Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:44

Putin “naməlum aerodromlara” desant çıxarmağı məşq edir


Vladimir Putin və müdafiə naziri Sergei Shoigu
Vladimir Putin və müdafiə naziri Sergei Shoigu

Rusiya prezidenti Vladimir Putin Mərkəzi Hərbi Dairədə qəfil manevrlərin keçirilməsini əmr edib

Rusiyanın müdafiə naziri Sergei Shoigu bəyan edib ki, hərbi təlimlərdə hava desantçıları, hərbi hava nəqliyyatı, habelə ölkənin digər hərbi dairələrinin təyyarələri iştirak edirlər.

“Biz hava desantçılarımızın uzaq məsafələrə atılması mexanizmini və onların naməlum aerodromlarda enmə bacarığını yoxlamalıyıq” – deyib nazir.

Shoigu həmçinin bildirib ki, sentyabrın 12-dək davam edəcək manevrlərdə Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinin “müharibə şəraitində funksiyalarını yerinə yetirmə qabiliyyəti sınaqdan keçəcək”.

Biz hava desantçılarımızın uzaq məsafələrə atılması mexanizmini və onların naməlum aerodromlarda enmə bacarığını yoxlamalıyıq

Mərkəzi Hərbi Dairə Volqa çayından Ural dağlarına və Sibirə qədər olan ərazini əhatə edir.

Qərb mediası yazır ki, Rusiya son aylarda qəfil manevrlərinin sayını xeyli artırıb.

Xarici media həmçinin Rusiyanın Suriyada Assad rejiminə hərbi yardımı intensivləşdirdiyini yazır.

“The New York Times” qəzeti Obama administrasiyasından adları çəkilməyən rəsmilərə istinadla bildirirdi ki, Rusiya Suriyaya artıq avanqard qüvvəsi olan hərbi birləşmə və qoşun hissələri üçün yığma evlər göndərib.

Rusiya müxalifətinin “kəşfiyyat işi”

Bu arada Rusiya müxalifətinin internet fəalları Moskvanın Suriyadakı Tartus hərbi bazasına hərbçilərin göndərildiyi barədə topladıqları materialları yayırlar.

Onlar yazırlar ki, bir sıra hərbçilərin Vkontakte saytında dərc etdikləri fotoşəkillərin Latakiyada çəkildiyini ehtimal etmək olar.

Rusiyanın Pyotr Velikiy nüvə raketi gəmisi Suriyanın Tartus portunda. Foto 2010-cu ildə çəkilib.
Rusiyanın Pyotr Velikiy nüvə raketi gəmisi Suriyanın Tartus portunda. Foto 2010-cu ildə çəkilib.

Müxalifət lideri Aleksey Navalny-nın partiyadaşı Ruslan Leviev yazır ki, onun şəxsən apardığı təhqiqatdan Rusiya istehsallı zirehli BTR-82A maşınlarının Latakiya yaxınlığında gedən döyüşlərdə iştitak etdiyi bəlli olub.

Bu maşınları göstərən videolarda onların içindən rusca danışıq səsləri eşidilir.

Bundan başqa ən-Nüsra qruplaşması ilə döyüşlərin getdiyi İdlib cəbhəsində “Pçela-1T” dronlarından istifadə edilib.

Nikolay Maxno adlı istifadəçi internetə 30-dək hərbçi fotoları yükləyib. Bu fotolardan bəzilərindən Rusiya hərbçilərinin Tartus portundan xeyli aralı olan Homs əyalətində olduqları ehtimal edilə bilər.

Lakin Leviev bildirir ki, Rusiya hərbçilərinin münaqişədə birbaşa iştirakından danışmaq tezdir, hərçənd Rusiya hərbi texnikasından geniş istifadə göz qabağındadır.

Məlum xəbərdən nə sensasiya?

Başqa internet fəalları İl-62M markalı təyyarənin “Çkalovsk” aeroportundan Latakiyaya uçduğunu xəbər verirlər.

Onlar bildirirlər ki, BTR-82A zirehli maşınlarının Dəməşq yaxınlığında görünməsi avqustun 20-də Bosfor boğazından keçən “Nikolay Filçenkov” gəmisi ilə bağlı ola bilər.

Bu bizim ardıcıl yürütdüyümüz xətdir. Biz Dəməşqə terror təhlükəsi ilə mübarizədə kömək edirik

Fəalların fikrincə, Suriyaya texnika və silahları məhz bu gəmi daşıya bilərdi. BTR-82A maşınları Moskvanın Suriyaya verdiyi rəsmi silah siyahısında yoxdur.

Rusiyanın Xarici İşlər Nazirliyi bu kimi xəbərlərlə əlaqədar “məlum məsələlərdən sensasiya düzəltməməyə” çağırıb.

Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zakharova jurnalistlər üçün keçirilən brifinqidə deyib ki, Moskva Suriya Ərəb Respublikasına dəstək göstərməsini sirr saymır.

“Bu bizim ardıcıl yürütdüyümüz xətdir. Biz Dəməşqə terror təhlükəsi ilə mübarizədə kömək edirik” – deyib Zakharova.

XS
SM
MD
LG