Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:25

'Azərbaycana böyük təhlükə'


"İsgəndər"
"İsgəndər"

««İsgəndər» raket komplekslərinin Ermənistana verilməsi Azərbaycana böyük təhlükədir».

Bunu AzadlıqRadiosuna hərbi ekspert Telman Əbilov bildirib.

Onun deməsinə görə, Rusiya hələ bir il öncə bu raketlərin Ermənistana ötürülməsi yollarını axtarırdı. O qeyd edir ki, ortada İran, Gürcüstan variantı belə olub. Bu raketlər Ermənistana qara yollarla gətirilib:

«Bu raketlər elə böyük həcmə malikdir ki, onu yük təyyarəsi vasitəsilə belə, Ermənistana gətirmək mümkün deyildi».

T.Əbilov deyir ki, bu barədə açıq deyilməlidir. İndi ölkənin müdafiə qüdrəti daha da gücləndirilməlidir. Onun fikrincə, bu təhlükə xalqdan gizlədilməməlidir.

«Bu raketlərin Ermənistana gətirilməsi sözün bitdiyi yerdir. Bunu başqa cür adlandırmaq olmaz»,-deyə o qeyd edib.

Buna da bax-Ermənistan Azərbaycanın 'istənilən nöqtəsini vura bilən' silah alıb?

T.Əbilov hesab edir ki, bu raketlərin Ermənistana gətirilməsi, onun Xankəndində, Xocalıda olması deməkdir. Onun fikrincə, indi heç kəs zəmanət verə bilməz ki, bu raketlər sabah Azərbaycanın işğal altında olan ərazilərinə göndərilməyəcək:

«Ermənistan tərəfi bu raketləri əldə etməklə deyir ki, Azərbaycan Qarabağı unutmalıdır. Onların nə deməsinə baxmayaraq, bədbinliyə qapılmaq olmaz. Azərbaycan nəinki Qarabağdan, heç işğal edilən bir qarış torpaqdan belə əl çəkməməlidir. Bundan çıxış yolu var və bu çıxış yolu ölkənin müdafiə qüdrətini daha da artırmaqdır».

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov isə hesab edir ki, Azərbaycanı narahat olmamalıdır, çünki, onun fikrincə, Ermənistanın "İskander" raketi yoxdur:

Üzeyir Cəfərov
Üzeyir Cəfərov

"Bu raketlər Rusiyaya və onun Ermənistandakı hərbi bazasına aiddir. Aprel döyüşlərindən sonra Ermənistan elə qorxuya düşüb ki, bu cür fantaziyasını işə salır".

Regnum.ru agentliyi Ermənistanın Rusiyadan «İsgəndər» zenit kompleksləri aldığı haqda informasiyalar yayıb. Beləliklə, Rusiyadan sonra bu kompleksə malik olan ikinci ölkənin Ermənistan olduğu deyilir. Raketlərin Ermənistana Rusiya ilə birgə hava hücumundan müdafiə sistemi çərçivəsində verildiyi bildirilir.

«İsgəndər» operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur. Lakin onlardan ən müasiri «İsgəndər-M» raketləridir.

Hərbi ekspertlərin fikrincə, «İsgəndər-M» raketi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən biridir. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir.

«İsgəndər-M» raketlərinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvarı hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir.

XS
SM
MD
LG