Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:25

Baba Rauf Mirqədirova anası hələ də "uşağım" deyir- [Müsahibə]


Rauf Mirqədirovun anası oğluna hökm çıxarılmasından sonra...
Rauf Mirqədirovun anası oğluna hökm çıxarılmasından sonra...

►“O qədər təsirlidir ki, hər ora gedəndə gözlərimdən qeyri-ixtiyari yaş axır””

Həbsdə olan jurnalist, 54 yaşlı Rauf Mirqədirov babadır, nəvəsi var. Anası – 76 yaşlı Rəfiqə İsayevanın da nəvələri, nəticəsi var. Ancaq Rauf Mirqədirov haqqında danışanda “uşağım” deyir.

Hər həftənin üçüncü günü oğluna yemək aparır. Bu gün də yemək aparan günüdür. Təcridxanadan qayıdan Rəfiqə İsayeva AzadlıqRadiosuna oğlunun həbsindən, səhhətindən danışıb:

– Artıq 22 aydır oğlum Milli Təhlükəsizlik Nazirliyinin (Dövlət Təhlükəsizlik Xidməti) təcridxanasında, təkadamlıq yerdə saxlanılır. Hər bir ana üçün həbsxanaya getmək çox təsirlidir. O qədər təsirlidir ki, hər ora gedəndə gözlərimdən qeyri-ixtiyari yaş axır. Fikirləşirəm ki, “axı niyə bu uşaq burda yatmalıdır?”

– Səhhəti necədir, deyəsən, gözündə problem var?

– Orda olduğu müddətdə çoxlu kitab oxuyub. Gözlərindən biri tədricən fəaliyyətini itirib. Beynində də bərk ağrılar olur. Düzdür, orda müalicə olunub, həkimlər yazıb, cürbəcür dava-dərmanların hamısını alıb vermişəm. Orda müalicə gedir.

Rauf Mirqədirov nəzarət altında
Rauf Mirqədirov nəzarət altında

– Deyəsən, bu gün ərzaq qəbulu günüdür..

– Bəli, hər üçüncü gün aparıram. Həcmi bilinməklə, alma, armud, limon, pomidor, xiyar, xırda-para şeylər aparıram. İsti yemək olmaz, çünki orda isti yemək verilir. Hər dəfə ora çatanda gözümün yaşı axır. Özümü çox pis hiss eləyirəm ki, 54 yaşında oğlum iki ildir həbsdə yatır. Bu, mənə çox pis təsir edir. Bu hissi heç nəylə, heç nəylə müqayisə eləmək olmaz. Heç bir ananın, atanın övladı ilə sınağa çəkilməsini heç vaxt arzulamaram.

– Tək gedirsiniz?

– Artıq mən ora tək gedə bilmirəm. Həyətdə maşın tutmuşuq, qonşudur. O, ərzaqları yerləşdirir, gedirik, ərzağı qəbul edirlər. Təcridxanada onları təhvil verirəm, sonra da çıxıb gəlirəm. Artıq tək gedə də bilmirəm. Səhhətim buna yol vermir. Məndə həm şəkər xəstəliyi, həm astma, həm də təzyiq var. Özümü müalicə eləyə-eləyə güclə saxlayıram ki, ayaq üstə olum, oğluma yemək apara bilim.

____________________________________________________________

Bunlara da bax:
Azərbaycandan Rusiyaya nota
“Prezident olsaydım, təhsil nazirini işdən çıxarardım”

_____________________________________________________________

– Üz-üzə görüşə bilirsinizmi?

– Bəli, elə sabah da görüşüm var. Bir neçə aydır görüş verirlər. Ayda bir dəfə görüşürəm, hər həftədə də bir dəfə zəng vurur, telefonla danışırıq.

– Ana-oğul görüşəndə nələrdən danışırsınız?

– Onunla görüşəndə, ümumiyyətlə, nə o, həbs haqqında danışır, nə də mən. Soruşur ki, “nəvələr, uşaqlar, nəticən necədir?” Bacısını soruşur, Bakıda qızı var, onun da bir oğlu var, onlardan danışrıq.

– Rauf Mirqədirova elan olunan ittiham haqqında nə deyə bilərsiniz?

– Mən, ümumiyyətlə, Raufa o maddəni necə verdiklərinə inana bilmirəm (ağlamsınır). Heç o maddənin adını dilimə də gətirmək istəmirəm. Rauf heç vaxt dövlətə, Azərbaycan xalqına xəyanət edə bilməz. Çünki elə tərbiyə almayıb. Bacardığı qədər, həmişə dövlətinə, xalqına yaxşılıq etmək istəyib. Həmişə bunları yazıb.

– Məhkəmə vaxtı prosesə gələnlərə konfet də paylamışdınız. Yəqin Rauf bəyin azad olunacağına çox inanırdınız.

– Bəli, onda çox gözləyirdim ki, Raufu buraxacaqlar. Sonra da gözləyirdim ki, ilin axırına əfv fərmanına salsınlar. Məhkəmə vaxtı da gözləyirdim, ancaq alınmadı. Hər ana mənim kimi eləyərdi. Konfet nədir ki, adamın imkanı ola, hamını götürüb restorana aparar. Raufun həbsdən çıxacağını səbirsizliklə gözləyirəm, o qədər səbirsizliklə gözləyirəm ki... Düzdür, söhbətimizdə bədbin notlar olmasını istəməzdim. Ancaq yaşım az deyil. Qorxuram. Mənə elə gəlir ki, vaxt, zaman çatmaz. O, həbsdə ola-ola həyatı tərk etməkdən qorxuram. Mən bunu istəmirəm. Yeganə bir arzum var, Raufu buraxsınlar. Başqa heç nə istəmirəm.

Buna da bax...

"Camaatda bayram havası yoxdur, acından ölürük"
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

XS
SM
MD
LG