Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:20

Kreml indi də Kurskda 'antiterror əməliyyatı' aparıldığını deyir


Kursk vilayətində evakuasiya edilmiş insanlar humanitar yardım paylama mərkəzində növbəyə dururlar.
Kursk vilayətində evakuasiya edilmiş insanlar humanitar yardım paylama mərkəzində növbəyə dururlar.

Ukrayna avqustun 6-da Rusiyanın Kursk vilayətinə girəndən bəri dövlət və kremlpərəst mediada üstünlük təşkil edən mesaj belə idi: Rusiya prezidenti Vladimir Putin məsələni nəzarətdə saxlayır. Rusiya ordusu Ukraynanın müdaxiləsini dəf edəcək. Artıq 30 aydır Ukraynaya qarşı aparılan müharibə qələbə ilə bitəcək.

AzadlıqRadiosunun müxbiri Alya Ponomaryova yazır ki, Ukrayna iki həftədən çoxdur Kurskda uğur qazanır. Artıq Kremlin Rusiya ictimaiyyətinə ötürdüyü mesajda çatlar yaranıb.

Dövlət televiziyasında tanınmış aparıcı Vladimir Solovyovun verilişində bəzi şərhçilər Rusiya ordusunun Kurskdakı uğursuzluğu barədə açıq danışaraq durumun pisləşə biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.

"Uduza biləcəyimiz faktından çıxış etməliyik. Buna oxşar daha çox səhvlər olsa, uduza bilərik. Bu, məğlubiyyətçilik, çaxnaşma yaratmaq deyil. Bizim və vətənimizin verməli olacağı bədəli mütləq şəkildə anlamaqdır", – tanınmış kinorejissor Karen Şahnazarov avqustun 13-də deyib.

Hökumətyönlü baxışları ilə tanınan şərhçi Maksim Yusin avqustun 12-də başqa bir tok-şouda deyib ki, "ən pis ssenariyə hazırlaşmalıyıq, bu ərazilər, – Allahın köməyi ilə adamlarsız, –qurban verilə bilər".

Rusiya dövlət televiziyasında müzakirələr
Rusiya dövlət televiziyasında müzakirələr

Mifin dağılması

Rusiyalıların böyük əksəriyyəti xəbəri televiziyadan alır. Ukraynaya qarşı müharibə televiziyalarda Rusiya əsgərlərinin qəhrəmanlıqları, onların əzmlə irəliləməsi ilə təcəssüm olunur, 2022-ci ilin fevralından bəri verilən qurbanların sayı azaldılır, yaxud gözardı edilir.

Ukraynanın Kurska müdaxiləsi azından Rusiya silah qüvvələrinin qüdrəti ilə bağlı mifi dağıdır. Bunu hazırda Rusiyadan kənarda yaşayan, çox oxunan liberal bloqer Rustem Adaqamov deyir.

"Rusiya Federasiyasının nəinki La-Manş boğazına çatmağa, yaxud Latviya və ya Estoniyanı tutmağa, heç öz ərazisini, rusiyalıları qorumağa belə ordusu yoxdur. Heç bunu da bacarmadığı üzə çıxdı", – o, bloqunda yazıb.

Yenə də xaricdə yaşayan siyasi təhlilçi Aleksandr Morozov deyib ki, Kremlin Ukraynanın işğalına ictimai reaksiyası dəhşətli olub: "Başqa bir ölkəni təsəvvür edin: Prezident xalqa müraciət edərdi; parlament fövqəladə iclas keçirərdi və sairə. Əvəzində isə heyrətamiz bir şeyə şahid oluruq: prezident işçi iclaslar keçirir, parlament tətilə gedir".

"Əsasən nə hakim orqanlar, nə də əhali bunu düşmən işğalı saymır; sanki təbii fəlakət kimi baxırlar", – liberalyönümlü jurnalist Aleksandr Plyuşşev YouTube kanalında şərhində yazıb.

Sorğu nəyi üzə çıxarıb

Adətən böhran zamanı Kreml və müxtəlif güc mərkəzlərindən – prezident administrasiyası, Federal Təhlükəsizlik Xidməti, Təhlükəsizlik Şurasından çox çətinliklə informasiya almaq olur.

Ancaq hökumətə bağlı İctimai Fikir Fondunun (FOM) keçirdiyi rəy sorğusuna görə, rusiyalılar baş verənlərdən çox da məmnun deyillər.

Narahat olduğunu deyən rusiyalıların sayında kəskin artım var. Rəy sorğusu Putinə inam səviyyəsinin azacıq yüksəldiyini də üzə çıxarıb.

Mühacirətdən işləyən "Meduza" rusdilli onlayn nəşri isə prezident administrasiyasında adını çəkmədiyi məmurlara istinadla yazıb ki, Kreml Rusiya ictimaiyyəti ilə səmimi olmağa, amma panika yaratmamağa çalışır.

"Kreml propaqandanın köməyi ilə rusiyalıları yeni reallıq, yaxud yeni normallıq altında yaşamağa hazırlamağa çalışır", – Riqadan çıxan nəşr yazıb.

Ancaq hakimiyyətin əhalini Rusiya ərazisində döyüşlərin davam etməsinə öyrəşdirmək ideyası bəzi şərhçiləri qəzəbləndirib.

"Adamları nəyə hazırlayırsız, ekspertlər?! Şebekino, Bryansk, nəhayət Krımın təsliminə?", – hökumətyönlü publisist Platon Besedin Telegram-da yazıb.

Putinin addımları...

Parlamentdən qovulmuş, hazırda Rusiyadan kənarda yaşayan liberal siyasətçi Dmitri Qudkov isə deyir ki, Kurska müdaxilə Rusiya hakimiyyətini çıxmaza salıb.

"Putinin sonrakı addımlarının hamısı pisdir. İrəlilədikcə, əhalinin səssiz narazılığının kütləvi etirazlara çevrilmə riski artır", – o, Telegram-da yazıb.

Kremlin bu müdaxiləyə verdiyi ad da maraqlıdır. Ukraynaya qarşı tammiqyaslı müharibə 30 aydır gedir, ancaq hökumət buna "müharibə" deyil, "xüsusi hərbi əməliyyat" deyir.

"Respublika" onlayn dərgisinin keçmiş redaktoru Dmitri Kolezev deyir ki, Rusiyanın Ukraynanın Kurska girməsinə cavabı da yumşaldılmış şəkildə "antiterror əməliyyatı" kimi təqdim olunur.

"Əsas məsələ odur ki, Rusiya hər şeyi öz adı ilə çağırmır", – Kolezev yazıb.

Onun özlərinə görə, Rusiya dövləti müharibə elan etmədiyini, hərbi vəziyyət tətbiq etmədiyini göstərmək istəyir: "Onda dinc sakinlər silaha sarılmalıdırlarmı? Silahı haradan ala bilərlər? Məntiqlə, dinc sakin də bu işğaldan uzaq durmalıdır, çünki "terrorçular"a qarşı peşəkarlar vuruşur".

XS
SM
MD
LG