Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:37

'Piri-sani' Bakıda: İndi xəlvətdə qalan Xəlvətilik...


Seyyid Yəhya yalnız bir əsəri Azərbaycan türkcəsində yazıb – «Şifaül-əsrar»ı.
Seyyid Yəhya yalnız bir əsəri Azərbaycan türkcəsində yazıb – «Şifaül-əsrar»ı.

«Xəlvətilik orta əsrlərdə Azərbaycanda yaranmış, buradan dünyaya yayılmış çox böyük bir təriqətdir».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına yenicə çapdan çıxmış «Azərbaycandan dünyaya doğan günəş. Seyyid Yəhya Şirvani və Xəlvətilik» kitabının müəllifi Nəzakət Məmmədli söyləyib. İllərdir sufi mətnlərini araşdıran Nəzakət xanım ortaçağ filosof və şairlərindən Xəlvətilik təriqətinin ikinci qurucusu sayılan Seyyid Yəhya Şirvani-Bakuvi barədə maraqlı bilgilər verib.

SUFİ İNSANLARIN İÇİNDƏ DƏ XƏLVƏTDƏ OLUR...

Onun sözlərinə görə, Xəlvətilik Allahla yalnız qalmaq, Yaradanla yalnız qalıb ona ibadət etmək deməkdir: «Təriqətin banisi Pir Ömər Xəlvəti bu təriqəti yaradarkən, ilk növbədə, ancaq Yaradanla yalnız qalmaq, ibadət etmək mənasından da əlavə, ruhən, qəlbən Allaha bağlanmaq, ancaq ona hesabat vermək, bütün əməllərində, yaşamında ona tabe olmaq mənasını önə çəkib. Sufi hətta insanların içində də xəlvətdə olur. «Xəlvət bütün düşüncələrdən uzaqlaşıb ancaq Allahın zikri ilə məşğul olmaq deməkdir». Seyyid Yəhyanın öz sözləridir».

SİLSİLƏ DAVAM EDİR...»PİRİ-SANİ»...

Araşdırıcı Pir Ömər Xəlvətidən sonra bu silsilənin davam etdiyini bildirib: «Pir Ömər Xəlvətinin ölümündən sonra təriqəti yaşadanlar olub. Amma Seyyid Yəhya Şirvani bu təriqəti daha da yayan, onun nəzəri əsaslarını elmi şəkildə işləyib hazırlayan bir şəxsiyyət idi. Elə ona görə də, onu Xəlvətiliyin ikinci yaradıcısı-«Piri-Sani»si adlandırırlar. Xəlvətilik təriqətinin bütün şöbə və qollarında oxunan xüsusi duanı (vird) və təriqətdə yerinə yetirilməsi zəruri olan üsul və qaydaları (ədəb) Seyyid Yəhya yazıb və yayıb. «Virdi-Səttar» və «Meyari-təriqət» adlı əsərlər, əslində, xəlvətiliyin gerçək qurucusu adını ona verməyə yetər».

«ŞEYXLƏRİN ŞEYXİ, SEYYİDLƏRİN SEÇKİNİ»

Aparıcının: «Hansı mühitdə yetişib Seyyid Yəhya və necə olub ki, həm Şirvani, həm Bakuvi kimi tanınıb» sualını araşdırıcı belə cavablayıb: «Onun haqqında ən ilkin məlumatları Mahmud Camaləddin əl-Hülvinin «Ləməzati-hülviyyə əz ləməzati-ülviyyə» («Böyük şeyxlərin şirin halları»- red.) əsərindən alırıq. Bu əsərdə Pir Ömərdən başlamış bütün şeyxlərin həyat və fəaliyyətlərindən söz açılır. Hülvi onu «nəqiblərin nəqibi, şeyxlərin şeyxi, seyyidlərin seçkini» («nəqib» deyərkən, adətən, qəbilə başçıları nəzərdə tutulurmuş. Bu halda «başçı» anlamında işlənir – red.) adlandırır. Onun yazdığına görə, Seyyid Yəhya Şamaxıda çox nəcib bir ailədə doğulub. Atası Şamaxı sultanı İbrahimxəlilin nəqibi olub. Seyyid Yəhya uşaqlıqdan elmə həvəs göstərən, eyni zamanda dinə bağlı inşanmış».

Nəzakət Məmmədli
Nəzakət Məmmədli

XIV ƏSRİN SONU, ŞAMAXI, SEYYİD YƏHYA ŞİRVANİ ÇÖVKAN OYNAYIR...

Araşdırıcı onun Xəlvətiliyə tapınma tarixinin qaynaqlarda belə əks olunduğunu bildirib: «Bir gün Xəlvəti şeyxlərindən Pirzadə həzrətləri Şamaxıda uşaqların çövkan oynadığı bir məhəllədən keçirmiş. Yəhya da uşaqların arasındaymış. O sırada dəyənəklə vurulan top havalanıb Pirzadə həzrətlərinin önünə düşür. Qarşısından böyüklərin keçdiyini görən Yəhya topa tərəf qaçmır, dayanıb yol verir, onları ədəblə salamlayır. Pirzadə həzrətləri uşağın davranışını çox bəyənir və ondan ötrü dua edir. Pirzadə Xəlvətiyyənin böyük pirlərindən olan Şeyx Sədrəddin həzrətlərinin müridi və kürəkəniymiş. Bu görüşdən təsirlənən Seyyid Yəhya yuxusunda Həzrəti Peyğəmbəri (s.ə.s) görür və ona deyir ki, sən Şeyx Sədrəddin həzrətlərinin yanına get və ona intizab et («intizab» - burada «tapınmaq», «böyük bilmək» anlamında işlənir - red.). Seyyid Yəhya elə də edir. Pirzadənin yanına gəlir. O da onu Şeyx Sədrəddinə təslim edir. Sonralar Şeyx Sədrəddin onu öz kiçik qızıyla evləndirir».

SEYYİD YƏHYA ŞİRVANİ NECƏ BAKUVİ OLDU?

Nəzakət Məmmədli bir müddətdən sonra Şeyx Sədrəddin həzrətlərinin Seyyid Yəhyanı öz yerinə xəlifə təyin etmək istədiyini deyir: «Ancaq bu şeyxin çevrəsində mübahisə doğurur. Çünki Seyyid Yəhya gənc idi, ondan daha böyük kürəkən vardı - Pirzadə həzrətləri. Müridlər onun xəlifə olmasını daha uyğun sayırdılar. Elə o üzdən, Seyyid Yəhya həzrətləri Şamaxıdan Bakıya hicrət edir».

«BUYRUQ SİZİNKİDİR ADİL HÖKMDAR!»

Aparıcının: «Belə çıxır inciyib gedir» sualını Nəzakət xanım belə cavablayıb: «Yox, incimir. Şeyxlərdə elə bir mərtəbə var ki, orda küsüb-incimək yoxdur... Sadəcə, ona belə bir əmr gəlir. Bu gediş Şirvanşahların Bakıya gəlişiylə üst-üstə düşür. Şirvanşah Xəlilullah (ona «Qara Xəlil» də deyərdilər, yəni böyük və güclü –red.) dövlətin paytaxtını Şamaxıdan Bakıya köçürür və özü də Seyyid Yəhyaya mürid olur. Xəlilullah təsəvvüf mərhələsini tamamlayır və mənbələrin verdiyi bilgilərə görə, Seyyid Yəhyanın məsləhətləriylə adil bir hökmdar olur”.

SEYYİD YƏHYA HARADA TƏHSİL ALMIŞDI?

Araşdırıcının sözlərinə görə, orta əsrlərdə mükəmməl təhsil üçün heç yerə getmək gərək deyilmiş: «O zamanlar Şamaxı ən böyük elm və təhsil mərkəzi idi. Dünyanın hər yerindən bura təhsil almağa gələrdilər. Şamaxıda çox böyük, dərin bilgili şeyxlər vardı. Hətta Türkiyənin müxtəlif bölgələrindən, Misirdən, Makedoniyadan gəlib Xəlvəti təlimi alanlar vardı. Xəlvətilik İslamın bütün əsaslarını özündə əks etdirən və ən çox yayılmış təriqətlərindən sayılır. Üstəlik, «əhli-beyt» sevgisi bu təriqətdə xüsusən güclü idi. Ciddə şeyxləri də gəlib Xəlvətiliyi öyrənirdilər. Onlara Ərəbistanda «səccadə şeyxləri» deyilirdi».

«Azərbaycandan dünyaya doğan günəş. Seyyid Yəhya Şirvani və Xəlvətilik» kitabı
«Azərbaycandan dünyaya doğan günəş. Seyyid Yəhya Şirvani və Xəlvətilik» kitabı

XƏLVƏTİLİK NECƏ YAYILDI?

Araşdırıcı bu suala Seyyid Yəhyanın öz əsrində olan bilgilərlə cavab verib: ««Şifaül-əsrar» əsərinin əvvəlində deyir ki, Seyyid Yəhya həzrətləri yatıb yuxusunda görür ki, ərşin (göyün - red.) üzərində dolanır, əlində də bir ovuc buğda var. Və o buğdaları bütün yer üzünə səpir. Həqiqətən, onun yuxusu çin olur. Xəlvəti təriqəti dünyanın hər yerinə yayılır. Gələcəkdə Xəlvətiliyin böyük şeyxləri olan Pir Məhəmməd Ərzincani, Dədə Ömər Rövşəni, Həbib Qaramani və b. Bakuvidən dərs alandan sonra, başda Anadolu və Misir olmaqla, bir çox ölkələrə üz tutub və bu məmləkətlərdə Xəlvətiliyin yayılmasına çalışıblar».

OSMANLI SULTANLARI XƏLVƏTİ OLUBLAR?

Verilişin bələdçisi indinin özündəhətta qərbdə də Xəlvəti təriqətinə mənsub şeyxlərin olduğunu söyləyib: «Seyyid Yəhyadan sonra da bu təriqət unudulmadı. Məsələn, vaxtilə Təbrizdə Gülşəni adlı məşhur şeyx fəaliyyət göstərib. Elə Türkiyədə Osmanlı sultanlarının çoxu Xəlvəti təriqətinə tapınıblar. Balkanlarda, Makedoniyada Xəlvəti təkkələri hazırda da yaşamaqdadır və bu barədə kitabda da məlumat vermişik».

SEYYİD YƏHYANIN TƏLQİN GÜCÜ...

Seyyid Yəhyanın 19 əsərini fars dilindən dilimizə çevirdiyini bildirən Nəzakət Məmmədli bu əsərlərdə təlqin gücünün son dərəcə çox olduğuna diqqət çəkib: «Onu oxuyarkən, təsirinə qapılmamaq, sevməmək mümkün deyil! Seyyid Yəhya yalnız bir əsəri Azərbaycan türkcəsində yazıb – «Şifaül-əsrar»ı. Bu əsərdə Seyyid Yəhyanın müridlərinə danışıqları əks olunub. Onun ən böyük həcmli əsəridir. Çoxu ərəbcə olan hədislər, Quran ayələri, onların açıqlamalarıdır. Arada da, türk dilində mətnlər var. Yəni bu, onun ana dilimizdə olan tək əsəridir».

«BAKUVİNİN DİVANI TAM ŞƏKİLDƏ ƏLİMİZƏ ÇATMAYIB»

Araşdırıcı nəsr əsərlərindən başqa Seyyid Yəhyanın şeir və özəlliklə qəzəl yazdığını da bildirib: «Nəzmlə yazdıqları da yenə Xəlvəti təriqətinin mərhələlərini, insanın mənəvi inkişaf prosesini incələyən əsərlərdir. Onun lirik əsərləri də var. Deyilənə görə, divanı da olub. Amma divan tam şəkildə əlimizə çatmayıb. Bu divandan qəzəllər qalıb - onlar da tərcümə olunub».

SEYİD YƏHYANIN ANA DİLİ...

Araşdırıcı ərəb və fars dillərini mükəmməl bilən Bakuvinin ana dilində gözəl yazdığını deyir: «Çox təmiz və axıcı bir türkcədir. Dil tariximizin öyrənilməsi baxımından çox qiymətli qaynaqdır».

ORTA ƏSR BAKISI... KİMLƏR VARDI, KİMLƏR YOXDU?

Aparıcının: «Bir anlıq bizi orta əsr Bakısına aparın. Kimlər gəlib-gedirdi o zaman İçərişəhərə - Bakuvinin yanına» sualını araşdırıcı belə cavablayıb: «Müxtəlif ölkələrdən insanlar gəlirdi. Gəlirdi Seyyid Yəhyaya intizab etməyə... Hətta Dədə Ömər Rövşəni (o, sonralar Seyyid Yəhyanın baş xəlifəsi adlanıb) gəlib Xəlvəti təriqətinin əsaslarını öyrəndi, amma icazəsi olsa da, getmədi. Dedi ki, ömrümün sonunadək öz şeyximdən öyrənməyə davam edəcəyəm. Ömrünün sonunadək şeyxin dizinin dibindən ayrılmadı. Onun haqqında deyirdi ki, «Axirətin fikri xəyalına gəlsəydi, qüsl alırdı. Dünya haqqında fikirləşsəydi-dəstəmaz alırdı». Yəni o qədər təmiz inşandı ki, həm dünyadan, həm axirətdən könlünü çəkmişdi. Yalnız Allahla-Yaradanla xəlvətə girmiş böyük bir şeyx idi».

Bakuvinin İçərişəhərdəki məqbərəsi
Bakuvinin İçərişəhərdəki məqbərəsi

İÇƏRİŞƏHƏRDƏKİ BAKUVİ TÜRBƏSİ

Nəzakət xanım Seyyid Yəhya Bakuvinin Bakıda uyuduğunun bizdən ötrü böyük qürur olduğunu açıqlayıb: «İçərişəhərdəki Bakuvi türbəsini dünyanın hər yerindən insanlar gəlib ziyarət edirlər. Amma biz evimizdə olan böyük bir xəzinənin varlığından da xəbərsizik. Gənclərin çoxu onu heç tanımır...Təsadüfi deyil ki, UNESCO 2013-cü ili «Bakuvi ili» elan etmişdi».

- Şirvanlı 2-ci Pir-Seyyid Yəhya Bakuvi Xəlvətiliyə tapınan 20 min müridi necə topladı?

- «Piri-Sani» insanlığı nəyə səsləyirdi?

- Bakuvi ilə Bakıya görüşməyə gələn hansı orta əsr səyyahı onun dəfninə gəlib çıxdı? Dəfn qaynaqlarda necə təsvir olunur?

- Bakuvinin əsərləri hansı ölkədə qorunur?

Daha geniş bilgi üçün verilişi burdan dinlə

Seyyid Yəhya Bakuvi haqqında bilinməyənlər
Gözlə

No media source currently available

0:00 0:29:59 0:00
Direct-ə keçid

XS
SM
MD
LG