Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:38

FT Qubad İbadoğlunun həbsindən yazır: Qərb enerji sazişlərinə görə susur


 Qubad İbadoğlu
Qubad İbadoğlu

Azərbaycanda həbs olunmuş, Londonda işləyən akademikin ailəsi Qərb ölkələrini onun azadlığa çıxmasına çalışmamaqda ittiham edir, bu məsələdə Bakının Avropaya enerji təchizatındakı rolunu vurğulayır. Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlunun ailəsi vəziyyətin ciddiləşdiyini, iqtisadçının səhhətinin pisləşdiyini bildirir. Bu haqda Böyük Britaniyada çıxan "The Financial Times" (FT) qəzetinin əməkdaşı Polina İvanova yazır.

London İqtisadiyyat Məktəbində (LSE) kontraktla işləyən Q.İbadoğlu iyulun 23-də Azərbaycana ailə səbəbləri ilə səfəri zamanı həbs olunub, barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilib. O, dini ekstremizm, saxta pul əldə etmə və ya satmada ittiham olunur, ailəsi isə bu ittihamları qurama sayır. Hüquq-mühafizə orqanları Q.İbadoğlunu Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan ilahiyyatçı Fətullah Gülənlə (ittihamı qəbul etmir) də əlaqələndirib. Amma iqtisadçı ittihamı qəbul etmir, məhkəmədə onu "saxta" adlandırıb.

Aİ ilə qaz sazişi

İqtisadçının qızı Jalə Bayramova qəzetə deyib ki, neft və qaz kontraktlarına görə heç kəs kömək etmir: "Biz qışqırırıq, yalvarırıq... amma heç nə baş vermir".

52 yaşlı akademik şəkər, ürək xəstəliyindən əziyyət çəkir. Qızı həbsxanada onun səhhətinin sürətlə pisləşdiyini deyib.

Tərəfdarları akademikin həbsinin arxasında onun siyasi müxalifətdəki rolunu, korrupsiya araşdırmalarını göstərirlər. İbadoğlu bir məqaləsində Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə qaz sazişini şübhə altına almışdı. Onun yazdığına görə, Azərbaycanın Rusiya qazına alternativ təşkil etməsi real deyil. O yazırdı ki, Azərbaycan sonucda Rusiya qazını yenidən Avropaya sata bilər.

Söhbət 2022-ci ilin yayında Aİ ilə imzalanmış qaz sazişindən gedir. Kontraktda 2027-ci iləcən Avropaya göndərilən Azərbaycan qazının həcminin 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

Ancaq Oksford Enerji Araşdırmaları İnstitutunun ştatdankənar aparıcı əməkdaşı Gülmirə Rzayeva FT-yə deyib ki, Azərbaycanda qaza daxili tələbat o qədər böyüməyib ki, ölkənin ixrac planlarına zərbə vursun.

Korrupsiyadan danışan peşəkar iqtisadçı

"JS Held Consultancy" şirkətinin siyasi risk üzrə bölməsinin rəhbəri Liviya Paci (Livia Paggi) Q.İbadoğlunun peşəkar iqtisadçı olmasına diqqət çəkir: "O, büdcə sənədlərini oxuya bilir, şəffaflıq, hökumətin hesabatlılığı məsələlərini qaldırır".

Qəzet Azərbaycan hökumətindən və Aİ komissiyasından şərh ala bilməyib.

Avropa Parlamenti sentyabrda İbadoğlunun həbsini pisləyib.

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın İbadoğlunun mütəmadi tibbi müayinə ilə təmin etməli olması haqda qərar çıxarıb. Bayramova isə deyib ki, "məhkəmənin qərarı yerinə yetirilməsə, azından xəstəxanaya yerləşdirilməsə, atam öləcək".

Noyabrın 3-də Q.İbadoğlunun ev dustaqlığına buraxılmaması ilə bağlı məhkəmə qərarından şikayət də təmin olunmayıb. İqtisadçının vəkili onun səhhətinin durmadan pisləşdiyini açıqlayıb.

Azərbaycan hakimiyyəti ölkədə siyasi motivli həbslərin olmadığını, fərdlərin konkret cinayətlərə görə cəzalandırıldığını deyir. Ancaq Azərbaycan dünyanın nüfuzlu insan haqları təşkilatlarının reytinqlərində aşağı yerlərdə qərarlaşır, məhkəmələrin müstəqil olmadığı bildirilir.

XS
SM
MD
LG