Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:39

Bakıda üzərində həbs olan özəl məktəb: '50 faizi bizim deyil...'


Rasim Məmmədov
Rasim Məmmədov

"Baku Steel Company" MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovun həbsindən sonra onun özü və yaxınlarının bir sıra əmlaklarının, o cümlədən Bakı Oksford Məktəbinin üzərinə həbs qoyulub. Bu məktəbin həmtəsisçisi işadamının həyat yoldaşı Mehriban Məmmədovadır. İstintaq dövründə məktəbin üzərinə həbs qoyularkən istintaq orqanı bu məktəbi 22 milyon 487 min manat qiymətləndirib. Bunu noyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Məmmədovun işinə baxan hakim Leyla Əsgərova-Məmmədova sənədləri elan edərkən açıqlayıb.

Bu zaman keçmiş zavod rəhbəri bildirib ki, onlar məktəbin yeganə sahibi deyil: "Məktəbin 50 faizi bizimdir. Amma 50 faizi başqasınındır...".

Lakin kimə məxsus olduğunu açıqlamayıb.

Zaman-zaman mediada Bakı Oksford Məktəbinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin yaxınlarına məxsusluğu barədə də iddialar yer almışdı.

"Bundan digər iki bacı da əziyyət çəkir...".

Sənədlərin elanından məlum olub ki, çoxsaylı bağ evləri, mənzillər, torpaq sahələri və s. daşınmaz əmlakların üzərinə həbs qoyulub. Onların arasında Məmmədovun özü ilə yanaşı, həyat yoldaşı Mehriban Məmmədova, qayınatası, qardaşı və başqalarının adına olan əmlaklar var. "Baku Steel Company"nin sabiq rəhbəri deyir ki, elan edilən əmlaklar arasında elələri var ki, ümumiyyətlə, mövcud deyil: "Sulutəpədə bizim belə əmlakımız yoxdur".

Məmmədov deyir ki, özünün, atasının və qayınatasının bağ evləri olub. Lakin bu evlərin "Baku Steel Company"dən gələn gəlirlə əlaqəsi yoxdur. O, narazılıq edib ki, həyat yoldaşına atasının bağışladığı əmlakların üzərinə belə həbs qoyulub: "Atasının bağışladığı əmlakın da üzərinə həbs qoyulub, bu nə deməkdir? Yaxud da yoldaşımgil üç bacıdırlar, bir bacıya görə atanın bütün əmlakına həbs qoyulub, bundan digər iki bacı da əziyyət çəkir...".

Mənzili Aygün Kazımovadan alıb

Məhkəmədə məlum olub ki, Rasim Məmmədovun Səməd Vurğun küçəsində yerləşən binada iki mənzilinin üzərində həbs var. O bildirib ki, həmin mənzillərdən birini 2003-cü ildə alıb. İkinci mənzili isə 2009-cu ildə müğənni Aygün Kazımovadan alıb: "Həmin binada nazirdən tutmuş, müğənniyə qədər çox adam yaşayırdı...".

Vəkili Zibeydə Sadıqova bildirib ki, istintaq orqanının təqdimatı əsasında məhkəmənin qərarı ilə Rasim Məmmədovla yanaşı, bir sıra başqa şəxslərin adlarına olan əmlakların da üzərinə həbs qoyulub. Lakin həmin əmlakların cinayət yolu ilə əldə olunmasına dəlalət edən heç bir sübut ortaya qoyulmayıb: "Baxmayaraq ki, həmin əmlaklar əvvəl əldə olunub, iş materiallarında onların əldə olunması sonrakı dövrə rəsmiləşdirilib. Bütün bu hallarla bağlı şikayət vermişik. Təəssüf ki, təmin olunmayıb. Apellyasiya şikayəti versək də, həmin şikayətimiz də təmin edilməyib".

Məmmədovun özü və yaxınlarına məxsus, üzərinə həbs qoyulmuş əmlakların ümumi dəyəri təxminən 70 milyon manat qiymətləndirilib.

İşadamının məhkəməsi noyabrın 21-də davam edəcək. Məhkəmə prosesində araşdırmalar yekunlaşmaq üzrədir. Dindirmələr artıq başa çatıb, prosesdə sənədlərin tədqiqi mərhələsidir. Yaxın günlərdə prokuror Məmmədova cəza istəyəcək.

Xatırlatma

1976-cı il təvəllüdlü Rasim Məmmədov "Baku Steel Company" MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. İddia olunur ki, o, şirkətin məhsullarından öz evi və obyektlərində istifadə etməklə, armaturları öz şirkətlərinə daha ucuz qiymətə satmaqla və s. zavoda ziyan vurub.

Məmmədova CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Məmmədov özünü təqsirli bilmir. O, məhkəmədə bildirib ki, 2011-ci ildə "Baku Steel Company"də işə başlayarkən Prezident Administrasiyasının ozamankı rəhbəri Ramiz Mehdiyev və Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovla üçlükdə müzakirə edib, razılaşıblar.

XS
SM
MD
LG