Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:31

Rusiyada uşaqları savaşa yardımçı işlərə sürükləyirlər


Rusiya məktəbliləri maşında kamuflyaj torları üçün parça kəsməyi öyrənirlər.
Rusiya məktəbliləri maşında kamuflyaj torları üçün parça kəsməyi öyrənirlər.

Sibirdə yerləşən Krasnoyarsk şəhərinin meriyası son 20 ildə 14-18 yaşlı yeniyetmələr üçün "Merin əmək briqadası" adlı könüllü proqram gerçəkləşdirir.

"Əmək briqadasına qatılanlar …parkları, şəhər meydanlarını, sahilboyu küçələri, yaşayış binalarının həyətlərini və şəhər sakinlərinin dincəldiyi digər yerləri təmizləyirlər", - proqramın 2010-cu ildə dərc edilmiş qəzet elanında belə deyilir.

Ancaq meriyanın sözçüsü AzadlıqRadiosuna deyib ki, ötən ildən bəri Krasnoyarsk yeniyetmələrinin vəzifələri dəyişib: indi onlar Rusiyanın Ukrayna ərazilərini işğal edən əsgərlərindən ötrü nələrsə tikir və yardım paketləri hazırlayırlar.

Əmək briqadasının sosial media səhifələrində paylaşılan bir postda deyilir ki, tikiş maşınlarını "mərkəzi rayon administrasiyası rəhbərinin xahişi ilə fəal sahibkarlar ianə ediblər".

AzadlıqRadiosunun "Sibir.Realii" xidmətinin hazırladığı məqalədə bildirilir ki, müharibənin üçüncü ilində iqtisadiyyatın iri sektorlarında əmək qüvvəsi qıtlığı hiss olunmaqdadır. Bu isə öz növbəsində bir çox sahədə maaş artımı doğurub.

"Hərbiləşdirilmiş təşəbbüslər"

Krasnoyarsk proqramı yetkinlik yaşına çatmayan uşaqları savaşa dəstək işlərinə cəlb edən çoxsaylı proqramlardan sadəcə biridir. Bir ekspert bu fenomeni "uşaqların səfərbərliyi" adlandırır.

Təqib edilə biləcəyindən adının çəkilməsinin istəməyən həmin ekspert deyir ki, get-gedə artmaqda olan bu "hərbiləşdirilmiş" təşəbbüsləri müharibə ətrafında formalaşan "boz" iqtisadiyyatda işçi qüvvəsi çatışmazlığını ört-basdır etməyə çalışan kommersiya şirkətləri gerçəkləşdirir.

"İşəgötürənlər üçün uşaq əməyindən yararlanma riskli ola bilər, axı yetkinlik yaşına çatmayanların çoxu sənədsiz çalışır", - yenə həmin ekspertin sözləridir.

Bir neçə məktəblinin valideyni könüllüləri cəlb etmək üçün şəhər rəhbərliyinin öz nümayəndələrini məktəblərə göndərdiyini deyir.

"Basqılara başlasalar…"

"Ancaq çox şükür, elə də təzyiq göstərmirlər. Əlbəttə, basqılara başlasalar, boyun qaçırmaq indikindən daha çətin olacaq", - bir səkkizinci sinif şagirdinin anası AzadlıqRadiosuna belə söyləyib.

Prezident Vladimir Putin xalqa fevralın 29-da etdiyi müraciətində fəhlə, sahibkar, mühəndis və könüllülərə, siyasi partiyalara "Rusiyanın maraqlarını dəstəkləmək yolunda məsuliyyətli, yorulmaz işlərinə görə" təşəkkür edərək bu "ədalətli" mübarizənin ölkə vətəndaşlarına xas olduğunu bildirib.

Son bir neçə ayda "könüllülər" sırasına 9-10 yaşlı uşaqlar da əlavə olunmağa başlanıb.

Tatarıstanın Mamadış şəhərində məktəbli uşaqlar Ukraynada istifadə ediləcək dronlardan atılan bombaların qanadlarını tamamlayıblar.

Mojqa şəhərində 8 saylı gimnaziyanın şagirdləri, onların anaları və nənələri əsgərlər üçün corab toxuyurlar.
Mojqa şəhərində 8 saylı gimnaziyanın şagirdləri, onların anaları və nənələri əsgərlər üçün corab toxuyurlar.

Yeli dövlət televiziyasının xəbərində deyilir ki, plastik qanadlar 3D printerlərlə hazırlanır və sonradan uşaqlar onları cilalayır.

Reportajda təxminən 10 yaşı olan uşaq çap edilmiş hissələrdən düzəldilən turniketi nümayiş etdirir. Eyni reportajda uşaqlar cəbhədə istifadə edilən ağrıkəsici dərmanların saxlandığı plastik torbaları tikərkən də göstərilib.

Səngər şamları

Xakasiyanın paytaxtı Abakanda hakim "Vahid Rusiya" partiyasının yerli şöbəsi eşitmə qüsurlu uşaqları "səngər şamları"nın hazırlanmasına cəlb edib. Saatlarla yana bilən səngər şamı içərisi karton və parafinlə doldurulmuş qalay bankadan ibarətdir.

"İş yetərincə yorucudur və xeyli vaxt aparır. Ancaq uşaqlar bu kütləvi proqrama böyük maraqla qatılırlar. Səngər şamları cəbhəyə çox gərəkli əşyadır. Əsgərlər onlardan qızınmaq, yaxud da yemək və su qızdırmaq üçün istifadə edirlər", - partiyanın sosial media səhifəsində ötən ilin oktyabrında paylaşılan postda belə deyilir.

Həmin postda "Evdən istilik" adı verilən bu proqramın 28 bölgədə gerçəkləşdirildiyi bildirilir.

"Mən 3-cü sinif şagirdlərinə səngər şamları düzəltməyi öyrətmək üçün dəvət edilən bir şam istehsalçısı tanıyıram. Söhbət 9-10 yaşlı uşaqlardan gedir. Biz sadəcə bir şamın düzəldilməsindən danışmırıq. Bir sinif onlarla şam düzəldə bilir. Həm də bu, təhlükəli işdir", - başqa bir ekspertin AzadlıqRadiosuna dediyi sözlərdir.

O bildirib ki, bir neçə kiloqram parafin qızdırılıb qablara tökülərkən yaranan tüstü zərərli ola bilər. Üstəlik, isti mum dəriyə tökülərsə, kimyəvi yanıq yarası almaq riski var. Onun sözlərinə görə, əsgərlərə qapalı məkanlarda belə şamları yandırmamaq təlimatı verilib.

"Uşaqlar məktəbdə lövhə silgisindən ağır heç nə qaldırmırlarsa…"

Ötən ilin avqustunda Tatarıstanda bir texniki peşə məktəbinin 15 yaşlı şagirdlərə İran istehsalı olan dronları yığdırmasına dair xəbər yayılmışdı. Eyni zamanda AzadlıqRadiosunun "İdel.Realii" xidməti onlarla şagirdin valideynindən müsahibə almışdı. Valideynlər uşaqlarının normal fasilə və yemək verilmədən saatlarla işlədildiyini iddia edirdilər.

Jurnalist Sergey Podsitnik öz Telegram kanalında Samara bölgəsi ilə bağlı xəbərlər paylaşır. O belə proqramların "istismarın nə demək olduğunun dərslikdəki tərifi" olduğunu deyib.

Təxminən eyni zamanda Çukotka bölgəsinin qubernatoru da kollec tələbələrinin, müəllimlər və könüllülərin ordu üçün dron yığdığını bildirmişdi.

Ötən ilin martında Rostov bölgə parlamenti uşaqlar orduya sursat hazırlanması kimi "ictimai faydalı" əməyə cəlb edilərkən valideynlərdən icazə alınmasının zəruri olub-olmadığını müzakirəyə çıxarmışdı.

Müzakirə zamanı Kommunist partiyasından olan deputat Tatyana İvaşşenko "valideynlər məktəblərə inanmırlar ki?", - deyə icazənin gərəksiz olduğunu demişdi.

"[Uşaqlar] 11 sinif ərzində lövhə silgisindən ağır heç nə qaldırmırlar. Üç il sonra isə yoldaşlarını döyüş meydanından çəkib çıxarmalıdırlar. Mənə elə gəlir ki, bu, doğru deyil", - yenə İvaşşenkonun sözləridir.

XS
SM
MD
LG