Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:38

Selektiv abortları necə aradan qaldırmalı...


Anaları qız uşaqlarını abort etdirməyə məcbur edənlər
Gözlə

No media source currently available

0:00 0:04:11 0:00

Anaları qız uşaqlarını abort etdirməyə məcbur edənlər

Azərbaycanın illərdir ki, selektiv abortların sayına görə lider ölkələrdən biri olduğu deyilir. Ədliyyə Nazirliyinin açıqladığı məlumata görə, bu ilin yanvarında qeydiyyat şöbələrində 8 min 389 körpə qeydə alınıb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 52.1, qızlarınkı 47.9 faiz olub. Hazırda ölkədə hər yeni doğulmuş 100 qıza 116 oğlan düşür. Dövlət Statistika Komitəsinin 2022-ci ilə olan məlumatına görə, Azərbaycanda uşaqların cins nisbətinin daha çox pozulduğu iqtisadi rayon Gəncə-Daşkəsəndir. Bəzi mütəxəssislər bu fərqi selektiv abortlarla əlaqələndirirlər.

Aidiyyəti qurumlar bu hallarla mübarizə apardığını desə də, vəziyyət hələ də dəyişməyib.

Abort edənlərin sayı 25 faiz artıb

Abortların sayı ilə bağlı 2023-cü il üzrə statistika hələ açıqlanmayıb. 2022-ci ildə isə, Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə abortların ümumi sayı 57 min 999 olub. 2021-ci ildə bu rəqəmin 46 min 877 olduğu göstərilir. Deməli, 2022-ci ildə abort edənlərin sayı 11 mindən çox artıb.

Bir sıra mütəxəssislər isə deyir ki, rəsmi statistika heç də bütün abortların sayını əhatə etmir. Onların fikrincə, selektiv abortlar da həmin statistikaya daxil olmayan abortların içindədir.

Azərbaycanda qız çatışmazlığı yarana bilər
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00

Azərbaycan qanunvericiliyində aborta məcbur və təhrik etməyə görə islah-əmək koloniyalarında cəza verilir. Lakin könüllü aborta görə cinayət məsuliyyəti yoxdur.

Qanunvericiliyə görə, hamiləliyin süni surətdə pozulması qadının arzusu ilə hamiləliyin 12 həftəlik müddətinədək aparılır.

Hamiləliyin süni surətdə pozulmasına dair tibbi və sosial göstərişlərin siyahılarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Bu göstərişlər içərisində cinsiyyətə görə hər hansı bənd yoxdur.

Eyni zamanda, selektiv abortla bağlı Azərbaycan qanunvericiliyində cəza nəzərdə tutulmayıb.

"Bu, daha çox bölgələrdə öz əksini tapır"

Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsindən "Turan"a bildirilib ki, gənclər arasında selektiv aborta yanaşma fərqlidir və burada aparılan maarifləndirmənin xüsusi rolu var.

Amma komitədən qeyd olunub ki, selektiv abort problemi var və bu, daha çox bölgələrdə öz əksini tapır: "Bu da cəmiyyətdə formalaşmış gender stereotiplərindən, gender bərabərsizliyindən irəli gəlir".

Qurumdan vurğulanıb ki, bu kimi halların qarşısını almaq üçün inzibati məsuliyyət sistemi təkmilləşdirilməlidir.

Komitədən əlavə edilib ki, "Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı" təsdiq edilib: "Tədbirlər Planının əsas məqsədi... ailələrdə doğulan uşaqlar arasında qızlara nisbətən oğlanların üstünlüyünün azaldılması, bu üstünlüyün kökündə dayanan gender stereotiplərinin aradan qaldırılmasıdır... Mövzu ilə bağlı regionlarda silsilə maarifləndirici tədbirlər həyata keçirilir, bukletlər çap olunur, sosial çarxlar çəkilir".

Mehriban Zeynalova
Mehriban Zeynalova

"Qızların təhsildən yayındırılması, erkən nikahlar..."

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə düşünür ki, selektiv abortla inzibati mübarizə heç bir effekt verməyəcək.

"İnsanlar müxtəlif yollar tapacaq, özü-özünü abort etməyinə qədər vasitələrə əl atacaqlar", - o, AzadlıqRadiosuna bildirib.

Ekspertin sözlərinə görə, selektiv abortlara görə cinayət məsuliyyəti ilə yanaşı, qızların təhsil alması, inkişafı, toxunulmazlığı da təşviq olunmalıdır: "Qızların təhsildən yayındırılması, erkən nikahlar, məişət zorakılığı buna gətirib çıxarır ki, bu gün biz selektiv abortlara aid rəqəmlərin dəyişmədiyini görürük".

M.Zeynalova hesab edir ki, bu tədbirlər kompleks şəkildə həyata keçirilərsə, selektiv abortların sayı azalacaq: "Burada kompleks tədbirlər – maarifləndirmə, cinayət təqibi, yardım mərkəzlərinin olması lazımdır. Qaynar xətlər işlək olmalıdır, gender mərkəzləri lazımdır ki, aborta təhrik olunan qadınlar orada sığınacaq tapsın".

Amma onun fikrincə, problemin tam həlli üçün ictimai rəydə qadınlara münasibətdə köklü dəyişikliklər olmalıdır.

XS
SM
MD
LG