Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:26

Rusiya hərbçilərini çıxarmaq əvəzində Azərbaycandan nə istəyir?


Rusiya sülhməramlıları Azərbaycandan gedir? – 'Bütün suallara aydınlıq gətirilməlidir'
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

Rusiya sülhməramlıları Azərbaycandan gedir? – 'Bütün suallara aydınlıq gətirilməlidir'

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxmağa başladığı bildirilir. Bu barədə məlumatı həm Rusiya, həm də Azərbaycan rəsmiləri təsdiqləyib.

Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti gələn ilin sonlarında başa çatırdı. İndi Azərbaycanda bəzi təhlilçilər ehtimal edir ki, Rusiya vaxtından əvvəl hərbi kontingentini çəksə də, bölgədə iqtisadı varlığını daha da artırmaq istəyə bilər. Azərbaycanın 2014-cü ildə yaradılan Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlük məsələsi gündəmə gətirilə bilərmi? (AİB-ə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya daxildir)

YAP-çı deputat: "Rusiya heç nə istəmir..."

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Aydın Mirzəzadə Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılmasını iki ölkə arasındakı yaxşı münasibətlərin göstəricisi hesab edir.

Aydın Mirzəzadə
Aydın Mirzəzadə

Bu barədə "Turan"a danışan Mirzəzadənin sözlərinə görə, Rusiya qoşunlarının Azərbaycan ərazisində olması üçün səbəb yox idi: "Rusiya sülhməramlıları vaxtilə separatçı rejimin olduğu ərazidə müvəqqəti yerləşmişdilər, o da beş il müddətinə. İndi Qarabağda separatçı rejim yoxdur".

Onun vurğulamasına görə, artıq bölgəni erməni əhalisi də tərk edib: "Bu baxımdan Rusiya sülhməramlılarının fəaliyyət göstərməsi üçün hər hansı bir şərait ortada yoxdur. İkincisi, Moskva və Bakı münasibətlərindəki müsbət ovqat digər ölkələrin müdaxiləsi olmadan bu məsələni diplomatik yolla həll etməyə imkan verdi".

A.Mirzəzadənin deməsinə görə, bəzən belə bir sual olur ki, Rusiya əvəzində nə istəyir?: "Heç nə istəmir və buna ehtiyac da yoxdur. İki ölkə münasibətləri normaldır, bu da bir-birini başa düşməyə, milli maraqlarına, suverenliyinə hörmətlə yanaşmağa imkan verir. Digər tərəfdən isə, məsələnin bu cür həlli dünya diplomatiyasının uğurlu nümunələrindən biri kimi tarixə düşə bilər".

Arif Məmmədov
Arif Məmmədov

"Hamı bölgədə ciddi qarşıdurmanın yaranmasından narahatdır"

2007-2012-ci illərdə Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi olan Arif Məmmədov isə bu məsələdə bir neçə ehtimaldan bəhs edir: "Birinci ehtimala görə, bu, Bakı-Moskva arasında yox, Moskva-Tehran arasındakı razılaşmanın nəticəsidir. Məlumatlara görə, İran Rusiyaya xəbərdarlıq edirdi ki, İsrail Azərbaycanın Qarabağ bölgəsində özünün radioelektron mübarizə avadanlıqlarını və dronları idarə edən texnikasını yerləşdirib. Əgər İsrail İrana zərbə endirsə, İran da bölgəyə cavab zərbəsi vuracaq və Rusiyanın orada olmasını istəmir".

O vurğulayıb ki, bugünlərdə Fransa səfiri məsləhətləşmələr üçün Azərbaycanı tərk edib, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin də aprelin 18-də fəaliyyətinin dayandırılacağı açıqlanıb: "Görünən odur ki, hamı bölgədə ciddi qarşıdurmanın yaranmasından narahatdır. Azərbaycan azad olunan bölgələrdə üç hava limanını elə-belə inşa etmədi, bunlar turizm yox, strateji maraqlar üçündür".

O, yada salır ki, Rusiya sülhməramlılarının vaxtı 2025-ci ildə bitirdi: "İlyarım tez getmələri düşündürücüdür. Məncə, Ukrayna savaşının burada hər hansı rolu istisnadır, çünki 2 min hərbçi o miqyasda savaşda heç nəyi həll etmir".

Əliyevin oyunu: Azərbaycan #əslində niyə Qərbə yox, Rusiyaya güvənir?
Gözlə

No media source currently available

0:00 0:16:17 0:00

"Azərbaycanın buna heç vaxt..."

"Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulması istənilə bilərmi? Əgər bu, olarsa, o zaman rəsmi Bakının mövqeyi necə olacaq, yaxud olmalıdır" sualına gəlincə, A.Mirzəzadə ortada belə bir təklifin olmadığını və Azərbaycanın buna heç vaxt maraq göstərmədiyini dilə gətirib: "Həmçinin, Azərbaycan dünyanın bütün dövlətləri ilə açıq, normal münasibətlər qurmağın tərəfdarıdır. Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrin hamısı ilə Azərbaycanın ikitərəfli münasibətləri var. Cənab prezidentimiz inauqurasiya mərasimindəki nitqində bildirdi ki, bu gün bizim ailəmiz türk dünyasıdır. Azərbaycanın beş türk dövləti ilə yaxşı münasibət qurması, ticarət-iqtisadi əlaqələrini daha yüksək səviyyəyə qaldırması prioritet məsələdir".

"Azərbaycanda ən qapalı sahə gömrükdür"

Lakin A.Məmmədovun fikrincə, sülhməramlıların çıxarılması əvəzində Azərbaycanın AİB-ə üzvlüyü sonrakı ehtimallar ola bilər: "Azərbaycanda ən qapalı sahə gömrükdür, ümumiyyətlə, iqtisadiyyatımızda monopoliya, qeyri-şəffaflıq və qapalılıq olduğu üçün hakimiyyət Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəmir".

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin yeddi rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona (Laçın dəhlizi və Qarabağda təmas xəttinə) beş illik Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı.

Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.

XS
SM
MD
LG