Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:32

Rusiya interneti kəsir. Çin yoluyla gedə biləcəkmi


Moskvada etiraz aksiyası, 10 mart, 2019-cu il
Moskvada etiraz aksiyası, 10 mart, 2019-cu il

Ekspertin fikrincə, Rusiya hazırda istəsə də Çinin yoluyla gedə bilməz. Sadəcə, çip istehsalı gücündə deyil

Facebook və Instagram platformalarının ana şirkəti Meta Rusiyada “ekstremist” elan edildi. Bu, Ukraynaya qarşı müharibə başlayandan ölkədə azad sözə genişlənən təzyiq kampaniyasının bir hissəsidir.

AzadlıqRadiosu-nun müxbiri Reyd Stendiş Moskva məhkəməsinin 21 mart tarixli qərarının tam nəyi ehtiva etməsinin bəlli olmadığını yazır. Meta-nın bağlanmasına isə onun platformalarında Rusiya əsgərləri və Prezident Vladimir Putinə qarşı zorakılığa çağırışa icazə veriləndən sonra qərar çıxarılıb.

Kreml müharibəyə başlayandan bir sıra xarici media orqanlarını da hədəfə alıb. AzadAvropa/AzadlıqRadiosu daxil bəzi media qurumları ölkədə fəaliyyəti dayandırmaq qərarı verib. Hakimiyyətin Ukraynada “xüsusi hərbi əməliyyat”la bağlı bəyanatları ilə razılaşmayanları 15 ilədək həbs gözləyir.

Çin də belə başlamışdı

Bütün bunların Rusiyada vətəndaş cəmiyyətinin gələcəyinə və açıq internetə təsir göstərəcəyi şəksizdir. Üstəlik, Çinin “Böyük Qalxan” adlı internet senzurası sisteminin necə başlaması yada düşür.

Çin də ilkin mərhələdə Kommunist Partiyasına qarşı çıxan vebsaytları bloklayırdı və bu blokadanı yarmaq nisbətən asan idi. Sonradan mexanizm böyüdü, hər növ kontent məhdudlaşdırıldı, fərdlərin şəxsiyyəti, yeri müəyyənləşdirildi.

Rusiyada internetin gələcəyi Çinin sisteminəmi bənzəyəcək? Brukinqs İnstitutunda rəqəmsal avtoritarizmi, Rusiya və Çində dezinformasiyası öyrənən Cesika Brandt radioya müsahibəsində Rusiyanın məhdudlaşdırıcı tədbirlərinin ölçülü-biçili olmasına diqqət çəkir. Məsələn, Facebook və Instagram bloklanır, WhatsApp qalır. Yaxud Google hədələnsə də, YouTube-a giriş nisbətən məhdudiyyətsizdir.

Rusiya rəsmiləri suveren internetdən çox danışıblar. Rusiya özünün “Böyük Qalxan”ını qura bilərmi?

Fərqlər

Brandt deyir ki, Rusiya uzun müddətdir informasiya məkanını sərt nəzarətdə saxlasa da, Çindən fərqli mənzərəyə malikdir:

“Rusiyada müstəqil media olub və Qərbin sosial media platformalarına çıxış var. Çində belə deyil. Məncə, son addımlar Rusiyanı Çinə yaxınlaşdırsa da, ciddi fərqlər də mövcuddur”.

Ekspertin fikrincə, Rusiya hazırda istəsə də Çinin yoluyla gedə bilməz. Sadəcə, çip istehsalı gücündə deyil və Rusiyaya son sanksiyalar bunu etmək üçün texnologiyaya çıxışı çətinləşdirib.

Çinlə digər fərqlərə gəlincə, Brandt Rusiyada “müharibə”, “işğal” sözlərinin kriminallaşdırılmasına diqqət çəkir. “Bu, dezinformasiya yaymaq deyil, həqiqəti demək, ifadə azadlığını mhdudlaşdırmaqdır. Yəni, Rusiya hökuməti ictimai müzakirə və fərli fikir məkanını qapadıb, həm də Çindən fərqli bir şəkildə”, – deyən təhlilçi Çində əhalinin yerli sosial media platformalarından geniş istifadə etdiyini vurğulayır. Rusiyada da belə platformalar var, amma eyni miqyasda deyil.

Texnoloji güc fərqi

“Bu gün Rusiya Çin modelinin faydasını görə bilər, çünki Putin də çinli həmkarı Tsinpin kimi rejimin sabitliyində, özünün hakimiyyətdə qalmasında maraqlıdır. O, sərt idarə olunan informasiya məkanından faydalanardı, amma bunun üçün texnoloji gücü yoxdur. Həm də əhalisi Qərbin informasiya mənbələrinə çıxış, bir-birilə kommunikasiya istəyir”, – Brandt vurğulayır.

Pekinlə Moskvanın siyasi və iqtisadi baxımdan getdikcə yaxınlaşdığı görünür, hər iki ölkənin dövlət mediası oxşar propaqanda və dezinformasiya yayır. Məsələn, ABŞ-ın guya Ukraynada bioloji silah laboratoriyaları işlətməsi haqda konspirologiyanı Rusiya mediası yayırdı, Çin rəsmiləri və mediası da onu tirajlayır. Brandt deyir ki, Çin bunu öz məqsədləri üçün edir. Pekin ABŞ-ın bioloji tədqiqat obyektləri haqda skeptisizmin güclənməsində maraqlıdır. Məsələ COVID-də, onun yayılması üçün hansı ölkənin məsuliyyət daşımasındadır.

Niyyətin hara...

Ümumilikdə isə Rusiya ilə Çinin uzunmüddətli strategiyaları fərqlənir. Rusiyanın maraqları xaosa, Avropada destruktiv fəaliyyətə söykənir. Pekin isə nizamsız dünya istəmir, öz xeyrinə qurulmuş dünya düzəni istəyir. Brandt-ın fikrincə, Çinin Rusiyanın bioloji silahlar konspirologiyasını tirajlamasında məqsədi heç də Ukraynanın işğalının günahını Rusiyanın boynundan atmaq deyil. “Onun marağı COVID-ə görə günahın yönünü dəyişməkdir”, – ekspert vurğulayır.

Koronavirusun mənşəyilə bağlı bir nəzəriyyə virusun Çin laboratoriyasından təsadüfən sızması idi. Çin isə bu versiyanı rədd edib, daha çox virusun heyvandan insana keçməsi üzərində dayanıb. Pekin pandemiyanın mənşəyilə bağlı tədqiqatları əngəlləməkdə suçlanıb. Çin isə Birləşmiş Ştatları koronavirusun mənşəyinin aşkarlanması cəhdlərini siyasiləşdirməkdə ittiham edib.

XS
SM
MD
LG