Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:32

Avropanın azadlıqlarla bağlı standartları ikilidir, yoxsa Azərbaycan hakimiyyətinə elə gəlir?


Bakıda polis müxalifət tərəfdarını saxlayır. 2013
Bakıda polis müxalifət tərəfdarını saxlayır. 2013

Azərbaycan Milli Məclisi Avropa Parlamentini azadlıqlarla bağlı ikili standartda günahlandırıb.

Avropa Parlamenti aprelin 25-də Avropa İttifaqını (Aİ) Azərbaycanla enerji sahəsində əməkdaşlığı dayandırmağa, gələcəkdə istənilən əməkdaşlıq barədə razılaşmanın şərti kimi bütün siyasi dustaqların azad olunması və insan haqlarının vəziyyətinin yaxşılaşdırılmasını tələb etməyə çağıran qətnamə qəbul edib. Qətnamədə vurğulanıb ki, Azərbaycan hakimiyyəti son vaxtlarda vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı repressiyaları gücləndirib. Buna cavab olaraq Milli Məclis də bildirib ki, "birləşmək hüququnun, sərbəst toplaşmaq, ifadə, söz və məlumat azadlıqlarının təmin edilməsi sahəsində vəziyyətin ikili standartlar əsasında qeyri-obyektiv şəkildə qiymətləndirilməsi yolverilməzdir".

Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı

"...bir nümunəsi də yoxdur"

Elə yaxın günlərdə aksiya keçirmək niyyətində olan müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı AzadlıqRadiosuna deyib ki, Milli Məclisinin üzvləri bütün faktları inkar etməklə məşğuldurlar: "Hər kəs şahiddir ki, Milli Şura Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib, amma qanuni dəlil gətirilmədən imtina cavabı verilib. Koronavirus pandemiyasından sonra Azərbaycanda sərbəst toplaşmaq azadlığının istifadəsinin bir nümunəsi də yoxdur. Əgər müxalifətə kütləvi aksiya keçirmək icazəsi yoxdursa, ayrı-ayrı dövlət qurumları qarşısında tələblərini səsləndirmək imkanı verilmirsə, bu, faktiki sərbəst toplaşmaq azadlığının qadağan olunmasıdır".

AXCP-nin daxil olduğu Milli Şura aprelin 21-də azad seçkilər, korrupsiya ilə mübarizə və başqa tələblərlə aksiya keçirmək üçün BŞİH-ə müraciət edərək şəhərin mərkəzində üç yer istəmişdi. Amma BŞİH yerlərdən birində təmir işlərini, qalan ərazilərdə isə nəqliyyatın sıx hərəkətini səbəb göstərərək aksiyanı "məqsədəuyğun" saymamışdı.

F.Qəhrəmanlının sözlərinə görə, Azərbaycan vətəndaşları siyasi azadlıqlardan məhrum olunub: "Əgər jurnalistlər, siyasi fəallar fəaliyyətlərinə görə həbsdədirsə, deməli, ölkə reallığı azadlıqlarla bağlı daxildə və xaricdə səslənən tənqidlərin tam haqlı olduğunu göstərir".

Rüfət Səfərov
Rüfət Səfərov

"Avtoritarizmdən imtina edib diktaturaya..."

Hüquq müdafiəçisi Rüfət Səfərov hesab edir ki, kollektiv Qərb zaman-zaman Qarabağ münaqişəsinə ədalətsiz yanaşma sərgiləyib: "Bu, münaqişənin başladığı dövrdən həllinə qədər həmişə belə olub. Şübhəsiz, BMT Təhlükəsizlik Şurasının dörd, Avropa Şurasının, Avropa Parlamentinin qətnamələri ortada olsa da, Azərbaycanın ərazi bütövlüyü tanınsa da, ayrı-ayrı dövlətlərin daha çox Ermənistanın hərbi-siyasi mənfəətini müdafiə etdiyi müşahidə olunub".

Amma, onun fikrincə, Qərb institutlarının Azərbaycanda azadlıqların boğulması ilə bağlı tənqidi hesabatları doğrudur: "Hakimiyyətin daxili siyasəti kifayət qədər sərtdir, son dövrlər isə avtoritarizmdən imtina edib diktaturaya keçid cəhdləri də var. Bu isə o deməkdir ki, fundamental azadlıqlar, Konstitusiya və Konvensiya ilə təsbit olunmuş aktlar tamamilə təhlükə altına düşür".

R.Səfərov birləşmə azadlığı ilə bağlı ciddi problemlərə diqqət çəkir: "Media və siyasi partiyalar haqda yeni qanunların qəbulundan sonra siyasi fəaliyyət, jurnalistika icazəli olub. Nəticədə 300-ə yaxın müxtəlif kateqoriyalar üzrə siyasi məhbus var".

Fazil Mustafa
Fazil Mustafa

Deputat: "Qərəzli görünürlər"

Milli Məclisin üzvü, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa isə AzadlıqRadiosuna deyib ki, Azərbaycanda hər hansı şəkildə aksiya qadağan olunmayıb, hansısa formada müvafiq quruma müraciət edilirsə, addımlar atılır: "Amma pandemiya və hərbi əməliyyatların davam etdiyi şəraitdə aksiyalara qadağa qoyulmuşdu. Konkret bu istiqamətdə Azərbaycanın yanaşması budur ki, bütövlükdə bizdən tələb olunanlar o vaxt demokratiya adı ilə aktuallaşır ki, başqa sahələrdə Avropa Parlamenti özünə aid olan funksiyaları yerinə yetirmir".

Onun sözlərinə görə, bunlardan biri Avropa məkanına daxil olan ölkələrin ərazi bütövlüyü məsələsi idi: "Bununla bağlı heç bir fəallıq göstərilmədi və Ermənistanın işğal siyasəti ilə bağlı onların üzünü ağardacaq qərarlar da yoxdur. Belə vəziyyətdə söz, mətbuat azadlığı kontekstindən məsələyə yanaşanda qərəzli görünürlər və ikili standart bu baxımdan nəzərdə tutulur. Yəni Ermənistana etdikləri tolerantlığı Azərbaycana göstərmirlər, səbəbi də tərəfli mövqe sərgiləmələridir. Ona görə tələbləri bu cür qoymaq doğru deyil".

Həbslərə gəldikdə, deputat F.Mustafa xaricdən alınan qrantlar və bunların vergisini ödəməklə bağlı problemlərin olduğunu düşünür: "Problemlərin araşdırılması bitəndən sonra, güman ki, onlarla bağlı qərar qəbul olunacaq. Kimin günahı varsa, məsuliyyət daşıyacaq, günahı olmayanlar isə hansısa formada məsuliyyətdən azad ediləcəklər. Necə ki, (Demokratiya və Rifah Partiyasının sədri) Qubad İbadoğlu ev həbsinə buraxıldı".

Azərbaycanın toplaşma azadlığı qanunu İnsan haqları Konvensiyasına zidd sayılır
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00

"Aksiyalara o zaman qadağa qoyulur ki..."

Onun vurğulamasına görə, əvvəlcə avropalı parlamentarilər qərəzli, tərəfli olmadıqlarını sübut etməlidirlər: "[Sübut etsinlər ki] Azərbaycana münasibətdə də qaldırdıqları problemləri məhz Ermənistana dəstək kontekstində nəzərdə tutmurlar. Biz, açığı, elə anlayırıq. Bu baxımdan, Azərbaycanda aksiyalara o zaman qadağa qoyulur ki, cəmiyyətdə ictimai asayişi pozmağa xidmət edir. İndiki dönəmdə dövlətin təhlükəsizliyi daha önəmlidir. Baxın, Ermənistanda hər gün mitinqlər keçirilir, amma iqtisadiyyatı dağılır və ölkə ağır şərtlər altında yaşamağa məcbur olur".

F.Mustafanın deməsinə görə, hansısa şəkildə müraciətlər varsa, onlara müvafiq qurumlar obyektiv şəkildə baxırlar: "Eyni kontekstdə Avropa Parlamenti Azərbaycana qarşı qərar qəbul edə bilər ki, pandemiya qurtarıbsa, niyə sərhədləri açmırsınız? Amma müstəqil dövlət kimi öz mülahizələrimiz var. O şey ki təhlükəsizliyimizə ziyan etmir, o sahədə rahat formada addımlar atmağa hazır olmalıyıq. Yox, o şey ki təhlükədir, prosesdən sığortalanmaq lazımdır, dövlət məhdudlaşdırıcı addımlar atmağa borcludur. Birinci dövlətin və vətəndaşın təhlükəsizliyi prioritet olaraq götürülməldir".

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycanda 250-300 arasında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

XS
SM
MD
LG