Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:40

Qubad İbadoğlu həbs edildi


Qubad Ibadoglu
Qubad Ibadoglu

ABŞ səfirliyi: Biz Azərbaycanı Qubad İbadoğlunun hüquqlarını qorumağa çağırırıq

“Qubad İbadoğlunun həbsini diqqətlə izləyirik. Birləşmiş Ştatlar insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiq qalır”.

Bu, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbsi ilə bağlı Amerikanın Səsinin sorğusuna cavabında bildirib.

“Biz Azərbaycanı öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun Azərbaycanın konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq insan hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq”, ABŞ səfirliyinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsin vəzifəni icra edən Salman Hacı qeyd edib.

+++

Bu gün, iyulun 24-ü, günün ikinci yarısı Nərimanov Rayon Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Bununla da məhkəmə istintaq orqanın vəsatətini təmin edib.

Qubad İbadoğlu özünü təqsirli bilmir. Müdafiə tərəfi qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

+++

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğluya qarşı ittihamın ağırlaşdırıldığı bildirilir. Müdafiə tərəfinin verdiyi açıqlamaya görə, ona qarşı artıq Cinayət Məcəlləsinin (CM) 204.3.1 (Mütəşəkkil dəstə tərəfindən saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.

Müxalif siyasətçinin hakim önünə çıxarılacağı gözlənir.

Müdafiə tərəfi bundan əvvəl onun həmin maddənin 1-ci bəndi ilə ittiham edildiyini açıqlamışdı. Mütəşəkkil dəstədən söhbət getməyən həmin ittihamla ona maksimum 7, indi isə 12 il cəza verilə bilər.

+++

Siyasətçinin xanımı fiziki təzyiqə məruz qaldığını deyir

İyulun 23-də tutulan Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlunun həyat yoldaşı İradə Bayramova əri ilə bir yerdə saxlanllarkən fiziki təzyiqə məruz qaldığını deyir.

Onun sözlərinə görə, mülki geyimli şəxslər onu avtomobilə mindirərkən fiziki güc tətbiq ediblər: "Maşınımızı öz maşınları ilə yolu kəsərək saxladılar. Daha sonra Qubad bəyi maşından düşürdülər. Məni da düşürdüb başqa maşın ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Öz maşınlarına mindirərkən mənə fiziki güc tətbiq ediblər".

İradə Bayramova
İradə Bayramova

İ.Bayramova qeyd edib ki, bədənində xəsarət izləri var: "Boyun nahiyəsinə yumruqla vurublar, çiyin və ayaqlarımda izlər var".

O, saxlandıqdan bir müddət sonra özünün sərbəst buraxıldığını söyləyir.

DİN təkzib edir

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Anar Qafarov isə "Turan"a həmin iddiaların əsassız olduğunu bildirib.

+++

Qubad İbadoğluya qarşı CM 204.1 maddəsilə ittiham irəli sürülüb

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin (CM) 204.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsilə ittiham irəli sürülüb. Bu barədə AzadlıqRadiosu-na onun vəkili Zibeydə Sadıqova məlumat verib.

Müdafiəçi bildirib ki, axtarışlar başa çatandan sonra iyulun 24-nə keçən gecə ADR sədrinin haqqında şübhəli şəxs qismində tutma qərarı verilib. Axtarışlar zamanı evdən 40 min dollar tapıldığı iddia olunur. İbadoğlu isə həmin vəsaitin ona heç bir aidiyyəti olmadığını bildirib.

Vəkili yada salır ki, ADR sədri uzun illərdir ki, Azərbaycanda yaşamırdı, Londonda işləyirdi. O, anasının səhhətindəki problemlərə görə iyulun 1-də ona baş çəkməyə gəlib:

“Axtarış aparılan mənzil də sadəcə, rəsmi sənəd üzərində ona məxsusdur. Orada nə baş verdiyindən onun məlumatı yoxdur. Çünki illərdir ora getməyib”.

ADR-in ofisi kimi istifadə olunan mənzildən bir sıra sənədlər götürülüb. Vəkilinin sözlərinə görə, onlar İbadoğlunun rəhbərlik etdiyi İqtisadi Tədqiqatlar Mərkəzinin 14-15 il əvvəlki fəaliyyətinə aid sənədlər olub:

“Hətta Qubad bəy bildirdi ki, onları bir dəfə prokurorluq QHT-lərlə bağlı cinayət işi çərçivəsində aparıb, yoxlayıb, geri qaytarıb. Yenə də apardılar”.

Hüquqlarını müdafiə etdiyi şəxsin tutulmasının Fətullah Gülənlə əlaqələndirilməsinə münasibət bildirən vəkil Sadıqova bu iddialardan xəbərsiz olduqlarını deyir. Onun sözlərinə görə, hələlik istintaqda İbadoğluya bu haqda suallar verilməyib.

Qubad İbadoğlunun ittiham olunduğu CM-in 204.1 maddəsində 5 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.

+++

Ailəsi Qubad İbadoğlunun səhhətindən narahatdır

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlunun Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandığı bildirilir.

Bu barədə onun qızı Jalə Bayramova məlumat verib: "Amma ona dərman və paltar kimi ehtiyacları götürməyə imkan verməyiblər".

J.Bayramova qeyd edib ki, atasının yüksək təzyiq və şəkəri var "Həmin dərmanlarsız o sadəcə məhv ola bilər», - daha sonra Bayramova bildirib.

Amma bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

+++

Gecə saat 24:00 radələrinə qədər davam edən axtarışlardan sonra Qubad İbadoğlu polislərin müşayəti ilə ofisdən çıxarılaraq qara rəngli bir avtomobilə mindirilib.

Bu zaman polislər onun üzünün görünməsinə, jurnalistlərlə kontaktına imkan verməyiblər. Zorla maşına oturdulan zaman jurnalistlərin "Qubad bəy, sizi niyə saxlayıblar sualına" o, "İlham Əliyevin sifarişilə" deyə bir cümlə ilə cavab verib. Daha sonra vəkilin də olduğu avtomobil partiyanın ofisi qarşısından uzaqlaşıb.

Bundan əvvəlsə ofis qarşısında dayanan jurnalistlərin suallarına cavab olaraq vəkil Zibeydə Sadıqova Qubad İbadoğlunun Anar Əliyev adlı bir şəxsin şikayəti əsasında şahid qismində saxlandığını deyib.

"Qubad bəy, bildirdi ki, axtarış aparılan ev sadəcə onun adına qeydiyyatdadır və bu evlə heç bir əlaqəsi yoxdur. O, uzun müddətdir Azərbaycanda olmayıb. Biz bilmirik evdən pul çıxdığı deyilir, zatən o pul da Qubad bəyə aid deyil. Biz buna etiraz etmişik və protokola əlavə eləmişik...", - vəkil bildirib.

Polis Qubad İbadoğlunun ofisindən maddi sübut hesab olunan əşyaları götürüb.

ADR-in ofisindən götürülən əşyaları polis aparır
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

***

DİN: Qubad İbadoğlu saxlanıb

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin yaydığı məlumata görə, Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan məlumatlar əsasında Azərbaycanda "feto" ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirilib.

(Türkiyə hakimiyyəti gülənçiləri FETO Terror Təşkilatı adlandırır.AR)

Rəsmi məlumatda vurğulanır ki, saxlanılan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib:

"Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılmış, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Q.İbadoğlu saxlanılmışdır. Hazırda tədbirlər davam etdirilir.- DİN Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir.

Vəkil Zibeydə Sadıqova AzadlıqRadiosuna deyib ki, Qubad İbadoğlu onun əleyhinə ifadə verdiyi iddia olunan Anar Əliyev adlı şəxsi tanımır.

2016-cı il iyulun 15-də bir qrup hərbçi Türkiyə prezidenti Ərdoğanı hakimiyyətdən salmağa cəhd edib. Hakim Ədalət və İnkişaf partiyası çevriliş cəhdinə görə hazırda ABŞ-da mühacirətdə olan ilahiyyatçı Fətullah Gülən və onun tərəfdarlarını ittiham edir. Amma Fətullah Gülən bütün ittihamları rədd edir. Türkiyə hakimiyyəti gülənçiləri FETO Terror Təşkilatı adlandırır.

***

Qubad İbadoğlunun qardaşı Qalib Toğrulun sözlərinə görə, qardaşına qarşı Anar Əliyev adlı şəxs ifadə verib, guya ona saxta dollar verib, sonra ifadəsini dəyişib:

“Bunun əsasında cinayət işi açılıb. Mənə də bu haqda vəkil Zibeydə Sadıqova söylədi, hələ araşdırma gedir, daha dəqiqi bundan sonra bilinəcək”.

Qubad İbadoğlunun qızı facebook səhifəsində yazır ki, axtarış aparanlar ofisdən 40 min dollar pul tapdıqlarını iddia ediblər. Onun sözlərinə görə, atası xəstədir və onun dərmanlara ehtiyacı var.

Qubad İbadoğlunun ofisində hələ də axtarışlar davam edir, 23 iyul 2023, Bakı
Qubad İbadoğlunun ofisində hələ də axtarışlar davam edir, 23 iyul 2023, Bakı


ADR partiyasının idarə heyətinin üzvü Ellada Məmmədova da Qubad İbadoğlu ilə bağlı cinayət işi açıldığını təsdiqləyib:

“Hazırda Qubad bəyi ofisə aparırlar, orda axtarış aparılacaq. Xanımın iştirakıyla da mənzilində axtarış aparılacaq”.

DİN İbadoğlunun həyat yoldaşının saxlanılması haqda iddiaları "əsassız" adlandırıb.

+++

AzadlıqRadiosunun müxbiri Qubad İbadoğlunun ofisi qarşısına bir avtobus polis gətirildiyini, onların əraziyə girişi bağlamağa çalışdığını xəbər verir.

ADR önündə polis avtobusu, 23 iyul 2023
ADR önündə polis avtobusu, 23 iyul 2023

+++

Ailə üzvləri Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, iqtisad professoru Qubad İbadoğlunun saxlandığını deyirlər. DİN-in mətbuat xidməti isə bildirir ki, o, qurumun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib. Qubadoğlunun daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə quruma dəvət edildiyi, araşdırma aparıldığı qeyd olunur.

Ailə üzvlərinin sosial şəbəkədə yaydığı məlumata görə, ADR sədri bu gün günorta saatlarında Novxanıdakı bağ evindən xanımı ilə birlikdə Sumqayıta bazarlığa gedibmiş:

“Sumqayıt dairəsində Qubad bəyi idarə etdiyi maşını yolda saxlayıblar və xanımı ilə birlikdə naməlum istiqamətə aparılıb. Artıq bəlli vaxt keçmiş, ailə üzvləri narahatdırlar. Qubad bəy və xanımından xəbər almaq mümkün deyil”.

Siyasətçinin qızı Jalə Bayramova polislərin İbadoğlunun ofisində axtarış aparacağını yazıb.

Təhsil Fondunun necə maliyyəcəşəyi haqda açıqlama

İbadoğlu siyasi hakimiyyəti tənqidi fikirlərilə tanınır. O, bir sıra Qərb universitetlərində elmi tədqiqatlar, pedaqoji fəaliyyətlə məşğul olub.

Qubad İbadoğlu iyulun 11-də Facebook səhifəsində yazıb ki, Azərbaycan Gənclərinin Təhsil Fondu (Azerbaijani Youth Educational Foundation) Londonda İngiltərə və Uels üçün Xeyriyyə Komissiyası tərəfindən qeydə alınıb. Fondun təsisçiləri onun özülə yanaşı Milli Şuranın sədri, tarix professoru Cəmil Həsənli, keçmiş səfir Arif Şahmarlıdır.

“AGTF-nin maliyyə mənbələrinin formalaşmasında ianələrdən istifadə olunacaq. Bundan başqa AGTF-nin maliyyələşməsinə Azərbaycan xalqından və iqtisadiyyatından oğurlanmış, büdcədən talan olunmuş pulların müsadirəsindən də vəsait ayrılması nəzərdə tutulur. Bununla əlaqədar olaraq xüsusilə də ABŞ, Aİ və BB-da müvafiq orqanlara müraciətlər planlaşdırılır”, – İbadoğlu yazıb.

İndiyədək müxtəlif korrupsiya araşdırmaları Prezident İlham Əliyevin ailə üzvlərinin Londonda daşınmaz əmlak aldığını üzə çıxarıb. Bu araşdırmalarda prezident qızlarının Londondakı mülklərinin ümumi dəyəri 60 milyon dollar miqdarında qiymətləndirilir. Azərbaycan rəsmiləri bu məsələylə bağlı dair sualları cavablandırakən prezidentin övladlarının həm də biznes sahibi olduqlarını vurğulayıblar.

Qeydiyyat üçün müraciəti 6 dəfə geri qaytarılıb

Partiya sədrinin “Facebook” səhifəsində qeyd olunur ki, bu gün – iyulun 23-də o, "BİZ TV" YouTube kanalında müxalif siyasi partiyaların reyestrdən keçirilməməsinin səbəblərindən danışacaq.

Ötən ilin avqustunda ADR Ədliyyə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib, partiyanın qeydiyyata alınmamasına etiraz edib.

2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılan partiyanın təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib.

Partiya bildirir ki, dövlət qeydiyyatına alınmasına dair müraciətini Ədliyyə Nazirliyi "son 2 ildə 6 dəfə qanunsuz olaraq geri qaytarıb" və ADR Partiyası məhkəmələrə üz tutub.

Siyasi partiyalar haqqında yeni qanun qüvvəyə minəndən sonra Müsavat, AXCP kimi əsas müxalifət partiyalarının üzvlərinin siyahıları geri qaytarılıb, dəqiqləşdirmələrə ehtiyac olduğu deyilib. Ədliyyə Nazirliyi 31 partiyanın öz təşəbbüsü ilə ləğv olunduğunu açıqlayıb.

Tənqidçilər hakimiyyəti təkpartiyalı sistem qurmağa çalışmaqda ittiham edirlər.

Amma rəsmilər belə ittihamları qəbul etmirlər.

XS
SM
MD
LG