Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:16

Sonuncu Qarabağ xanının bayrağı Azərbaycana 2-ci dəfə belə gətirildi


Qarabağ xanı Mehdiqulu xanın bayrağı
Qarabağ xanı Mehdiqulu xanın bayrağı

Sonuncu Qarabağ xanı Mehdiqulu xana rus çarının hakimiyyət rəmzi kimi təqdim etdiyi bayrağın keşməkeşli tarixçəsini tarixçi-alim Səbuhi Əhmədli danışır.

- Səbuhi bəy, ötən ay yeni bir araşdırmanızın kitab halında çıxdığı açıqlandı. Sonuncu Qarabağ xanı Mehdiqulu xanın bayrağına həsr olunmuş kitab hansı istəkdən yarandı?

- Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında tariximizin müxtəlif səhifələrini nümayiş etdirən minlərlə eksponat mövcuddur. Lakin onların böyük əksəriyyəti hələ tam tədqiq edilməyib. Əgər müəyyən sənətkarlıq növləri (ipəkçilik, xalçaçılıq, dulusçuluq və s.) və müəyyən dövrlər hələ sovet hakimiyyəti illərində tədqiq olunmağa başlamışdısa, dövlətçiliklə bağlı eksponatların tədqiqi yalnız müstəqillik illərində mümkün olub və hazırda, ümumiyyətlə, zəif təşkil edilib.

Muzeydə qorunan və Mehdiqulu xan Qarabağlıya məxsus olmuş bayraq tarixi əhəmiyyətinə görə, demək olar, qiymətsizdir. Bayraq Rusiya imperatorlarının Qarabağ hakimləri qismində məhz Cavanşir sülaləsindən olan Azərbaycan xanlarını tanımalarının maddi sübutudur. Bu bayraq təltif deyil, hakimiyyət rəmzi olaraq hədiyyə edilib.

- Kitab «Qarabağ xanı Mehdiqulu xanın bayrağı» adlanır. Lütfən bu bayrağın tarixçəsini AzadlıqRadiosu dinləyiciləriylə bölüşün. Qaynaqlar bayrağın təqdim edildiyi tarixi şəraitdən nələr yazır? Bayrağın özəlliyi nədir?

- 1805-ci il mayın 14-də Qarabağ xanlığı ilə Rusiya İmperiyası arasında xanlığın imperiyaya birləşdirilməsi haqqında Kürəkçay müqaviləsi imzalandı. Xanlıq adından müqaviləni onun başçısı İbrahim Xəlil xan, imperiya adından isə general Pavel Sisianov imzaladı. Müqaviləyə əsasən, imperator boynuna götürürdü ki, «.... Alirütbəli İbrahim-xan və onun varisləri və xələflərini Şuşa xanlığının rəhbərliyində saxlayacaq. Daxili idarəetməni, məhkəmə və cəza vermək hüququnu, həmçinin, əmlakdan olan gəlirləri Alirütbəli xanın tam sərəncamına buraxacaq...».

Müqavilədə Rusiya imperatoru tərəfindən İbrahim Xəlil xana dövlətçilik rəmzi olan bayrağın təqdim edilməsi haqqında məlumat da var: «Əlahəzrət imperator Şuşa və Qarabağ xanı İbrahim xana özünün lütfkarlığını nümayiş etdirərək, ona və onun varislərinə Ümumrusiya imperiyasının gerbinin təsviri olan bayraq hədiyyə edir ki, bu bayraq xanlıq və göstərilən ərazi üzərində onun hakimiyyət rəmzi kimi yanında olmalıdır; əgər müharibəyə getməyə ehtiyac yaranarsa, bu bayraqdan xandan başqa heç kim istifadə edə bilməz».

1806-cı il iyunun 12-də Qarabağ xanı İbrahimxəlil xanın öz ailəsinin, demək olar, bütün üzvləri ilə birlikdə çar ordusunun mayoru D.T.Lisaneviçin dəstəsi tərəfindən qətlə yetirilməsi hərbi-siyasi vəziyyəti dəyişdi. Qafqazda nüfuzu olan İbrahimxəlil xanın xaincəsinə öldürülməsi bütün Şimali Azərbaycanı üsyanlara bürüdü. Dərbənd istisna olunmaqla rus qoşunları ölkənin bütün məntəqələrindən qovuldu. 1801-1805-ci illər yürüşlərinin nəticələri heçə endirildi. Üsyanları yatırmaq üçün imperator Cənubi Qafqaza əlavə qüvvələr göndərdi, lakin bu qüvvələr inadlı müqavimətlə üzləşdilər.

Belə bir zamanda İbrahimxəlil xanın Gəncəli Xurşidbəyim adlı arvadından olan oğlu Mehdiqulu ağa vəziyyətin gərginliyini dərk edərək hisslərə qapılmadı, Kürəkçay müqaviləsinə sadiq qalacağını təsdiqlədi. Bu xidməti yüksək qiymətləndirən rus qoşunlarının komandanı general-mayor Pyotr Nesvetayevin təqdimatı ilə imperator I Aleksandr Mehdiqulu ağanı Qarabağ xanı vəzifəsinə təsdiq etdi.

XIX əsr Rusiya tarixçisi P.Dubrovin qeyd edirdi ki, Mehdiqulu ağanın Qarabağ xanı təyin edilməsi barəsində fərman imperator I Aleksandr tərəfindən 1806-cı il sentyabrın 10-da imzalanmışdı. Mir Mehdi Xəzani isə öz əsərində fərmanın 1806-cı il sentyabrın 19-da Qarabağda elan olunması haqqında xəbər verir. Mirzə Camal Cavanşirin məlumatına görə, imperatorun fərmanı ilə birlikdə xana bayraq və qiymətli daş-qaşlarla bəzədilmiş qılınc təqdim edilmişdi.

Dövrün istər rus, istərsə də yerli müəllifləri Mehdiqulu xanın insani keyfıyyətləri sırasında rəhmdilliyini, eləcə də onun Rusiyaya sədaqətini xüsusi qeyd edirlər. Lakin Qafqazda Rusiya siyasətinin həyata keçirilməsinə cavabdeh olan Gürcüstandakı rus qoşunlarının baş komandanı, Əlahiddə Qafqaz Korpusunun komandiri general A.P.Yermolov Şimali Azərbaycan xanlıqlarının ləğv edilməsi siyasətini yürüdürdü. Yermolov özünün baş köməkçisi, Cənubi Qafqazın müsəlman əyalətlərinin idarə edilməsinə cavabdeh olan erməni mənşəli general V.Q.Mədətovla birlikdə Mehdiqulu xana qarşı müxtəlif fıtnələr törədir və hətta sui-qəsd hazırlayırdı. Bundan xəbər tutan Mehdiqulu xan 1822-ci il noyabrın 21-də İrana qaçmağa məcbur olur. Qafqazda A.P.Yermolovu əvəz etmiş general İ.F.Paskeviçin dövründə müəyyən olmuşdur ki, xan Qarabağı həm öz həyatını qorumaq, həm də «Mədətov tərəfindən ona olan incikliklər və qərəzliyə etiraz olaraq» tərk etmişdi.

1826-cı ildə II Rus-İran müharibəsi başladıqda rus komandanlığı Mehdiqulu xanı itirməklə səhv addım atdığını anladı. Rus qoşunlarının yeni komandanı general İ.F.Paskeviç Mehdiqulu xanı yüksək qiymətləndirir və onu yenidən Qarabağa qaytarmaq istəyirdi. O, uzun danışıqlardan sonra buna nail ola bildi. Mirzə Adıgözəl bəy Mehdiqulu xanın yenidən Qarabağa qayıtmasının çox təntənəli keçdiyini qeyd edir.

Səbuhi Əhmədli
Səbuhi Əhmədli

1838-ci il oktyabrın 30-da imperator I Nikolay xüsusi fərmanla Mehdiqulu xanın xidmətlərini qeyd etmiş, onun mülklərini özünə qaytarmışdı. Fərmana əsasən, Mehdiqulu xana 1806-cı ildə təqdim edilmiş bayrağın Qarabağ xanlarının hakimiyyət rəmzi kimi istifadə olunması hüququ təsdiq edildi.

Başqa sözlə desək, Muzeydə qorunan bayraq, əslində, İbrahim Xəlil xanın bayrağı olmalı idi, lakin onun oğluna qismət oldu. Bayrağın özəlliyi onun təmsil etdiyi fərmanla bağlıdır, yəni, bu bayraq İbrahim Xəlil xanın, sonra isə onun oğlunun Qarabağın hakimi qismində tanınmasının rəmzidir. Rusiya imperatoru hər hansı başqa millətin nümayəndəsini deyil, məhz azərbaycanlını - Cavanşir sülaləsinin üzvünü regionun hakimi kimi tanıyırdı.

- Mehdiqulu xana 1806-cı ildə təqdim olunan bayraq nədən XX əsrdə Azərbaycana gətirildi? Yəni, bu müddət ərzində bayraq harada olmuşdu və necə qorunmuşdu?

- Rusiya ilə Qacarlar dövləti arasındakı Türkmənçay müqaviləsinə (1828) əsasən, Azərbaycan bu iki dövlətin arasında bölüşdürüldü; bu proses Azərbaycan dövlətçiliyinin və onun atributlarının ləğvi ilə müşayiət olundu. Bu səbəbdən yerli zadəganlar, o cümlədən xanlar dövlətçilik rəmzlərini qoruyub saxlaya bilmədilər. Qarabağ xanlığı ləğv olunduğundan Mehdiqulu xanın vəfatından sonra ona təqdim edilən bayraq varislərinə verilmədi, yenidən Sankt-Peterburqa qaytarıldı və Tsarskoe Selo Saray Cəbbəxanasına təhvil verildi. Həmin bayraqlar yalnız 1888-ci ildə Tiflisdə Qafqaz Hərb Tarixi Muzeyi (QHTM; ona həmçinin Şöhrət Məbədi də deyilirdi - red.) açılarkən yada düşdü. Rus ordusunun zəfər yürüşünü təsvir və təbliğ edən bu muzeydə qənimət kimi alınmış Qafqaz bayraqları, eləcə də Rusiya-İran və Rusiya-Türkiyə müharibələrinin başqa qənimətləri nümayiş etdirilməliydi.


1906-cı ilin martında QHTM Qafqaz Hərbi Dairəsinin qərargahı nəzdindəki Hərb tarixi şöbəsinə tabe edildi, Tsarskoe Selo Saray Cəbbəxanası ləğv olundu, onun materialları isə üç muzey - Ermitaj, Artilleriya Tarixi Muzeyi və QHTM arasında bölüşdürüldü. 1907-ci il fevralın 11-də Qafqaz canişini qraf İ.İ.Vorontsov-Daşkovun iştirakı ilə QHTM-in ekspozisiyasının təntənəli açılışı oldu. Ekspozisiyada Azərbaycandan olan bayraqlar da nümayiş olunurdu. 1913-cü ildə «Hərb tarixi muzeyi üzrə yığcam bələdçi» tərtib edildi və həmin ildə «Qafqaz hərb tarix muzeyi üzrə bələdçi» adı ilə dərc olundu. Bələdçi kitabında «Fəxri xan bayraqları və möhürləri» bölməsində aşağıdakı məlumat verilmişdi: «№224. Fəxri bayraq, imperator I Aleksandr tərəfindən Mehdiqulu xan Qarabağlıya 1807-ci ildə verilib».

Azərbaycan Cümhuriyyəti (1918-1920) dövründə Azərbaycan dövlətçiliyini əks etdirən tarixi materialları vətənə qaytarmaq istiqamətində iş aparıldı. Hərbi nazir tam artilleriya generalı Səməd bəy Mehmandarovun göstərişi ilə Azərbaycanın Gürcüstandakı hərbi attaşesi podpolkovnik Məmməd bəy Əliyevə yuxarıda göstərilən Tiflis muzeyindəki Azərbaycan bayraqları və digər dövlətçilik rəmzlərinin Bakıya qaytarılmasına Gürcüstan hökumətinin razılığını almaq tapşırıldı. Azərbaycanın ilk geniş profilli muzeyi olan «İstiqlal» muzeyinin yaradılması istiqamətində iş başlandı. Lakin sonrakı hərbi-siyasi hadisələr və cümhuriyyətin süqutu planlaşdırılanları gerçəkləşdirməyə imkan vermədi.

Bolşevik işğalından sonra - 1920-ci ilin iyununda Bakıda Azərbaycan Dövlət Muzeyi yaradıldı və dövlətçiliyin tarixi atributlarının qaytarılması problemi yenidən qaldırıldı. Məsələ 1924-cü ilin sentyabrında Ümumazərbaycan Diyarşünaslıq Qurultayında müzakirə edildi. Qurultayda qəbul edilən qətnaməyə əsasən, Azərbaycan hökuməti digər sovet respublikalarının muzeylərində saxlanılan və Azərbaycan tarixinə aid edilən eksponatların Azərbaycan SSR-ə qaytarılması istiqamətində addımlar atmalıydı. 1925-ci ilin yanvarında Azərbaycan SSR Mədəniyyət Xalq Komissarlığının Kollegiyasında Azərbaycan Dövlət Muzeyinin direktoru, tarixçi-alim Davud Şərifovun SSRİ-nin mərkəzi muzeylərindən və müttəfiq respublikaların muzeylərindən tarixi materialların qaytarılması barədə məruzəsi dinlənildi; sonra dövlət muzeyinin əməkdaşlarının ölkənin mərkəzi muzeylərinə ezam olunması barədə qərar qəbul edildi.

Tiflisdəki QHTM-dən materiallar, eləcə də bəzi arxeoloji artefaktlar qaytarıldı. Gətirilən materiallar sırasında Azərbaycan xanlıqlarının atributları da vardı. Həmin ildə muzeyə bayraqlar, o cümlədən Mehdiqulu xana imperator I Aleksandr tərəfindən verilən bayraq da gətirildi. Bayraqlar ekspozisiyada nümayiş etdirilməliydi, lakin 1928-ci ildə muzey Stalin repressiyalarına məruz qaldı. Repressiya qurbanları sırasında muzeyin fondlarının zənginləşdirilməsi istiqamətində misilsiz fəaliyyət göstərmiş direktor Davud Şərifov da vardı. Onun əvəzinə direktor vəzifəsinə S.Manutsyan təyin ediləndə muzey «keçmişin qalıqlarının ləğv edilməsinə», sovet siyasətini həyata keçirməyə başladı. Bəzi eksponatlar Moskva muzeylərinə göndərildi, lakin xoşbəxtlikdən Mehdiqulu xanın bayrağı unuduldu və muzeyin yeni tarix fondunda qaldı...

Yalnız 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpa edilməsi yenidən öz tarixi keçmişimizə qayıtmağa imkan verdi. Həm Azərbaycan xanlıqlarının bayraqları, həm də xanlara müxtəlif dövrlərdə verilmiş bayraqlar geniş ictimaiyyətə təqdim edildi. 2008-ci ilin mayında Milli Azərbaycan Tarixi Muzeyində yeni ekspozisiya açıldı və burada Mehdiqulu xanın bayrağının mulyajı nümayiş olundu.

- Sonuncu Qarabağ xanı Mehdiqulu xan həm də Xurşud Banu Natəvanın atası kimi hörmətlə, sayğıyla anılır. Mehdiqulu xan nə qədər ömür yaşadı və qızıyla fəxr etməyə macal tapdımı?

Mehdiqulu xan Vəfa
Mehdiqulu xan Vəfa

- Mehdiqulu xan 1763-cü ildə anadan olub, atası İbrahim Xəlil xan, anası Gəncə xanı Cavad xanın bacısı Xurşidbəyimdir. Arxiv sənədlərinə görə, «Alirütbəli xan general-mayor, 1-ci dərəcəli Müqəddəs Anna ordeninin kavaleri Qarabağlı Mehdiqulu xan 1845-ci il mayın 14-də səhər saat 7-də yeddigünlük xəstəlik nəticəsində Ağdam şəhərində vəfat etmişdir». Xurşud Banu Natəvan 1832-ci ildə anadan olub, yəni, xan vəfat edəndə Natəvanın cəmi 13 yaşı var idi və o, hələ şairə kimi, maarifpərvər qadın kimi tanınmamışdı...

- Səhv etmirəmsə, Xurşud Banu Natəvan oğlanlarından birinə atasının adını vermişdi...

- Natəvanın kumık knyazı Xasay xan Usmiyevdən olan oğlunun adı Mehdiqulu idi. Mehdiqulu xan Vəfa kimi tanınan oğlu Rusiya ordusunda xidmət etmiş, podpolkovnik rütbəsində vəfat etmişdir, «Vəfa» təxəllüsü ilə şeirlər yazmışdır.

- Səbuhi bəy, Sizcə, Azərbaycan tarixşünaslığında Qarabağ xanlarının tarixi layiqincə öyrənilibmi və bu yöndə daha dərindən araşdırmalar aparmaq üçün nələrə ehtiyac var?

- Tarixin öyrənilməsinin əsas məqsədi ondan ibrət dərsi götürməkdir. Bunun üçün isə öyrənilən, məlum olan məqamlar təbliğ edilməlidir. Qarabağ xanlarının şəcərələri, həyat və fəaliyyəti ilə bağlı dəyərli tədqiqatlar mövcuddur, lakin onlarla nə xalqımızın əksəriyyəti, nə də xarici qonaqlar, hətta xarici tədqiqatçılar belə tanış deyil. Bunun üçün: 1. Elmi əsərlər böyük tirajla çap edilməlidir (misal üçün, Mehdiqulu xanın bayrağı haqqında olan kitab gülünc tirajla- 300 nüsxə dərc olunub). 2. Elmi əsərlər elmi-populyar və populyar şəkildə təqdim edilməlidir. Misal üçün, çətin ki, avropalıların əksəriyyəti Napoleon haqqında olan elmi əsərləri oxusun, lakin elə avropalı tapmaq çətindir ki, onun haqqında olan kiçik broşür, buklet, komiksləri oxumasın. 3.Tədqiqat elmi-əyani şəklə salınmalıdır, yəni, muzey şəklində mövcud olmalıdır. Tarixi şəxsiyyətlər, onların fəaliyyəti əyaniləşməlidir, filan xanın anadan olmasından ölümünə qədər olan faktlar müvafiq eksponatlar şəklində göstərilməlidir və bu yolla yaddaşlarda həkk olunmalıdır. Təəssüf ki, ölkəmizdə heç bir sülalə-nəsil muzeyi yoxdur. Əyaniliyin olmaması bu sülalələrlə bağlı olan məqamları da yadda saxlamağa mane olur.

Və sonda. Ölkəmizə minlərlə turist gəlir. Onların böyük əksəriyyəti ölkə ərazisinin 1/5 hissəsinin işğal olunmasını eşidir. Amma gəlin yada salaq - respublikada elə bir yer varmı ki, bələdçi turisti sərbəst şəkildə gətirsin bu yerə və göstərsin: «Bax bura Azərbaycan torpağıdır, lakin bu, bu və bu ərazilər işğal altındadır». Yəni, elə bir mədəni-turist obyekti varmı ki, orada işğal olunmuş ərazilərin tam xəritəsi verilsin?..

XS
SM
MD
LG