Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 21:41

ABŞ Senatı ‘soyqırım’ qətnaməsini yekdilliklə qəbul etdi


ABŞ Senatı dekabrın 12-də I Dünya Müharibəsi illərində və ondan sonra Osmanlı imperiyasında ermənilərin kütləvi ölümlərini “soyqırım” kimi tanıyan qətnaməni qəbul edib.

Bundan əvvəl Nümayəndələr Palatasında qəbul edilmiş sənədə Senatda yekdilliklə səs verilib.

Demokrat Bob Menendez və respublikaçı Ted Cruz bundan əvvəl bu qətnaməni dəfələrlə müzakirəyə çıxarsalar da, sənədin qəbulu ayrı-ayrı millət vəkilləri tərəfindən bloklanırdı.

Robert Menendez
Robert Menendez

Son dəfə bunu bir həftə əvvəl senator Kevin Cramer etmişdi.

Bu senator noyabrın 13-dən bəri sözü gedən qətnaməni üçüncü dəfə idi ki, bloklayırdı.

Cramer demişdi ki, onun qətnaməni bloklamasına səbəb bu qanunvericilik aktının münasib vaxta düşməməsi və Türkiyəni qəzəbləndirə biləcəyidir.

Qətnamənin qəbulunun Türkiyəni hiddətləndirəcəyi qaçılmazdır. Belə bir qətnamənin qəbuluna Ağ Ev də bir o qədər meyllənmirdi, lakin indi belə görünür ki, administrasiya geri çəkilməli olub.

Beləliklə, Birləşmiş Ştatların tarixində “erməni soyqırımı” ilk dəfə olaraq dövlət səviyyəsində tanınıb. Əvvəllər buna bənzər qətnamələr ayrı-ayrı ştatlarda qəbul olunmuşdu.

Bir sıra təhlilçilərin fikrincə sənədin məhz indi qəbul olunması Vaşinqton və Ankara arasında münasibətlərin gərginliyinə görə mümkün olub.

İki ölkə arasında münasibətlərin gərginliyi Türkiyənin Suriyaya müdaxiləsindən və Ankara Rusiyadan S-400 raketlərini alandan sonra daha da artmışdı.

Bəzi tarixçilər deyirlər ki, I Dünya Müharibəsi illərində və ondan dərhal sonra Osmanlı imperiyasında 1, 5 milyon erməni qətliam və ya deportasiya edilib. Bir sıra tarxiçi və siyasətçilər bu hadisəni “soyqırım” adlandırırlar.

NATO üzvü olan Türkiyə qətliam və deportasiyanın olması faktını qəbul etsə də, rəqəmlərin qat-qat şişirdildiyini bildirir.

Ankara deyir ki, erməni ölümləri sistemli siyasətin yox, bölgədəki hərbi əməliyyatların nəticəsində baş verib.

XS
SM
MD
LG