Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:23

Seçici 1 milyon artıb, əhali 100 min…


Prezident seçkisi. 2018
Prezident seçkisi. 2018

Bugünlərdə Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda seçicilərin sayını açıqlayıb. MSK-dan bildirildiyinə görə, ölkədə səsvermə hüququ olan 6 milyon 402 min civarında şəxs var. 2020-ci ildə MSK bu sayın 5 milyon 329 min 460 nəfər olduğunu bildirmişdi.

Bəs iki ildə ölkədə 1 milyondan çox seçici necə arta bilər?

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2022-ci il aprelin 1-i Azərbaycan əhalisinin sayı 10 milyon 167 min 178 nəfərə çatıb. Halbuki, 2020-ci il martın 1-i əhali sayı 10 milyon 79 mindən bir qədər çox açıqlanmışdı. Demək, əhali bu iki ildə heç 100 min belə artmayıb. Üstəlik, seçici yaşlı insanların sayı ilə də bağlı vahid rəqəm yoxdur.

MSK
MSK

Dövlət qurumlarının rəqəmləri arasında fərq…

DSK-dan "Turan"a bildirilib ki, ölkədə 18 yaşından yuxarı əhalinin sayı 7 milyon 200 mini ötüb. Qurumdan qeyd olunub ki, ölkədə əhalinin siyahıyaalma prosesi vahid statistik metodologiya əsasında aparılır: "Proses zamanı sonuncu siyahıyaalma məlumatlarından istifadə olunur və doğulanlar, ölənlər, miqrasiya edənlərin cari uçotu əsasında növbəti illər üzrə əhali sayı müəyyən edilir".

MSK-dan isə "Turan"a deyilib ki, seçici siyahıları icra hakimiyyəti orqanları, bələdiyyə başçıları və hərbi hissə komandirlərinin seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında yerli komissiyalarda tərtib olunduqdan sonra onlara verilib.

M.Məmmədzadə
M.Məmmədzadə

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Məmməd Məmmədzadə isə AzadlıqRadiosuna mövzu ilə bağlı bunları bildirib: "Əvvəlki illərlə müqayisədə bu il açıqlanan seçicilərin sayı artsa da, bu, yenə də reallıqdan uzaq bir rəqəmdir. Bizim kimi 10 milyonluq əhalisi olan ölkələrdə bu rəqəm 7.5 milyondur".

"Miqrasiya məsələlərini nəzərə almırlar"

Onun fikrincə, DSK hesablamalarda yanlışlığa yol verə bilər: "Əslində onlar yuxarı rəqəmləri verirlər və hesablamanı aparanda miqrasiya məsələlərini nəzərə almırlar. Nəticədə rəqəm şişir və 10 milyona çatır".

Üstəlik, onun əlavə etməsinə görə, seçki komissiyalarının əməkdaşları da seçki siyahılarının dəqiqləşdirilməsinə peşəkar yanaşmırlar. Onun qənaətincə, seçicilərin sayının reallıqdan daha az göstərilməsi seçki zamanı seçicilərin fəallığının daha yüksək göstərilməsinə xidmət edə bilər.

XS
SM
MD
LG