Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:33

Rusiya Soledarı tutduğunu, Ukrayna döyüşlərin getdiyini bildirir


Soledar şəhəri
Soledar şəhəri

Rusiyanın Müdafiə Nazirliyi bildirir ki, Rusiya qoşunları Ukraynanın şərqindəki Soledar şəhərini nəzarətə götürüb.

Ukrayna rəsmiləri bu xəbəri yenə də təkzib edib.

Ukrayna Silahlı Qüvvələri Şərq qruplaşmasının nümayəndəsi Sergey Çerevatı deyib:

"Döyüşlər şəhərin özündə gedir. Ukrayna qüvvələrinin şəhərdən çıxdığına dair xəbərlər həqiqətə uyğun deyil. Orda döyüşlər gedir”.

Çerevatı deyib ki, hələki təfərrüatları aça bilmir:

"Biz təfərrüatlar barədə danışmırıq ki, döyüşçülərimizin taktiki yerini açmayaq. Düşmən qüvvələri üstündür, çünki onlar bu istiqamətə maksimum qüvvə gətiriblər. Amma bizim qüvvələr hələki şəhərin özündə döyüşür”.

AzadlıqRadiosu bildirir ki, tərəflərin bəyanatlarını müstəqil şəkildə təsdiqləmək hələki mümkün deyil.

Ukrayna yanvarın 13-də səhər bildirmişdi ki, onun qoşunları Rusiyanın “çox intensiv” hücumları ilə üzləşib.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib:

"Soledarda bu gecə gərginlik yüksək olub. Döyüşlər davam edir. Düşmən demək olar özünün bütün əsas qüvvələrini Donetsk istiqamətinə yönəldib və hücumun yüksək intensivliyini saxlayır. Bu, mühariənin çətin mərhələsidir, amma biz bu müharibədə qalib gələcəyik. Buna şübhə olmamalıdır”.

Hər halda tutublar?

Rusiya qoşunları ehtimalən Soledarı hər halda tutub, amma bu, çətin ki, Baxmut şəhərinin mühasirəyə düşməsinə səbəb olsun.

Bunu ABŞ-dakı Müharibə Tədqiqatları İnstitutu (ISW) bildirir.

İnstitutun ekspertləri hesab edirlər ki, Rusiya qüvvələri Soledarın hamısını da olmasa, əksər hissəsini tutub.

Bunu yanvarın 11-12-də çəkilmiş foto və videolar da göstərir.

ISW-nin hesabatında deyilir ki, bu fotolar dərc olunanda Rusiya Müdafiə Nazirliyi bəyanat verməmişdi, amma Vladimir Putinin sözçüsü Dmitri Peskov Rusiya qoşunlaırnı “uğurlu hücum” münasibətilə təbrik etmişdi.

Hesabatda bu da qeyd olunur ki, Ukrayna prezidenti Volodimir Zelenski yanvarın 12-də “Ukrayna qüvvələri Soledardakı mövqelərini saxlayırlar” deyəndə, şəhərin özünü yox, ətraflarını nəzərdə tutub.

ISW eksperləri əvvəl olduğu kimi yenə də bu qənaətdədirlər ki, Soledarın fəthi Rusiya qoşunlarına Baxmut şəhərinin mühüm yerüstü kommunikasiyaları üzərində nəzarət imkanı verməyəcək və Baxmutun yaxın vaxtlarda mühasirəsi üçün Rusiya qoşunlarının imkanlarını yaxşılaşdırmayacaq.

Şəhərdə qalan sakinlər

Rusiya Müdafiə Nazirliyi bunu da bildirir ki, son üç gündə ağır bombardman nəticəsində çox sayda Ukrayna hərbçisi öldürülüb.

Ukrayna tərəfi şəhərdə 15 azyaşlı da daxil olmaqla 500-dək dinc sakinin ilişib qaldığını xəbər verir.

Rusiya tərəfi mümkün mülki itkilər barəsində heç nə demir.

Rusiyanın əsas məqsədi Soledarın 10 kilometrliyindəki Baxmut şəhərini ələ keçirməkdir.

Soledarın ələ keçirilməsi Baxmut şəhərinin artilleriyadan atəşə tutulmasına şərait yaradacaq.

Rusiya Müdafiə Nazirliyinin bəyanatında daha sonra bildirilir:

"Soledar üzərində tam nəzarətin bərqərar edilməsi Atryomovskdakı (Baxmut-red) Ukrayna qoşunlarının təchizat xəttinin kəsilməsini və daha sonra burada qalmış Ukrayna Silahlı Qüvvələri birləşmələrini mühasirəyə almağı mümkün edəcək”.

ABŞ narahat deyil

Nazirliyin bu bəyanatından əvvəl Kremlə yaxın oliqarx, Vaqner muzdlu qüvvələrinin başçısı Yevgeni Priqojin demişdi ki, onun döyüşçüləri Rusiyanın nizami qüvvələri ilə koordinasiyada Soledarı ələ keçiriblər.

Lakin həmin vaxt Kreml bu bəyanatı təsdiqləməmiş və bildirmişdi ki, rəsmi məlumatı gözləmək lazım gələcək.

Soledar şəhərinə strateji məntəqə kimi baxılsa da, ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Körbi (John Kirby) deyib ki, Soledarın və hətta Baxmutun ələ keçirilməsi Ukrayna müharibəsinin gedişatında böyük rol oynamayacaq:

"Əgər hətta Baxmut və Soledar rusların əlinə keçsə belə, bunun müharibəyə strateji təsiri olmayacaq. Bu, ukraynalıları dayandırmayacaq və onların sürətini azaltmayacaq”.

Belarus müharibəyə qoşula bilər?

Bu arada Rusiyanın Xarici İşlər Nazirliyi yanvarın 13-də bildirib ki, əgər Ukrayna Rusiya və ya Belarus ərazisinə müdaxilə edərsə, Minsk bu münaqişəyə qoşulacaq.

"Hüquqi nöqteyi-nəzərdən Kiyev rejiminin Belarus və ya Rusiya ərazisinə müdaxiləsi kollektiv cavab üçün kifayət qədər əsas verir”.

Bunu Rusiya XİN-in rəsmisi Aleksey Polişşuk TASS agentliyinə deyib.

Lakin o əlavə edib ki, belə bir qərar yalnız iki ölkənin – Rusiya və Belarusun başçıları tərəfindən qəbul oluna bilər.

Belarus silahlı qüvvələri hələki bu müharibəyə qoşulmayıb, amma Minsk ölkəni platsdarm kimi Rusiya qüvvələrinin ixtiyarına verib.

Bu həftənin əvvəllərində Ukrayna prezidenti Volodimir Zelenski demişdi ki, Rusiyanın Belarus ərazisindən mümkün hücumu barədə şayiələr onu göstərir ki, Ukrayna müdafiə qüvvələri belə bir hücuma hazır olmalıdır:

"Biz başa düşürük ki, orada güclü bəyanatlardan başqa güclü hərəkətlər görmürük, amma buna baxmayaraq həm sərhəddə, həm də regionlarda buna hazır olmalıyıq”.

Belarus Ukraynanın şimalında yerləşir və iki ölkə arasında sərhədin uzunluğu 1100 kilometrdir.

Bu arada BMT Təhlükəsizlik Şurası yanvarın 13-də Ukraynadakı vəziyyəti müzakirə etməlidir.

XS
SM
MD
LG