Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 17:30

Rusiya pandemiyadan sanksiyaların qaldırılması üçün istifadə etməyə çalışır


Rusiyanın Serbiyaya göndərdiyi yardım təyyarəsi
Rusiyanın Serbiyaya göndərdiyi yardım təyyarəsi

Avropa İttifaqının bir qrup millət vəkilinin yazdığı məktubda deyilir ki, Rusiya koronavirus pandemiyası ilə əlaqədar bir sıra ölkələrə göndərdiyi yardımdan Avropa İttifaqının Moskvaya qarşı sanksiyalarının ləğv etdirilməsi üçün istifadə etməyə çalışır.

Aprelin 3-də imzalanmış məktubda qeyd olunur ki, Rusiyanın bəzi Avropa ölkələrinə göstərdiyi tibbi-humanitar yardımların əsl məqsədi Rusiyaya qarşı sanksiyalara yenidən baxılmasına nail olmaqdır.

Avropa Parlamentinin 19 deputatı tərəfindən imzalanmış bu məktub Avropa Komissiyasının prezidenti Ursula von der Leyenə, Avropa Şurasının prezidenti Charles Michel-ə və Avropa İttifaqının xarici işlər komissarı Josep Borrellə ünvanlanıb.

Avropa millət vəkilləri bildirirlər ki, Rusiya Federasiyasına qarşı sanksiyaların yenidən nəzərdən keçirilməsi və ya qaldırılması üçün edilən istənilən cəhd rədd edilməlidir:

"İtaliyaya göndərdiyi istifadə üçün az qala yarasız humanitar yardım kimi ictimai kampaniyaları aparmaqla və ya BMT rəsmilərinin bəyanatlarını yanlış təfsir etməklə Rusiya hakimiyyəti Avropa İttifaqının və onun üzv ölkələrinin sanksiyalara münasibətini dəyişmək istəyir”.

Putinin pandemiya fəndi

Avropa Parlamentindəki mənbə Azadlıq Radiosuna bildirib ki, məktubun yazılmasına Rusiya prezidenti Vladimir Putinin bugünlərdə irəli sürdüyü təklif səbəb olub.

Putin bəyan etmişdi ki, mövcud sanksiyaların dondurulması ölkələrin koronavirusla daha yaxşı mübarizəsinə əlverişli şərait yaradardı.

Putin bu barədə təklifini martın 26-da G20 qrupunun videobağlantı ilə aparılan sammitində səsləndirmişdi.

O demişdi ki, pandemiya şəraitində ölkələr arasında dərmanların, ərzağın, avadanlıq və texnologiyaların daha rahat qarşılıqlı mübadiləsi üçün, humanitar əsaslarla mövcud məhdudiyyətlər aradan qaldırılmalıdır.

Millət vəkillərinin məktubunda deyilir ki, Rusiya üzərinə onun 2014-cü ildə Krımı ilhaq etməsinə və Ukraynanın şərqində separatçılara dəstək verməsinə görə qoyulmuş sanksiyalar Moskvanın öz vətəndaşlarının sağlamlığını qorumasına və koronavirusa qarşı qlobal mübarizəyə töhfə verməsinə maneçilik yaratmır.

Məktubda bu da xüsusilə vurğulanır ki, onsuz da sanksiyalar dərmanlara və tibb avadanlığına şamil edilmir.

Rusiyanı cilovlamaq üçün yeganə alət

Avropa Parlamenti deputatları yazırlar ki, Rusiyaya qarşı sanksiyalara yalnız Moskvanın Ukrayanada münaqişəyə dair Minsk razılaşmalarına əməl etməkdə tərəqqiyə malik olduğu təqdirdə yenidən baxıla bilər.

Rusiya həkimlərinin öz hökumətlərini koronavirusa dair əsl rəqəmləri gizlətməkdə ittiham etdiyini yada salan Avropa deputatları yazırlar ki, Rusiyaya inanmaq çətindir.

Məktubda deyilir ki, Rusiya ölkədə COVID-19 virusunun yayılması ilə bağlı həqiqi məlumatları gizlətdikcə, qlobal faciəni öz mənafeyi naminə təhrif etdikcə və öz qonşularına qarşı təcavüzkar əməllərini davam etdirdikcə, Avropa İttifaqının sanksiyaları - Moskvanın beynəlxalq qanunları pozmasının, habelə Avropa dəyərlərini və demokratiyanı sarsıtmaq cəhdlərinin qarşısını almaq üçün əldə olan yeganə real alət olaraq qalır.

XS
SM
MD
LG