Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:30

Ukrayna ordusu: Rusiya işğal administrasiyası Xerson vilayətindən çıxır


Skadovsk şəhəri Qara dəniz sahilində, Krımın yaxınlığında yerləşir
Skadovsk şəhəri Qara dəniz sahilində, Krımın yaxınlığında yerləşir

Ukrayna silahlı qüvvələrinin baş qərargahı mayın 8-ə olan gündəlik məlumatında bildirir ki, Xerson vilayətinin işğal olunmuş hissəsindəki Skadovsk şəhərinə Moskvanın təyin etdiyi administrasiya fəaliyyətini yekunlaşdırmağa başlayıb.

Məlumatda deyilir ki, yaxınlıqdakı bir neçə başqa şəhərin işğal administrasiyalarında da oxşar hal baş verir.

Baş qərargah bildirir ki, Skadovskun administrasiya işçiləri sənədləri və başqa ləvazimatı maşınlara yükləməyə başlayıblar.

Bu da qeyd olunur ki, administrasiya əməkdaşlarının bir hissəsi artıq şəhəri tərk edib.

Yaxınlıqdakı Mixaylovka, Petrovka, Şevçenko, Şirokoye, Ulyanovka və Krasnoye yaşayış məntəqələrində də buna bənzər hal müşahidə olunur.

Bu məntəqələrdən bəziləri Qara dəniz sahilində, ilhaq edilmiş Krımın inzibati sərhədində yerləşir.

Lakin qərargah ehtimal edir ki, yollarda yaranmış tıxaclara görə sənədləri və bəzi əmlakı Krıma yox, işğal olunmuş Berdyansk portuna apara bilərlər.

Moskva təkzib etməyə çalışsa da...

TASS xəbər agentliyinin məlumatında isə deyilir ki, Skadovsk şəhərinə Moskva tərəfindən təyin edilmiş administrasiyanın rəhbəri Lyudmila Xotiyenko bu xəbərləri təkzib edib.

Lakin Zaporojye vilayətinin işğal olunmuş hissəsinin Rusiya tərəfindən təyin edilmiş başçısı Yevgeni Balitski mayın 8-də bildirib ki, Rusiya Zaporojye atom-elektrik stansiyasında enerji bloklarının işini dayandırır və məmurların Xerson vilayətinin işğal olunmuş şəhərlərindən çıxarılmasına başlayır.

O bunu “Ukrayna ordusunun proqnozlaşdırılmayan hərəkətlərinə görə məcburi tədbir” kimi izah etmişdi.

Bundan əvvəl Balitski Zaporojyedəki cəbhəboyu yaşayış məntəqələrindən 1500 sakinin evakuasiya edildiyini bildirmişdi.

O bildirirdi ki, bu məntəqələrin Ukrayna ordusu tərəfindən atəşə tutulması halları artıb.

XS
SM
MD
LG