Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:38

Rəqabət Məcəlləsinin müzakirəsi gözlənir


Monopoliya
Monopoliya

Azərbaycanda Rəqabət Məcəlləsinin hazırlanmasına 2004-cü ildən başlanıb. 2006-ci ildə parlamentə daxil olan layihə iki oxunuşdan keçib. Sonuncu dəfə parlamentdə bu sənəd barədə 2008-ci ildə danışılıb.

Lakin iki oxunuşdan keçdikdən sonra bu sənəd üzərində işlər dayandırılıb. Həmin vaxtdan bu yana bu məcəllənin nə zaman qəbul ediləcəyi zaman-zaman vurğulansa da, məsələ media müzakirələrindən o yana keçməyib.

İşadamı, keçmiş deputat Nazim Bəydəmirli AzadlıqRadiosuna deyib ki, Rəqabət Məcəlləsinin indiyə kimi qəbul edilməməsinin səbəblərindən biri layihə müzakirə olunan zaman, yəni 2005-ci ildən İqtisadiyyat Nazirliyində tez-tez baş verən kadr dəyişiklikləridir:


«Hər gələn təzə nazir əvvəlki nazirin kadrlarını çıxarıb özününküləri yerləşdirirdi...».

Onun fikrincə, səbəblərdən biri də bəzi qurumlarda, parlamentdə inhisarçılığı saxlamaqda maraqlı olan qüvvələrin mövcudluğu olub:

«Gömrük rüsumları ən azı iki dəfə azaldılmalı idi»

«Əslində Rəqabət Məcəlləsi qəbul edilsəydi, institusional islahatlar aparılmalı idi. O cümlədən, gömrük rüsumları Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğun olaraq ən azı iki dəfə azaldılmalı idi. Ölkə bazarı dünyaya açılmalı idi, çünki Rəqabət Məcəlləsi təkcə ölkənin daxilini tənzimləmir, həm də xarici bazarla əlaqəlidir».

N.Bəydəmirli
N.Bəydəmirli

İşadamına görə, səbəblərdən biri də Milli Məclisin özünün qeyri-peşəkarlığıdır: «Hesab edirəm ki, inhisarçılığı aradan qaldırmaq üçün mövcud qanunvericilik Rəqabət Məcəlləsi olmadan da yetərlidir, çünki Cinayət Məcəlləsində də haqsız rəqabət, kartel sövdələşmələri ilə bağlı müddəalar var ki, cinayət məsuliyyəti yaradır. Eyni zamanda, antiinhisar fəaliyyəti haqqında qanunvericilik var. Orada dövlət orqanlarının kommersiya fəaliyyətiylə məşğul olmaları birmənalı şəkildə qadağan edilir».

«Rəqabət Məcəlləsi həm də daxili satınalmaları stimullaşdırmalıdır»

N.Bəydəmirliyə görə, məcəllənin qəbul edilməməsinin səbəblərdən biri də nazirliklərdə, komitələrdə təmsil olunan bəzi şəxslərin özlərinin kommersiya fəaliyyəti ilə məşğul olaraq yaratdıqları qurumlardır: «Ona görə də dövlət orqanlarının uşaq bağçalarına verdiyi soğanın qiyməti bazarda 5 manata olur, dövlət satınalmalarında bu, 35 manata çıxır. Eyni zamanda, Rəqabət Məcəlləsi həm də daxili satınalmaları stimullaşdırmalıdır. Bu isə bəzi dövlət qurumlarında oturan bir sıra şəxslərə sərf etmir. Onlar həm də bundan yararlanaraq illər boyu yaxınlarının adlarına açılmış 100-lələrə şirkətləri satınalmalarda, yalançı tenderlərdə qalib elan edərək dövlət vəsaitlərini mənimsəyiblər».

Keçmiş deputat vurğulayıb ki, 2005-ci ildən gəlir deklarasiyasının forması hazırlamalı idi, amma indiyə kimi Nazirlər Kabineti bunu ortaya qoya bilməyib.

İşadamı deyib ki, İqtisadiyyat Nazirliyi iqtisadçıların gətirdikləri arqumentləri oturub müzakirə edərək bir konsensusa gəlməlidir: «Məsələ Rəqabət Məcəlləsinin olub-olmamasında yox, real şəkildə məmur sahibkarlığına, monopoliya yaradan şirkətlərə qarşı ikili standartların tətbiq olunmasından gedir. Bunu aradan qaldırmaq istəyirlər, ya yox? Bütün cavablar buradadır».

Deputat: «Sənədin yaxınlarda Mili Məclisə daxil olması gözlənilir»

Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə Rəqabət Məcəlləsinin qəbul olunacağı ilə bağlı nikbinlik nümayiş etdirib: «Rəqabət Məcəlləsi bu yaxınlarda qəbul ediləcək. Prezident Rəqabət Məcəlləsini 2019-2020-ci illər Strateji Yol Xəritəsinə daxil edib. Hazırda layihənin üzərində iş gedir. Sənədin bu yaxınlarda Mili Məclisə daxil olması gözlənilir».

XS
SM
MD
LG