Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:29

Rövşən Əkbərovun əsgərləri oğlunun obyektində işləyib, yanğında bir əsgər ölüb


General Rövşən Əkbərov Prezident İlham Əliyevə raport verir. 2013
General Rövşən Əkbərov Prezident İlham Əliyevə raport verir. 2013

20 il öncə Kiyevdə azərbaycanlı işadamı Elçin Əliyevin qətlinə görə hazırda həbsdə olan Milli Qəhrəman və general Rövşən Əkbərovun haqqında başqa bir cinayət işinin də olduğu bildirilir. Bu barədə AzadlıqRadiosuna məlumat verən mənbənin sözlərinə görə, həmin cinayət işi generalın 2007-2009-cu illərdə hərbi hissə komandiri olduğu dövrdə tabeliyindəki əsgərlərin onun evində və obyektlərində işlədilməsi ilə bağlı olub: "Rövşən Əkbərovun atasının adını daşıyan oğlu var, Telman Əkbərov. Onun obyekti var, bir hissəsi mebel sexi, bir hissəsi şirniyyat, bir hissəsi mağaza. O obyektdə də əsgərləri işlədiblər. Həmin vaxt orada yanğın olub. Bir əsgər ölüb, qalanları xəsarət alıb. Bu hadisə ilə əlaqədar cinayət işi başlanıb".

Cinayət işi yenidən araşdırılıb

Mənbənin sözlərinə görə, obyektin mülkiyyətçisi oğul Əkbərov olsa da, rəsmi qaydada N saylı hərbi hissənin giziri İbrahim Həsənov onu icarəyə götürüb. Bu üzdən Həsənov CM-in 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub: "İbrahim Həsənovun istintaqı başa çatıb, işi məhkəməyə göndəriləndə hərbi hissənin başqa vəzifəli şəxsləri, o cümlədən general Rövşən Əkbərov haqqında da Cinayət Məcəlləsinin 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi ayrıldı. Bu, 2009-cu ildə olub. Amma o işə xitam verilmədiyinə görə Rövşən Əkbərovun həbsindən sonra həmin cinayət işi yenidən araşdırılıb".

"Cinayət təqibinə xitam verilib"

General Əkbərov həbs olunduqdan sonra onun işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb. İdarədəki mənbə də AzadlıqRadiosuna general haqqında əvvəl cinayət işi olması haqda məlumatı təsdiqləyib. İstintaq İdarəsindən bildirilib ki, 2009-cu il dekabrın 7-də ayrılmış cinayət işi generalın həbsindən sonra – martın 19-da onun suçlandığı qətllə bağlı cinayət işinə birləşdirilib: "Araşdırma aparılıb və belə nəticəyə gəlinib ki, Rövşən Əkbərovun əməlində Cinayət Məcəlləsinin 341.2.3 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) maddəsinin tərkibi olsa da, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçib. Ona görə də ərizəsi ilə, eyni zamanda, Cinayət-Prosessual Məcəllənin 39.1.3 (cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə) maddəsinə əsaslanaraq, cinayət təqibinə xitam verilib".

Xatırlatma

2021-ci il martın 15-dən həbsdə olan Rövşən Əkbərov 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyevdə kafenin həyətində azərbaycanlı işadamı Elçin Əliyevi qətlə yetirməkdə suçlanır.

Cinayət işinin materiallarında yazılıb ki, gecə saatlarında "Sikora" kafesində yeyib-içəndən sonra Əkbərovla Əliyev arasında mübahisə yaranıb. Onlar kafedən çıxıb mübahisəni davam etdiriblər. Bu zaman general üstündəki hərbi bıçaqla onun ürək nahiyəsinə zərbə endirib.

General ittihamı qəbul etmir. O, bu barədə cinayət işinin materiallarında yazılanları "film ssenarisi" adlandırıb.

Ukrayna prokurorluğu hələ Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək 29-yaşlı Əliyevin qətlində generalın iştirakını təsdiqləyən sübutların olduğunu yazırdı. Həmin sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Azərbaycana göndərilmişdi. İş əvvəlcə Hərbi Prokurorluqda, daha sonra Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində araşdırılsa da, bir müddət sonra icraat dayandırılmışdı.

29-yaşlı Əliyevin ailə üzvləri ötən 20 ildə Prezident Administrasiyası, Baş Prokurorluq da daxil olmaqla, müxtəlif dövlət orqanlarına onlarla məktub göndərərək Əkbərovun cəzalandırılmasını tələb ediblər.

1965-ci il təvəllüdlü general 1994-cü ildə Surət Hüseynovun dəstəsinin qarşısının alınmasında xidmətlərinə görə Milli Qəhrəman adına layiq görülüb.

XS
SM
MD
LG