəzeti yazır ki, Fransa prezidenti Emmanuel Macron-la Mitsotakis arasında telefon söhbətindən sonra Paris “Aralıq dənizindəki vəziyyəti daha yaxından monitorinq etmək” və “beynəlxalq qanunlara riayət olunmasını təmin etmək” məqsədilə Aralıq dənizinə hərbi gəmilərini göndərib.

Bundan başqa Fransanın iki Rafale hərbi döyüş təyyarəsi Yunanıstanın Krit adasında mənzillənib.

Livana yardımın daşınması ilə məşğul olan Tonnerre helikopterdaşıyanı da bu bölgədədir.

Bugünlərdə Yunanıstanla Fransanın birgə dəniz təlimində iştirak etmiş Lafayet döyüş gəmisi də Kiprdən üzərək sözü gedən dəniz bölgəsinə gəlib.

“Aralıq dənizinin sahilində olmayan ölkə…”

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Fransanın adını çəkməsə də belə bir bəyanat verib:

“Heç bir xarici ölkənin, şirkətin və ya gəminin bizim ərazi sularımızda icazəsiz olmasına yol verilməyəcək. Biz burada Aralıq dənizində ümumiyyətlə sahili olmayan bir ölkənin Yunanıstanı və Kiprin yunan administrasiyasını yanlış addımlara sövq edən təxribatını görürük”.

Almaniya bildirib ki, yaranmış vəziyyətdən “son dərəcə narahatlıq keçirir”.

Kansler Angela Merkelin sözçüsü Steffen Seibert deyib ki, Berlin hər iki tərəflə danışıb və Türkiyə ilə Yunanıstanın birbaşa dialoquna ehtiyac var.

Gərginliyin artmasına Yunanıstanla Misir arasında dəniz sərhədlərinin Krit adasından cənubda delimitasiyasına dair razılaşmanın imzalanması səbəb olub. Türkiyə də bu əraziyə iddialıdır və bu il Liviya ilə buna bənzər razılaşma imzalayıb.

“Karbohidrogen hüququ”

Financial Times yazır ki, son illərdə Aralıq dənizində, Afrikanın şimalında və Yaxın Şərqdə hərbi əzələ nümayiş etdirən Türkiyənin prezidenti Erdoğan, xanım Merkellə və Avropa Şurasının sədri Charles Michel-lə telefonla danışacağını deyib.

Avropa İttifaqının üzvü olan Kiprin yunan və Türkiyə tərəfindən dəstəklənən türk administrasiyası arasında bölüşdürülməsi Afina və Ankara arasında münasibətləri illərdir ki, korlayıb.

Türkiyə Şimali Kipr Türk Respublikasını tanıyan yeganə ölkə olaraq qalır.

Erdoğan deyib ki, Aralıq dənizində gərginliyi artıran onun ölkəsi deyil:

“Yunanıstan və Kiprin yunan administrasiyası Kipr türklərini onların karbohidrogen hüquqlarından məhrum etmək istəyirlər”.

Mitsotakis televiziya ilə təcili çıxışında deyib ki, avqustun 13-də Türkiyənin Oruc Reis neft-qaz kəşfiyyat gəmisini izləyən Yunanıstan hərbi gəmisi az qala Türkiyənin hərbi gəmisi ilə toqquşub.

Yunanıstanın Müdadfiə Nazirlıiyi bu insident barədə məlumat verməmişdi.

Yunanıstan baş naziri bunu da deyib ki, Afina bu ərazidə müstəsna iqtisadi zonalara dair danışıqları bərpa etməyə hazırdır.

Avropa nazirləri nə deyəcəklər?

Financial Times yazır ki, Parisin müdaxiləsi Avropa İttifaqı xarici işlər nazirlərinin avqustun 14-də keçiriləcək görüşünün ərəfəsinə təsadüf edib.

Bu iclasda məhz Aralıq dənizindəki vəziyyət müzakirə olunmalıdır.

Məqalədə deyilir ki, Avropa İttifaqının Türkiyə üzərinə qoyduğu sanksiyalar indiyədək simvolik səciyyə daşıyıb.

Avropa xarici işlər nazirləri ötən ay Türkiyə ilə gərginliyi artırmamaq barədə qərar qəbul etsələr də, Aİ xarici işlər komissarı Josep Borrell-ə, Türkiyə neft-qaz kəşfiyyatı işlərini dayandırmadığı təqdirdə Ankaraya qarşı konkret təklif planı hazırlamağı həvalə etmişdilər.

Cənab Borrell ötən həftə Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlu ilə Maltada görüşərək Avropa İttifaqı-Türkiyə münasibətlərini və şərqi Aralıqdakı vəziyyəti müzakirə etmişdilər.

Cənab Çavuşoğlu ötən ay bildirmişdi ki, Avropa İttifaqı onun üzərinə sanksiyalar qoyarsa, Ankara cavab reaksiyası göstərəcək.

XS
SM
MD
LG