Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:43

Şri Lanka Rusiyadan müharibədə həlak olmuş vətəndaşları üçün təzminat tələb edir


Şri Lanka nümayəndə heyəti Moskvada
Şri Lanka nümayəndə heyəti Moskvada

Şri Lanka Rusiyadan Ukrayna müharibəsində muzdlu kimi həlak olmuş vətəndaşlarına görə təzminat tələb edir.

Şri Lanka XİN-in internet səhifəsində dərc olunmuş məlumatda deyilir ki, Ukrayna müharibəsində həlak olmuş və yaralanmış şəxslərin ailələrinə təzminat ödənilməsi məsələsi dövlət xarici işlər naziri Taraka Balasuriyanın başçılığı altında nümayəndə heyətinin Moskvaya səfəri zamanı qaldırılıb.

Xəbər verilir ki, Şri Lanka nümayəndələri Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və müdafiə nazirinin müavini Aleksandr Fominlə görüşüblər.

Danışıqlar zamanı həlak olmuş 17 muzdlunun ailəsinə təzminat verilməsi, qalan Şri Lanka vətəndaşları ilə bağlanmış hərbi xidmət müqavilələrinin dayandırılması və yaralılara kompensasiya ödənilməsi müzakirə olunub.

Media məlumatlarına görə Ukraynada gedən müharibədə hər iki tərəfdə toplam 2 mindən artıq lankalının olduğu təxmin edilir.

Rusiya XİN bu görüşün təfərrüatları barədə məlumat verməyib.

“Aktual məsələlər”

Rusiya XİN-in rəsmi məlumatında deyilir ki, Rudenko ilə görüşdə Rusiya-Şri Lanka münasibətlərinin “aktual məsələləri” müzakirə edilib.

Agentstvo diqqəti belə bir məqama çəkir ki, Rusiyanın dövlət mediaları da bu barədə xəbərləri verməyiblər.

Bundan əvvəl Şri Lanka XİN bəyan etmişdi ki, lankalıların əksəriyyəti Ukrayna müharibəsinə aldadılaraq cəlb olunub.

Nazirlik bildirirdi ki, Rusiya tərəfi Şri Lanka vətəndaşlarına yüksək maaşlar, yaxşı iş, torpaq sahəsi və vətəndaşlıq vəd edib.

Bu da xəbər verilir ki, ötən ilin sonlarında Şri Lanka hökuməti müharibədə Ukraynanın tərəfində döyüşmək üçün muzdlu toplayan agentliyin fəaliyyətini dayandırıb.

XS
SM
MD
LG