Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:52

37 faiz Azərbaycanda yenidən parlamentin legitimliyi mübahisəsi yaradıb


'-Bülletenləri hara aparırsınız?'. '-Oğurlamağa". Sumqayıtda seçkidən sonra
Gözlə

No media source currently available

0:00 0:02:38 0:00

'-Bülletenləri hara aparırsınız?'. '-Oğurlamağa". Sumqayıtda seçkidən sonra

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 1-də ölkədə keçirilən növbədənkənar parlament seçkilərində seçici fəallığını 37 faiz açıqladı. Amma bəzi müşahidəçilərin iddiasına görə, əslində seçici fəallığı reallıqda 10-15 faiz civarında olub. Ötən parlament seçkilərində isə həmin rəqəm bundan təqribən 10 faiz yüksək olmuşdu.

2000-ci illərin əvvəllərində Azərbaycanda parlament seçkilərində kvorum ləğv edilib. O vaxt bu məsələ geniş müzakirələrə səbəb olmuşdu və hətta parlamentin legitimliyi ilə bağlı müəyyən mübahisələr doğurmuşdu. Həmin dövrdən bəri, bir qayda olaraq, ölkədə parlament seçkilərində prezident seçkisi ilə müqayisədə fəallıq aşağı açıqlanır. Amma bu seçkilərə qədər bu rəqəm rəsmi olaraq belə aşağı olmamışdı.

İndi bəzi təhlilçilər yenidən legitimlik məsələsini önə sürürlər. Onlar düşünür ki, belə şəraitdə parlamentin siyasi və sosial məsələlərə təsir gücü də aşağı düşür.

Elman Nəsirov
Elman Nəsirov

"Xalqın gözü tərəzidir"

Amma MSK-nın ilkin açıqlamasına görə, parlamentdə yerlərin yarıdan çoxunu qazanan hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Elman Nəsirovun "Turan"a bildirməsinə görə, seçim xalqın seçimidir və bu seçimdə də o insanları seçirlər ki, onlar xalqın, dövlətin maraqlarına xidmət göstəriblər: "Belə olan vəziyyətdə bütün sferalar üzrə - xarici siyasət, iqtisadiyyat və sosial, mədəniyyət sahələri üzrə kifayət qədər təcrübəli, peşəkar insanlar parlament seçkilərinin açıqlanan nəticələrinə görə, öz dairələrində liderdirlər".

E.Nəsirovun fikrincə, indidən demək olar ki, VII çağırış kifayət qədər bilikli, savadlı, təcrübəli, vətənpərvər insanların cəmləşdiyi bir parlament olacaq: "İstənilən halda bir həqiqət var: xalqın gözü tərəzidir. Seçən odur və xalqın seçiminə hörmətlə yanaşmaq lazımdır".

Mustafa Hacıbəyli
Mustafa Hacıbəyli

"Seçkilər legitim sayıla bilməz"

Müxalifətdən bu seçkilərə 20-dən çox namizədlə qatılan, amma ilkin rəsmi məlumata görə, bir dairədə belə liderlik əldə edə bilməyən Müsavat Partiyasının başqan müavini Mustafa Hacıbəyli isə AzadlıqRadiosuna bildirib ki, öz müşahidələrinə görə, bəzi dairədə seçici fəallığı 10 faizdən də aşağı olub: "Bunun əsas səbəbi əhalidə seçkilərə inamın olmamasıdır. İndiyə qədər dəfələrlə seçkilər saxtalaşdırıldığı üçün əhali seçkiyə inanmır və seçkiyə gəlmir. Gələn 10 faizin də təxminən yarısını biz inandırmışdıq ki, seçkilərə gəlsin, qalan o biri yarısı da hökumətin inzibati resurs vasitəsilə cəlb etdiyi insanlar idi".

M.Hacıbəyli vurğulayır ki, seçkiqabağı şərait pis idi: "Seçkidə debat olmadı, seçkidə sorğular keçirilmədi. Seçkiqabağı demokratik şəraiti olmadığı, hətta seçki dövründə siyasi həbslər davam etdiyi üçün ölkədə xof ab-havası davam etdi və bu xof ab-havası altında keçirilən seçkidə əhalinin aktiv olmaması təbiidir".

O hesab edir ki, bu səbəbdən seçkilər legitim sayıla bilməz: "Müsavat Partiyası seçkilərin yenidən keçirilməsini, ölkədə demokratik ab-havanın yaradılmasını, siyasi məhbusların azadlığa buraxılmasını tələb edir".

Şahin Cəfərli
Şahin Cəfərli

"37 faiz yazmağa məcbur oldular"

Siyasi şərhçi Şahin Cəfərli düşünür ki, əgər seçki saxtakarlığı baş veribsə, bu, hakimiyyətin mənimsənilməsi deməkdir və Konstitusiyaya əsasən, xalqa qarşı ən ağır cinayətdir: "Belə fikirləri tez-tez eşidirik ki, xalq niyə etiraz etmir, nə üçün vəziyyətlə barışıb oturur? Mən bu rəylərlə razı deyiləm. Azərbaycan xalqı seçkiyə getməməklə əslində öz etirazını ortaya qoymuş olur. Hələ ki, mümkün olan, təhlükəsiz etiraz növü "seçki" adlanan tamaşanı görməmək, bu prosesdən yayınmaq olduğu üçün xalq bu yola - passiv boykota üstünlük verir".

Ekspertin sözlərinə görə, seçkidə iştirak faizini 37 faiz yazmağa məcbur oldular: "Əslində ölkə üzrə ümumi iştirak heç 7 faiz də olmayıb. Bu, bariz şəkildə legitimlik problemi yaradır".

Onun fikrincə, xalq ölkədə dürüst seçkilərin keçiriləcəyinə, onun iradəsinə hörmət göstəriləcəyinə inamını itirib: "Seçki günü hadisələr işğaldakı ərazilər azad olunduqdan sonra hakimiyyətin nüfuzunun artdığı barədə rəyləri də boşa çıxarır, bu həngaməni sanksiyalaşdıranlar özləri bu qənaətə ciddi əsas yaradır".

Seçki məntəqələrində jurnalistlərə müdaxilə: 'Rədd edərəm səni buradan'
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sentyabrın 2-də açıqlanan ilkin hesabatında vurğulandı ki, mövcud şərtlər seçkilərin demokratik standartlara uyğun keçirilməsinə imkan verməyib.

Xatırlatma

Əslində parlament seçkiləri bu ilin noyabrında gözlənirdi. Hakim YAP həmin ay ölkədə BMT-nin iqlim konfransının (COP29) keçiriləcəyini səbəb göstərərək bundan əvvəlki (VI çağırış) parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış etdi. Təşəbbüs parlamentdə qəbul edildi və seçki tarixi bir neçə ay önə çəkildi.

Bundan əvvəlki parlament və prezident seçkiləri də Azərbaycanda növbədənkənar olub. Onda parlament seçkilərinin önə çəkilməsi "prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi", prezident seçkisinin növbədənkənar keçirilməsi isə Qarabağda suverenliyin bərpası ilə izah edilmişdi.

Bəzi müxalifət partiyaları həmin seçkilərdə bəyan etmişdilər ki, hakimiyyət seçkiləri əslində önə çəkməklə onu tələsik saxtalaşdırmaq məqsədi güdür.

XS
SM
MD
LG