Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:32

Rusiyada şagirdlər üçün hərbi düşərgə təklifi


İvanovo şəhərində hərbi hazırlıq fənnində, arxiv fotosu
İvanovo şəhərində hərbi hazırlıq fənnində, arxiv fotosu

Sentyabrdan Rusiyada tədris proqramı dəyişdirilərək daha militarist hala salına bilər.

Ötən ay Dövlət Dumasındakı müzakirələrdə deputat Andrey Kartapolov gənc könüllülərin və çağırışçıların Rusiya ordusuna yazılmağa hazır olmamasından danışıb. “Onlar … real həyata hazır olmayan infantil gənclərdir”, – o deyib.

“Problemdən” çıxış yolu kimi isə növbəti iki il ərzində Rusiya məktəblərində “Təhlükəsiz yaşayışın əsasları” adlı mövcud fənni “Vətənin təhlükəsizliyi və müdafiəsinin əsasları” adlı mühazirələr bloku ilə əvəzləmək təklif edilib.

Bu, Vladimir Putinin hakimiyyətdə olduğu iyirmi ildə “vətənpərvərlik təliminin” güclənldirilməsi yönündə ilk tədbir deyil. Tənqidçilər hökumətin bununla öz maraqlarını uşaqların maraqlarından önə çəkdiyini deyirlər.

“Hərbi hazırlığın əsasları”

Sentyabrdan X sinif şagirdlərinə “hərbi hazırlığın əsasları” adlı fənn keçiləcək. Rəsmi saytlara yerləşdirilmiş dərslik və metodik vəsaitlərdən görmək olur ki, dərsin proqramına hərbi xidmət sahəsindəki “karyera imkanları’ haqda mühazirələr də salınacaq.

XI sinifdə isə bu dərslərə “Rusiya mülki kimliyi, vətənpərvərlik və vətən qarşısında məsuliyyətin formalaşması”, habelə “xidmət və vətənin müdafiəsinə hazırlıq və onun taleyi üçün məsuliyyət hissi” kimi mövzular da əlavə ediləcək.

Sözügedən fənnin proqramında “qanunsuz və antisosial fəaliyyətə cəlb olunma təhlükəsi” və “gənclərdən sabitliyin pozulması aləti kimi istifadə” kimi mövzular da var.

Şagirdlərə “Rusiya Federasiyası silahlı qüvvələrinin diskreditasiyası məqsədilə ictimai aksiyaların” qanunsuzluğu haqda xəbərdarlıq ediləcək.

18-yaşlı gəncin həbsi

Fevralda 18-yaşlı Maksim Lıpkan müharibə əleyhinə ifadə və aksiyalara görə saxlanılıb. O, hökumətin ötən il müharibənin başlanmasından sonra tələm-tələsik qəbul etdiyi, “silahlı qüvvələrin diskreditasiyasına” görə sərt cəza tədbirləri nəzərdə tutan qanunla həbs olunan ən gənc vətəndaşdır. Lıpkan iki aylıq həbs cəzasına məhkum edilib.

Sözügedən mühazirə bloku hələ sovet dövründə, 1980-ci illərdə tədris proqramına salınmış “Təhlükəsiz həyat” fənnini əvəz edir. Tədris ili ərzində 68 saat keçilən fənnə illər ərzində terrorizm və kibercinayətkarlıq kimi mövzular da əlavə edilib.

Təhsil Naziri Sergey Kravtsov TASS dövlət xəbər agentliyinə şərhində yeni dəyişikliklərin “tədricən” tətbiq olunacağını deyib. O, yanvarda yeni dərsi Ukraynadakı “xüsusi hərbi əməliyyatın” (Rusiya hökuməti Ukraynada apardığı tammiqyaslı müharibəni belə adlandırır) veteranlarının keçəcəyini deyib. Nazir bildirib ki, siniflərə təhkim edilməzdən öncə keçmiş əsgərlərə üç aylıq pedaqoji təlim veriləcək.

Məktəblilər üçün hərbi düşərgə təklifi

Ölkənin Təhsil Nazirliyi 2014-cü ildən bəri məktəblərin mümkün olduqca yaxınlıqdakı hərbi bazalarda qızlar və oğlanlar üçün beş günlük hərbi düşərgələr təşkil etməsini təklif edir. Bu düşərgələrin məqsədi kimi “silahlı qüvvələrdə xidmət üçün zəruri mənəvi, psixoloji və fiziki keyfiyyətləri formalaşdırmaq” göstərilir. Burada şagirdlərə səngər qazmaq, nizamla addımlama, atıcılıq, qumbara atma, döyüş meydanında hərəkət və döyüş yaraları ilə davranış qaydaları öyrədilir.

Düşərgə ideyası ilk dəfə 2010-cu ildə Müdafiə və Təhsil nazirlikləri tərəfindən irəli sürülüb. Ancaq əvvəllər düşərgələrdə iştirak könüllü idisə, indi artıq bir çox məktəblərdə oxuyan uşaqların valideynlərinə iştirakın məcburi olması haqda məlumat verilib.

Qeyd edək ki, Rusiya mətbuatı hökumətin orduya 400 min yeni könüllü əsgər cəlb etmək planı haqda xəbər yayıb.

XS
SM
MD
LG