Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:23

Çeçenistan lideri Kadırovun yeniyetmə oğulları niyə diqqət mərkəzindədir?


Adam Kadırov Qroznıda Vladimir Putinin 70 illik yubileyi münasibətilə keçirilən paradda
Adam Kadırov Qroznıda Vladimir Putinin 70 illik yubileyi münasibətilə keçirilən paradda

Çeçenistan lideri Ramzan Kadırovun çoxsaylı uşaqlarından biri - Adam Kadırov son vaxtlar medianın diqqət mərkəzindədir. Muxtar qurumun dövlət mediası, qismən də Moskva mətbuatı 15-yaşlı yeniyetməni Rusiyanın Ukraynada apardığı müharibədə vuruşan, bir ukraynalı əsgəri tutan, terrorizmə qarşı mübarizəsinə görə mükafat alan, taktik atıcılıq çempionatında Rusiya xüsusi qüvvələrinə qalib gələn cəsur döyüşçü kimi qələmə verir.

Qroznıda fəaliyyət göstərən iki əsas dövlət kanalı atalarının yanında rəsmi tədbir və görüşlərə gedən Adam və iki qardaşını – 17-yaşlı Axmat və 16 yaşlı Zelimxanı göstərməkdən yorulmur.

Kadırovun səhhəti ilə bağlı uzun zamandır şayiələr gəzir

Onun öləcəyi halda nə baş verəcəyinə dair, eləcə də mətbuatın onun övladlarına bu qədər yer ayırmasının səbəbləri haqda söz-söhbət ara vermir.

Çeçen siyasi təhlilçi Ruslan Kutayev deyir ki, Kadırovun övladlarına verilən mükafatlar Kadırovla müttəfiqlərinin siyasi iddiaları olan hər kəsə xəbərdarlığıdır: "Bu Kadırovun çevrəsinin verdiyi siqnaldır: Oyun oynamayın, çünki sizi hakimiyyətə gətirən yoxdur. Hakimiyyət Kadırovun uşaqlarında qalacaq".

Bu siqnalın nə qədər təsirli olduğu aydın deyil. Təhlilçilər deyirlər ki, Kadırovun ölümü hakimiyyət uğrunda mübarizəni qızışdıracaq; bu halda Rusiya bu mübarizəni nəzarətdə saxlamaq üçün çox çalışmalı olacaq, Kremlinsə, hələlik, bu ssenariyə uyğun planları bilinmir.

Putin indi 46 yaşı olan Kadırovu 2007-ci ildə Çeçenistanın prezidenti təyin edib. Tənqidçilərin fikrincə, Kadırov və onun nəzarətində olanların insan haqları və Rusiya konstitusiyasını addımbaşı pozmasına Kremlin göz yummasının səbəbi Putinin Çeçenistanda yeni separatçı hərəkatın yaranmasının qarşısını almaq işində Kadırova güvənməsidir. SSRİ-nin dağılmasından sonra Çeçenistanda islamçıların da aktiv tərəf olduğu iki müharibə baş verib.

Çeçenistan lideri Ramzan Kadırov (soldan sağa) qardaşı oğlu Xamzat və oğulları Axmat, Zelimxan və Adamla
Çeçenistan lideri Ramzan Kadırov (soldan sağa) qardaşı oğlu Xamzat və oğulları Axmat, Zelimxan və Adamla

Kadırovun uşaqlarının sayı dəqiq bilinmir

Bəzi xəbər və bioqrafiyalarda bu sayın 10; bəzilərində 14 olduğu yazılır. Kadırovun özü ikinci rəqəmin düzgün olduğunu deyib. İyulda ABŞ Kadırov, həyat yoldaşı və iki böyük qızına qarşı sanksiya tətbiq edəndə o, daha 12 övladının olduğunu demişdi.

Kadırovun qızlarından üçü hökumət vəzifələri tutur: 24-yaşlı Ayşat Çeçenistanın mədəniyyət naziri, 23-yaşlı Xadijat səhiyyə naziri, 20-yaşlı Xutmatsa Kadırovun katiblik rəhbərinin müavinidir.

Ancaq Axmat, Zelimxan və Adam digər bacı-qardaşlarından daha çox diqqət mərkəzindədir.

Mart ayında - toyundan bir gün öncə Axmat Moskvada Putinlə təkbətək görüşüb. Bundan sonra Kadırov və Kremlin hakimiyyəti ona verməyə hazırlaşmasına dair şayiələr baş alıb gedib.

Kadırov səhhəti ilə bağlı söyləntiləri rədd edib, Axmatın Putinlə müzakirəsininsə Şimali Qafqazda gənclər siyasətinə dair qeyri-rəsmi söhbət olduğunu deyib.

2004-cü ildə öldürülən, əvvəllər hökumətə qarşı çıxsa da, sonradan Kremlin dəstəklədiyi yerli liderə çevrilən babasının adını daşıyan Axmat Rusiya Təhsil Nazirliyinin yaratdığı gənclər təşkilatları hərəkatının çeçen qanadına rəhbərlik edir.

Xəbər başlıqlarında Zelimxanın da adı çox çəkilir. Ötən ilin dekabrında atasına məxsus "Axmat – qarışıq döyüş sənətləri" təşkilatının çempionatında yüngül çəkili boksçu kimi "peşəkar debütü" açıqlanan Zelimxanın bugünədək yalnız bir döyüşü olub.

"Çox insani davranan" Adam

Ancaq Adamın adı təkcə yaxşı məsələlərlə bağlı hallanmır. Avqustun 16-da Rusiyanın ombudsmanı Tatyana Moskalkova Telegram-da paylaşdığı postunda Çeçenistanda Quranı yandırdığı iddia olunan Nikita Juravel adlı şəxsin həbsxana kamerasında Adam Kadırovun onu döyməsindən şikayət etdiyini yazıb.

Rusiya prezidenti Vladimir Putin və Axmat Kadırov Kremldə
Rusiya prezidenti Vladimir Putin və Axmat Kadırov Kremldə

Çeçenistanın ombudsmanı Mansur Soltayev Çeçenistan rəsmilərinin insan haqlarına "ən yüksək səviyyədə" sayqı göstərdiyini iddia etsə də, Moskalkovanın xahişi ilə Adamın davranışı ilə bağlı şikayəti araşdıracağını deyib. Ancaq onun araşdırmasının nəticələri ortaya çıxmayıb.

Kadırovun yaxın qohumu və müttəfiqi, Dövlət Dumasının təhlükəsizlik və antikorrupsiya komitəsinin üzvü Adam Delimxanovsa yeniyetmənin hərəkətini bəyənib. O, Telegram-da Adam Kadırovun hətta "çox insani" davrandığını deyib və bunu Juravelin hələ sağ olması ilə əsaslandırıb.

Ukrayna əsilli Juraveli Quranı yandırmaqdan başqa, Rusiya hərbi obyektlərinin şəklini çəkərək Ukrayna xüsusi xidmətlərinə ötürmək üçün pul almaqda suçlayırlar.

İki videonun müqayisəsi nəyi üzə çıxardı?

Kadırov Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından bəri 26 min əsgər toplayıb cəbhəyə göndərdiyini iddia edir. Tənqidçilər Kadırovun övladlarının da atalarının bu savaşla bağlı coşqusunu dəstəklədiyini xüsusi səylə nümayiş etdirməsini "şou" adlandırırlar.

Ötən ilin oktyabrında o zaman hələ 14 yaşı olan Adamın qardaşları Axmat və Zelimxanla birgə Ukraynanın Donetsk bölgəsinə getdiyi bildirilmişdi. Sosial mediada paylaşılan videodan üç oğlanın balaca səngərdə oturaraq avtomat silah və qumbaraatanlardan atəş açdığı görünür. Uzaqdan atəş səsləri gəlsə də, onların yaxınlığına heç nə düşmür. Bu səfər zamanı çəkilmiş iki videonun vizual müqayisəsi uşaqların, əslində, cəbhə xəttindən bir neçə kilometr aralıda olduğunu üzə çıxarıb.

Di gəl, Kadırov sonradan hər oğlunun cəbhədən bir Ukrayna əsgəri tutub gətirdiyini iddia edib.

Yetkinlik yaşına çatmayan Adamın böyüklərə aid rolları üstlənməsi bununla bitməyib. Fevralda onun Dubayda qanunsuz maşın sürərkən çəkilmiş fotosu yayılıb, martda isə Çeçenistanın Daxili İşlər Nazirliyi onu "terrorçuluğa qarşı mübarizədə seçildiyi üçün" "Axmat" nişanı ilə təltif edib. Hərçənd, mükafatın hansı əsasla verildi açıqlanmayıb. Həmin ay atasını Çeçenistanın Qudermes şəhərinə səfərdə müşayiət edən, gülləkeçirməz jilet (yelək) geyinən Adamın ABŞ istehsalı olan avtomat silahla gəzdiyi görünür. Rusiya qanunlarına görə, 21 yaşına çatmamış şəxslər hərbi xidmət xaricində silah gəzdirə bilməzlər.

Adam Kadırov Qroznıda keçirilən boks turnirində
Adam Kadırov Qroznıda keçirilən boks turnirində

Olmayan nokaut

Adam və qardaşları daha öncə yaşları çatmadığı halda, atalarının "Axmat" döyüş klubunun keçirdiyi döyüş növləri yarışına qatılmış, boks yarışlarının birində Adam "nokaut"dan sonra qalib elan edilmişdi. Bu da var ki, yarışda heç bir nokaut qeydə alınmamışdı.

2013-cü ildə çeçen din alimləri 6-yaşlı Adamı "Rusiyanın ən gənc hafizi" adlandırmışdılar. Quranı əzbərdən söyləyən şəxslərə "hafiz" deyilir. Böyüklər bu adı ala bilməkdən ötrü illərlə çalışırlar.

XS
SM
MD
LG