Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:34

"Dedilər, obyekti satmasan, ekskavatorun ağzına verəcəyik"


Rəşad Məmmədov
Rəşad Məmmədov

►Bayraq Meydanı işi: “Obyekti 6 milyon 500 min manata satmaq istəyirdim. Dedim ki, “mülk mənimdir, qiyməti belə qoyuram”.

Ancaq bunlar dedilər ki, obyektimin alınmasına 4 milyon 700 min manat pul ayrılıb”

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov 4 milyon 700 min manata satın aldığı obyektin sahibi Zabil Salmanovun şikayəti əsasında bir ildən çoxdur ki, Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır.

Amma həmin şəxs onun, eləcə də, obyektin alınmasında vasitəçi olmuş İsfəndiyar İsfəndiyarovun həbsdən buraxılmasını istəyir. Bunu Zabil Salmanov iyunun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən deyib.

Xatırladaq ki, Nizami 44 ünvanında yerləşən binanın ikinci mərtəbəsində evlər Rəşad Məmmədovun ailəsinə məxsus olub. O, binanın birinci mərtəbəsini də almaq qərarına gəlib və bu məqsədlə vasitəçi İsfəndiyar İsfəndiyarova 6 milyon vəsait verib. Orada Zabil Salmanovun obyekti ilə yanaşı, bir zirzəmi, telefon mağazası və ikiotaqlı mənzil yerləşib.

Zabil Salmanov məhkəmədə zərərçəkmiş qismində ifadəsində deyib ki, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur.

Bakıda Bayraq meydanı
Bakıda Bayraq meydanı

“KONKRET QİYMƏT QOYDULAR”

"Mənə təklif göndərdilər ki, obyektimi almaq istəyirlər, amma mən satmaq istəmirdim. Bundan sonra mənə qarşı təzyiqlər başlandı. Mənə konkret qiymət qoydular ki, “yeri bu qiymətə satmalısan”. Həmin ərəfədə mənə müxtəlif instansiyalardan zənglər, basqılar olurdu. Mən obyekti 6 milyon 500 min manata satmaq istəyirdim. Dedim ki, “mülk mənimdir, qiyməti belə qoyuram”. Ancaq bunlar dedilər ki, obyektimin alınmasına 4 milyon 700 min manat pul ayrılıb. Bir də əlavə olaraq, Hüseyn Cavid prospektində obyekti alıb, qarşısını da artırıb verəcəklərini dedilər. Razılaşdım, çünki borclarımı bağlayandan sonra qalan pula obyekt almaq istəyirdim", - zərərçəkmiş ifadəsində bildirib.

Zabil Salmanov deyir ki, Hüseyn Cavid prospektindəki obyektin qarşısında dövlət əhəmiyyətli yol olduğuna görə orada artırma məsələsi alınmayıb.

____________________________________________________________

Bunlara da bax:
Rusiya şərti olaraq çempionatdan xaric edildi
Müraciətə baxmayanlara cərimə

____________________________________________________________

Onun sözlərinə görə, obyektin satışı ilə əlaqədar İsfəndiyar İsfəndiyarovla əsasən telefonla danışıblar. Rəşad Məmmədovu isə danışıqlar başlayandan təxminən 9 ay sonra tanıyıb:

"Rəşad Məmmədovla görüşəndən sonra dedi ki, “sənin məsələndən xəbərim var, əlimdən gələni eləyəcəm”. Onda fikirləşdim ki, bunların məni aldatmaq niyyəti yoxdur. Sadəcə, obyektin artırma məsələsi alınmamışdı. Bilirsiz, ya bunu pulla həll etməliydilər, ya da görüşüb açıq şəkildə deməliydilər ki, “alınmır”. Eləmədilər. Mən də gördüm ki, problem həll olunmur, ona görə şikayət elədim".

“DEYİRDİLƏR Kİ, SATMASAN…”

Zabil Salmanov əmlakını satmasından ötrü ona edilən təzyiqlərdən də danışıb:

"Müxtəlif şəxslər tərəfindən təzyiqlər olurdu. Deyirdilər ki, “əgər satmasan, ekskavatorun ağzına verib sökəcəyik"”.

Cinayət işinin materiallarında Zabil Salmanovun bir neçə şikayət ərizəsi var. Bunların birində o yazıb ki, keçmiş MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, bu qurum ətrafındakı olaylardan sonra həbs olunan general-mayor Sübahir Qurbanov tərəfindən də təzyiqlərə məruz qalıb. Yazdığına görə, ondan 500 min pul tələb olunub.

İsfəndiyar İsfəndiyarovun vəkili İradə Cavadovanın bu haqda sualına cavab olaraq, Zabil Salmanov bildirib ki, MTN ətrafındakı məlum hadisələrdən sonra ondan şikayət etmək qərarına gəlib:

"Məlum hadisələrdən sonra mən ərizə yazdım və məsələni ictimailəşdirdim. Prezidentin saytına da şikayət məktubu yazmışam".

“ELMLƏ YOX, MAKLERLİKLƏ PUL QAZANIRAM”

İsfəndiyar İsfəndiyarov da məhkəmədə qısaca çıxış edib. Deyib ki, Elmi-Tədqiqat İnstitutunda elmi işçi olub, Sankt-Peterburqda universiteti qırmızı diplomla bitirib: "Beynəlxalq təşkilatın sülhməramlı səfiriyəm. Amma hökumət elə eləyib ki, elmlə yox, maklerlik eləyib pul qazanmağa məcbur olmuşam".

Məhkəmə prosesi iyunun 17-də davam edəcək.

Bu iş üzrə təqsirləndirilən Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov ötən ilin mayında həbs olunub. Hər üç təqsirləndirilənə qarşı CM-nin 178-ci (dələduzluq) maddəsilə ittiham irəli sürülüb. Rəşad Məmmədov isə həm də CM-nin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə və israf etmə) maddələrilə ittiham olunur. İttihama görə, Rəşad Məmmədov tabeliyindəki işçilərə lazım olduğundan daha çox pul vəsaiti verməklə, 200 min manatdan artıq vəsaiti israf edib.

Rəşad Məmmədov və İsfəndiyar İsfəndiyarov Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır. Arzu Məmmədovun həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkməsilə əlaqədar onun barəsində həbs-qətimkan tədbiri bu ilin martında dəyişdirilib.

Buna da bax: Polislə sakinlər arasında qarşıdurma

XS
SM
MD
LG