Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:37

Şoyqu və Qerasimovun da həbslərinə order verildi


Soldan sağa: Valeri Qerasimov, Vladimir Putin və Sergey Şoyqu. İndi onların üçünün də həbsi barəsində BCM orderləri var
Soldan sağa: Valeri Qerasimov, Vladimir Putin və Sergey Şoyqu. İndi onların üçünün də həbsi barəsində BCM orderləri var

Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi (BCM) iyunun 25-də Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqunun və Rusiya silahlı qüvvələri baş qərargahının rəisi Valeri Qerasimovun həbslərinə order verib.

Onlarin ikisi də Rusiyanın Ukraynaya qarşı müharibəsində hərbi cinayətlər törətməkdə ittiham edilir.

BCM-nin 24 iyun tarixli məlumatında deyilir ki, onlar mülki obyektlərə zərbələr endirilməsi və mülki əhaliyə ifrat ziyan vurmuş epizodalar da daxil, ehtimal olunan hərbi cinayətlərdə ittiham edilirlər.

BCM-in məlumatında söhbət həm də insanlığa qarşı cinayətlərdən gedir.

BCM hakimləri qərara gəliblər ki, Şoyqu və Qerasimovun fərdi cinayət məsuliyyətini ehtimal etmək üçün kifayət qədər əsas var.

Belə ki, onlar hücumlar üçün əmrlər vermiş, ya da komandanlıqları altında olan qüvvələrə kifayət qədər nəzarət edə bilməmişlər.

Mülki obyektlərə zərbələrə görə

Məlumatda ayrıca olaraq qeyd edilir ki, Şoyqu və Qerasimov Ukraynanın enerji infrastrukturuna ən azı 2022-ci ilin 10 oktyabrından 2023-cü ilin 9 martınadək endirilən raket zərbələrinə görə məsuliyyət daşıyırlar.

Ukrayna prezidenti Volodimir Zelenski “Rusiyanın hərbi rəhbərliyində iki əsas fiqurun” həbslərinə orderlərin verilməsini alqışlayıb.

Zelenskinin sözlərinə görə Ukraynanın kritik infrastrukturuna zərbələr hazırda davam edir.

Ukrayna lideri əlavə edib ki, “bu zərbələrin planlaşdırılması və endirilməsi ilə əlaqədar olan hər bir cani ədalət qarşısında cavab verməli olacağını bilməlidir”.

Rusiya BCM-i tanımadığını deyir

BCM-in məlumatından az sonra Rusiya Təhlükəsizlik Şurası beynəlxalq instansiyanın Şoyqu barədə qərarını “əhəmiyyətsiz” adlandırıb:

"Bu sadəcə olaraq hay-küy qaldırılmasıdır, çünki Rusiya BCM-in yurisdiksiyasına daxil deyil. Bu, Qərbin bizim ölkəmizə qarşı hibrid müharibəsinin bir hissəsidir”.

Mart ayında Vladimir Putinin sözçüsü Dmitri Peskov demişdi ki, Rusiya BCM-in qərarlarını tanımır.

O jurnalsitlərlə söhbətində Rusiya uzaq aviasiyasının komandanı general-leytenant Sergey Kobılaş və Qara dəniz donanmasının komandanı admiral Viktor Sokolov barəsində BCM-in həbs orderlərini şərh edərkən vurğulamışdı ki, "biz statut iştirakçısı deyilik və onu tanımırıq”.

BCM 2023-cü ildə Rusiya prezidenti Vladimir Putin və Rusiya uşaq haqları ombudsmanı Mariya Lvova-Belovanın həbslərinə order vermişdi.

Onlar Ukrayna uşaqlarının işğal olunmuş ərazilərdən qanunsuz deportasiyasında ittiham olunurlar.

Şoyqudan əvvəl və sonra

2024-cü ilin mayında Rusiya hökumətinin yeni tərkibi elan edilərkən Şoyqu 2012-ci ildən tutduğu müdafiə naziri vəzifəsini itirib.

Putinin müşaviri və baş nazirin birinci müavini Andrey Belousov ixtisasca iqtisadçı olsa da müdafiə naziri təyin olunub.

Şoyqunun vəzifədən getməsindən əvvəl və sonra nazir müavini Timur İvanov da daxil Müdafiə Nazirliyinin bir sıra yüksək vəzifəli nümayəndələri barəsində cinayət işləri açılıb.

Bu da qeyd olunur ki, Şoyqu və Qerasimovun həbs orderləri əvvəlcə məxfi saxlanırdı, amma məhkəmə cinayətlərin davam etməsinin qarşısını almaq məqsədilə sənədləri açıqlamaq qərarına gəlib.

XS
SM
MD
LG