Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:15

'Son bir ildə 29 jurnalistə qarşı məhkəmə olub'


«Mətbuat Günü bir ildən sonra. Bir yoldan bir yola»
«Mətbuat Günü bir ildən sonra. Bir yoldan bir yola»

Bu gün, iyulun 22-də Bakıda «Mətbuat Günü bir ildən sonra. Bir yoldan bir yola» adlı tədbir keçirilib.

Tədbiri «Turan» İnformasiya Agentliyi, «Yeni Nəsil» Jurnalistlər Birliyi və Press Klub təşkil edib.

Tədbirin əvvəlində jurnalist Qulu Məhərrəmli «Əkinçi» qəzetin tarixindən, azad mətbuatın rolundan və ona basqılardan bəhs edib.

Daha sonra «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev «Bir il ərzində Azərbaycan mediasının durumu» adlı hesabat təqdim edib.

X.Ağalıyev
X.Ağalıyev

Hüquqşünas, media eksperti Xalid Ağalıyev media qanunvericiliyi, jurnalistlərə açılan cinayət işləri və informasiya əldə edilməsi problemləri barədə danışıb: «Əvvəlki işlərə baxanda bu bir il ərzində böhtan və təhqir əsasında heç kəs həbs olunmayıb. 3 jurnalistə qarşı yaydıqları məlumatlara görə məhkəmə qərarı çıxarılıb, cinayət cəzası verilib».

O vurğulayıb ki, bir ildə, ümumiyyətlə, 29 jurnalistlərə qarşı məhkəmə işləri olub: «13 dəfə jurnalistlər informasiya əldə edə bilmədiklərinə görə məhkəməyə üz tutub, lakin heç birini udmayıblar».

X.Ağalıyev sonra da həbsdə olan jurnalistlərdən danışıb: «Həbsdə olan jurnalistlər var, onlar uzun müddətdir həbsdədir, ümid edirəm ki, gələn il Milli Mətbuat Gününü biz həbsdə heç bir jurnalist olmadan qeyd edəcəyik».

60 resurs blokludur

Media ekspert Ələsgər Məmmədli isə saytların bloklanmasından söz açaraq, bunun beynəlxalq konvensiyalara zidd olduğunu bildirib: «Bu gün 60 resurs blokludur, onlardan 7-si barədə məhkəmə qərarı var. Qalanlar hansısa məmurun qərarı ilə bloklanıb. Bu, Azərbaycan imicinə ziddir, biz media azadlığı ilə bağlı bütün reytinqlərdə aşağı yer tuturuq. Aidiyyəti orqanlar papaqlarını qarşılarına qoyub fikirləşməlidirlər».

M.Əliyev
M.Əliyev

Cəmi 7 milyon 742 min manat

«Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev isə medianın iqtisadi əsaslarından danışaraq, Azərbaycanda medianın iqtisadi durumunu çox ağır olduğunu bildirib: «Statistika Komitəsinin məlumatına görə, medianın reklam bazarının həcmi 7 milyon 742 min manatdır, onlardan 6 milyon manatdan çox televiziyanın, cəmi 1000 manat isə çap mediasının payına düşür. Heç bir ölkədə belə aşağı göstəricilər yoxdur».

M.Əliyevin sözlərinə görə, qalan məbləğ saytların payına düşür. O, daha sonra da qeyd edib ki, beynəlxalq normalara görə, reklam bazarının həcmi ümumi daxili məhsulun (ÜDM) 1 faizini təşkil etməlidir: «Bu da 400 milyon dollardır».

M.Əliyev vurğulayıb ki, bir sıra saytlara «qara pul» axır: «Saytlara qara pul axır, qəzetlər isə alınmır. Qəzetlərə abunə dövlət orqanlarda təşkil edilir, köşklərdən isə qəzetlər alınmır. Çünki onlar oxucu üçün maraqsızdır. Hətta Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu bəzi qəzetlərə maliyyə dəstəyini dayandırıb. Belə acınacaqlı durum azad medianın inkişafı üçün şərait yaratmır və ildən ilə vəziyyət pisləşir».

«Günah keçisi»

«Yeni Nəsil» Jurnalistlər Birliyin rəhbəri Arif Əliyev də qeyd edib ki, media orqanlarına iqtisadi dəstək olmasa, onlar dayanacaq: «Gürcüstanda təkcə televiziyaya ayrılan reklam bazarı Azərbaycanda bütün medianın reklam bazarından 18 dəfə çoxdur».

Onun sözlərinə görə, Azərbaycanda media «günah keçisinə» çevrilib və mövcud durumu dəyişmir.

Ə.Əhmədov
Ə.Əhmədov

Rəsmilər nə deyir

«Mətbuat bütün cəmiyyətlərdə, o cümlədən Azərbaycan cəmiyyətində söz, fikir, ideya azadlığının həyata keçirilməsində əhəmiyyətli rol oynayan vasitələrdən biridir».

Bu fikri isə baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-İcra katibi Əli Əhmədov iyulun 22-də partiyalarında jurnalistlərin mükafatlandırılması mərasimində deyib.

Azərbaycanda çoxlu sayda kütləvi informasiya vasitələrinin (KİV) mövcud olduğunu deyən Ə.Əhmədovun sözlərinə görə, onlar cəmiyyətin informasiya ilə təmin olunmasında vacib rol oynayırlar.

Ə.Əhmədovun fikrincə, Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunur: «Ölkədə mətbuatın sərbəst fəaliyyəti üçün heç bir maneə yoxdur».

Ə.Əhmədov habelə qeyd edib ki, hazırda sosial şəbəkələr də informasiya vasitəsinə çevrilib: «Bu, informasiyanın operativ çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Lakin bu zaman məsuliyyət məsələsi meydana çıxır. Belə ki, doğru xəbərlərlə yanaşı, yanlış informasiyalar da bu vasitəylə yayılır. Sosial şəbəkələrdə sui-istifadə hallarına da rast gəlinir. Bu isə cəmiyyətə çaşqınlıq, narahatlıq yarada bilər».

Ən çox hansı qəzetləri alıb oxuyursuz?
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00

Azərbaycan rəsmiləri jurnalistlərə təzyiqlərlə bağlı deyilənləri də qəbul etmirlər. Onların deməsinə görə, həbsdə olan jurnalistlər tənqidi mövqeləri ilə bağlı yox, törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Xatırlatma

Bu gün, iyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü qeyd edilir. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi Bakıda «Əkinçi» qəzetini nəşr etdirib. Həmin gün milli mətbuatın əsasının qoyulduğu bildirilir.

XS
SM
MD
LG