Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:40

Əli Kərimlinin mühafizəçisi olmuş idmançı həbsdən buraxıldı


Səid Məmmədzadə
Səid Məmmədzadə

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü olan idmançı, qarışıq döyüş növləri (MMA) üzrə Avropa çempionu Səid Məmmədzadə iyunun 22-də məhkəmə zalından azadlığa buraxılıb. Bakı Apellyasiya Məhkəməsində ona münasibətdə CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. İdmançıya Xətai rayon Məhkəməsinin verdiyi 3 il 6 aylıq həbs cəzası 2 il sınaq müddəti olmaqla şərti hesab olunub.

Amma məhkəmədə apellyasiya şikayətinə baxılarkən istər AXCP üzvü olan idmançı özü, istərsə də onun vəkilləri bəraət istəyib.

"Olmayan bir hadisə ilə adamı şərləyib məhkum ediblər"

Vəkillər Elçin SadıqovBəxtiyar Hacıyev deyib ki, Məmmədzadəyə verilən xuliqanlıq ittihamı tam əsassızdır. Cinayət işinin materialları da, işə əlavə olunan videogörüntülər də, hətta dindirilən şahidlər də onun günahsız olduğunu sübut edir.

"İttiham tərəfinin öz şahidləri belə bir hadisəni görmədiklərini deyirlər. İttihamda iddia olunur ki, Səid Məmmədzadə zərərçəkmişi saat 22 radələrində bıçaqla vurub. İttiham tərəfinin şahidləri isə avtoyuma məntəqəsində saat 21:00 radələrində olduqlarını deyirlər. Yəni, ittihamın öz şahidləri ittihamın yalan olduğunu sübut edir. Olmayan bir hadisə ilə adamı şərləyib məhkum ediblər", – vəkil Sadıqov belə deyib.

Məmmədzadə özü də günahsız olduğunu, siyasi baxışlarına görə böhtana məruz qaldığını vurğulayıb.

Qısa müşavirədən sonra Faiq Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası Xətai rayon Məhkəməsinin hökmünün dəyişməsi haqda qərarı elan edib.

Xatırlatma

Səid Bakuvi ləqəbi ilə tanınan idmançı CM-in 221.3 (silah və ya silah qismində əşyadan istifadə olunmaqla xuliqanlıq) maddəsi ilə təqsirləndirilir. İddia olunur ki, avtoyuma məntəqəsində Rüfət Məcidov adlı şəxslə mübahisə edib, ona bıçaqla xəsarət yetirib.

AXCP fəalı ittihamın saxta olduğunu, ona böhtan atıldığını deyir: "Onunla uzaq məsafədən mübahisəmiz olub. Söyüş söyüb, mən də etiraz etmişəm, vəssalam. Sonradan hadisəni analiz edəndə başa düşürəm ki, ora elə mənim həbsimə nail olmaq üçün təxribat məqsədilə gəlibmiş. Sadəcə, məni təxribata çəkə bilməyib".

Məcidovu əvvəllər tanımadığını vurğulayan Məmmədzadə sifarişlə ona qarşı ssenari hazırlandığını deyib.

Məmmədzadə 2020-ci ilin mayında həbs edilib, iyulda isə ev dustaqlığına buraxılmışdı. O, aprelin 28-də Xətai rayon Məhkəməsində hökm elan ediləndə məhkəmə zalında həbs olunub.

İdmançı həm də AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olub. O, sosial media hesablarında zaman-zaman Azərbaycan hökumətinin fəaliyyətini tənqid edən fikirlər paylaşırdı.

AXCP Məmmədzadənin həbsini partiya üzvlərinə qarşı repressiyaların davamı kimi qiymətləndirib. Rəsmilər isə ölkədə heç kimin siyasi baxışlarına görə təqib olunmadığını, həbsdə olan siyasi fəalların konkret cinayət əməllərinə görə cəzalandırıldığını bəyan edir.

XS
SM
MD
LG